Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun bir hissəsi yenidən qurulur

Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun bir hissəsi yenidən qurulur
11:19 26 Oktyabr 2016
17 Digər
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun daha bir hissəsinin tikintisi yekunlaşmaq üzrədir. Lent.az “Azəraavtoyol”a istinadən xəbər verir ki, ötən əsrin 70-ci illərində salınan və istismar müddəti bitmiş olan avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır.

 

37.1 km uzunluğunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun 28.3 km-lik hissəsində tikinti işləri artıq bir müddətdir ki, yekunlaşdırılıb. Hazırda yolun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndləri arasında olan 8.8 km-lik hissəsində layihəyə uyğun olaraq işlər davam etdirilir.

 

Avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 3.5 metr enində 2 hərəkət zolağından ibarət olan yolun hərəkət hissəsinin eni 7 metr, 0.5 metr bərkidici zolaq da daxil hər bir istiqamət üzrə çiyinlərin eni 2.5 metr təşkil edir. Ümumilikdə yol yatağının eni 12 m-dir.

          

Layihəyə uyğun olaraq sözügedən 8.8 km-lik hissədə zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, yerinə karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra qum-çınqıl və  optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə yolun 8.8 km-lik hissəsinə 61 min m2  asfalt-beton örtük döşənəcək.

 

Tikinti işləri çərçivəsində yolun 37-ci km-də, Qaraçay üzərindəki avtomobil körpüsü təmir edilir. 1 aşırımlı körpünün uzunluğu 12 m-dir. Bundan başqa mövcud su keçidi və su borusunun bərpası və yenilərinin tikintisi işləri də aparılır. İşlər bitdikdən sonra yol nişanlarının quraşdırılması, həmçinin yolun xətlənməsi işləri aparılacaq.

 

Qeyd edək ki, Goranboy-Yuxarı Ağcakənd avtomobil yolu 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirməklə böyük əhəmiyyətə malikdir. Belə ki, yolun inşası sözügedən ərazidə turizm potensialını artıracaq, vətəndaşların yetişdirdikləri məhsullarının rahat və qısa müddət ərzində rayon mərkəzinə daşımasına imkan yaranacaq.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR