Həkim: ''Mədə xərçəngi vaxtında aşkarlanarsa..."

Həkim: ''Mədə xərçəngi vaxtında aşkarlanarsa..."
14:22 26 Oktyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

"Milli Onkologiya Mərkəzində il ərzində 200-ə yaxın mədə əməliyyatı icra edilir".

Milli.Az bildirir ki, bunu report-a açıqlamasında Milli Onkologiya Mərkəzinin Abdominal Onkologiya şöbəsinin aparıcı elmi işçisi Azər Əliyev deyib.

Onun sözlərinə görə, son dövrlərdə bütün ölkələrdə mədə xərçəngi xəstəliyinin azalması müşahidə olunur. A.Əliyev vurğulayıb ki, Azərbaycanda bu xəstəliklə bağlı statistik göstəricilər isə sabitdir, mədə xərçəngindən əziyyət çəkən xəstələrin sayı azalmasa da, artım da qeydə alınmayıb: "Belə xəstələrin sayında ciddi artım hiss olunmur, amma xəstəlik cavanlaşıb. Hazırda xəstəxanada mədə xərçəngindən əziyyət çəkən 22-27 yaşında qadınlar müalicə olunur. Bunun səbəbi orqanizmdə və genotipdə mutasiyaların getməsidir. Bəlkə də həmin insanlar 40-50 yaşında bu xəstəliyə tutulmalıdır, amma genetik dəyişikliklər səbəbindən xəstəlik tez oyanır".

Mədə xərçənginin yaranma səbəblərindən danışan həkim bildirib ki, əsas səbəb qidalanma rejiminin pozulmasıdır: "Xəstəliyin yaranma səbəbləri arasında ayaqüstü qəbul edilən qidaları, müxtəlif içkiləri, o cümlədən enerji içkilərini, mənbəyi məlum olmayan qazlaşdırılmış suları və s. göstərmək olar. Eyni zamanda, çox acılı, ədviyyatlı qidalardan istifadə edən, yeməyi, çayı, suyu qaynar qəbul edən, spirtli içkiləri normadan artıq içən insanlarda bu xəstəliyin olma riski daha çoxdur".

A.Əliyev qeyd edib ki, Azərbaycanda mədə xərçəngi ilə mübarizəylə bağlı konkret klinik proqram yoxdur: "Əgər şəxsin ailəsində, qohumlarında mədə xərçəngi olubsa, müəyyən yaşdan sonra müayinə olunmaları vacibdir. Hazırda Milli Onkologiya Mərkəzində avadanlıqlar yüksək səviyyədədir və müayinələrin aparılmasında heç bir çətinlik olmur. Müayinə üçün pasient 5-10 dəqiqə yatızdırılır və tam rahat şəkildə müayinə edilir. Xəstəliyin ikin mərhələdə aşkarlanması mümkündür. Əgər mədə xərçəngi ilkin mərhələdə müəyyən olunarsa qarşısının alınması mümkündür. Bu zaman selikli qişanın rezeksiyası (müəyyən qisminin kəsilməsi, daralması) aparılır və xəstə nəzarət altında saxlanılır. Xəstəlik ilkin mərhələlərdə tapılanda müalicəsi müsbət effekt verir. Xəstəlik mədə girəcəyində olanda qida bürosuna keçəndə, artıq total xərçəngə çevrilir".

Onun sözlərinə görə, bəzi insanlar xəstəliyə tutulandan xeyli müddət sonra həkimə müraciət edirlər və onları əməliyyat etmək mümkün olmur: "İl ərzində həkimlər 50-yə yaxın xəstənin əməliyyatından imtina edir".

Həkim bildirib ki, bu xəstəlikdə kimyaterapiya nadir hallarda yaxşı effekt verir: "Amma bu da müvəqqətidir. Təəssüf ki, kimyaterapiyanın mədə xərçəngi üçün effekti hazırda çox azdır. Bu xəstəliyin müalicəsi sahəsində əldə olunan müsbət nəticələr yalnız Azərbaycanda deyil, dünyanın bütün ölkələrində aşağı səviyyədədir. Hazırda bütün dünyada bu istiqamətdə elmi araşdırmalar davam etdirilir".

A.Əliyev qeyd edib ki, mədə xərçəngi xəstəliyi aşkarlanan zaman müxtəlif kombinə edilmiş (qarışıq) müalicə metodlarında istifadə edilir: "Milli Onkologiya Mərkəzinin Abdominal Onkologiya şöbəsinin nəticələri dünya standartlarının nəticələrindən pis deyil. Belə ki, bizim şöbədə müalicə olunan xəstələrin 5 il yaşaması 40-42 faizdən yuxarıdır. Əlbəttə, xəstəlik ilkin mərhələdə aşkarlanarsa, bu göstərici 70 faizi də keçə bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR