Elxan Abdullayev “Neftçi”ni böhrandan çıxarası adam deyil - İCTİMAİ RƏY

Elxan Abdullayev “Neftçi”ni böhrandan çıxarası adam deyil - İCTİMAİ RƏY
17:33 26 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin düşdüyü vəziyyət təkcə azarkeşləri yox, elə bütün futbol ictimaiyyətini narahat edir. Klub rəhbərliyi vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəliff yollara baş vursa da, hələ ki, durğunluq bitməyib. Az qala hər tur “Ağ-qaralar”ın ifasında hansısa antirekordun yeniləndiyini oxuyuruq.

Cari mövsümdə 9 tur geridə qalıb. Hardadır “Neftçi”? Turnir cədvəlinin 7-ci pilləsində. Təsəvvür edin ki, 18 komandalı çempionat olsaydı, 17-ci yerdə olacaqdı “Neftçi”. Baş məşqçi dəyişikliyi də komandanın dərdinə əlac olmadı. Elxan Abdullayev 5 turda cəmi 1 qələbə qazanıb. Mövsümə Vəli Qasımovun rəhbərliyi altında başlayan “Neftçi” ilk 4 turda da 1 qələbə qazanmışdı. Yəni dəyişən bir şey yoxdur. Əvəzində saysız-hesabsız tənqidlər və ictimai qınaq var. Çoxları düşünür ki, indiki məqamda Elxan Abdullayev həm millidə məşqçi, həm də “Neftçi”də baş məşqçi kimi işləməməlidir. Başqa sözlə, bir işin qulpundan yapışmalıdır. Xalqın komandasını bataqlıqdan çıxartmaq üçün bütün diqqətini bir nöqtəyə yönəltməlidir. Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə səfər oyununda Abdullayevin komandanı atıb milliylə getməsi də birmənalı qarşılanmadı.

Dünən “Qarabağ”la oyundan sonrakı mətbuat komfransında yenə bu məsələyə toxunuldu. Baş məşqçiyə sual verildi ki, “Dünya praktikasında milli və klubda eyni vaxtda uğurla işləyən mütəxəssis tanıyırsınız?”

Elxan Abdullayevin cavabı: “Valeri Lobanovski nümunəsi. Elə Aleksandr Starkov da müsbət nəticələrlə yadda qalıb. İndi “Neftçi” quyudadır. Bu quyudan çıxmaq lazımdır. “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 6-cı ilində çempion oldu. Zamana ehtiyac var. Uşaq da anadan olanda ət yemir, süd içir”.

Sizcə bu cavabdan nə məlum olur? Elxan Abdullayev üzünü Lobanovskiylə müqayisə etmək fikirinə düşüb, yoxsa sözgəlişi bu ifadəni işlədib? İlk baxışdan məna aydındır. Yəni o, bunu bacarıbsa, mən də bacara bilərəm. Sadəcə vaxt verin. Ancaq bir baş məşqçi kimi E.Abdullayevin Azərbaycan futbolundakı çəkisi nə qədərdir? O, Valeri Lobanovskinin futbola verdiyi töhfənin nə qədərini bizim futbola verib? Elxan bəy bununla nə demək istəyib? Görək “Neftçi”nin baş məşqçisinin bu fikrinə idman mediası necə reaksiya verib.

Publika.az bu mövzuyla bağlı apardığı sorğunu təqdim edir.

Ceyhun Əliyev (futbolinfo.az)

Düşünmürəm ki, Abdullayev özünü Lobanovskiyə tay eləsin. Əksinə, o, "Neftçi" - "Qarabağ" oyununa həsr olunmuş mətbuat konfransına gəldiyi halda, fərqli istiqamətdə sualları cavablandırmalı oldu. Başqa sözlə, buna psixoloji cəhətdən hazır deyildi. Anındaca Lobanovski nümunəsini xatırlaya bilməsi belə, müsbət faktor kimi dəyərləndirilməlidir. O ki qaldı özünü bənzətməsinə, düşünürəm ki, Abdullayevin bu cür seytnotda özünü kiminləsə müqayisə etmək eşqinə düşməsi mümkünsüzdür. Çünki bunu "icad" etməyə heç vaxtı da yox idi. "Nə demək istəyirdi"yə gəlincə, zənnimcə, demək istədiyini dilə də gətirdi. Verilən suala ağlına gələn ilk iki mütəxəssisin adını çəkib cavab verdi. Başqa sözlə, bu cavablarda "aysberq" axtarmağı mənasız sayıram.

Rəşad Ergün (komanda.az)

Hesab etmirəm ki, Elxan Abdullayev özünü Lobanovskiylə müqayisə etmək fikrində olsun. Abdullayev belə zarafat etməz. Sadəcə, ona verilən sualın cavabı belə alınıb. Yəqin müqayisə üçün ağlına başqa variantlar gəlməyib. Abdullayev heç mərhum atası Ruslan Abdullayevlə müqayisə olunmayacaq səviyyədə mütəxəssisdir və yəqin bunu özü də bilir.

Saleh Arslan (korner.az)

Elxan Abdullayevin həm bu, həm də “Neftçi” baş məşqçi üçün AFFA-ya müraciət etmişdi, ordan da məni göndərdilər, mən də "fəhlə"yəm, gəldim" açıqlaması ilə tanışam. Mən sorğunuzdakı açıqlamaya münasibətdən əvvəl məhz qeyd etdiyim məqama toxunmaq istəyirəm. Əvvəla, özünü müstəqil klub, müstəqil şəxs adlandıran tərəf heç vaxt bu kimi vacib məsələləri başqasının - hətta bu, federasiya olsa belə - diqtəsi ilə həll etməz. İkincisi, Elxan Abdullayevin öz gəlişinə "fəhləlik" qiyafəsi geyindirməsi, yumşaq yanaşmadır. "Mən "fəhləyəm", dedilər, gəldim" - demək o anlama gəlir ki, könüllü olmayıb gəlişi, AFFA-dan deyiblər, o da gəlib. Və könülsüz olmayıbsa gəlişi, bunun adı fəhləlik deyil, başqa şeydir...

İndi gələk, sizin sorğunuzdakı açıqlamaya. Elxan bəy özünü Lobanovskiyə hansı mənəvi haqla tay tutur, anlamıram. Yaxşı, işin mənəvi tərəfini qoyduq bir kənara, özü bilər, vicdanı bilər. Adam faktları bilə-bilə saxtalaşdırır: Lobanovski paralel olaraq, klub çalışdıranda millidə baş məşqçi idi, köməkçi deyildi. Görəsən, Abdullayev bilirmi ki, Lobanovski onun yaşına çatanda keçmiş ittifaq çərçivəsində qazanmadığı titul qalmamışdı? Bilirmi ki, Lobanovskinin 46 yaşı olanda bütün SSRİ-də onun başına and içirdilər? Bilirmi ki, 49 yaşında adam SSRİ millisi ilə Avropa çempionatının gümüş medalını qazanmışdı? Bilir, əminəm ki, bilir! Və bilə-bilə saxtakarlıq edir.

Mahir Rüstəmli (Futbol+)

Əvvəla, müqayisə kökündən yanlışdır. Valeri Lobanovski SSRİ çempionatında hər nə qədər parlaq nəticələrə nail olsa da, Avropa və dünya çempionatlarında axsadı, AÇ-88-in finalına çıxmaqdan başqa nəyi bacardı ki?! Yəni mən Lobanovskinin rəhbərlik etdiyi SSRİ yığmasının hansısa parlaq nəticələr göstərdiyini düşünmürəm. İkincisi, indi XX əsrin 70-80-ci illəri deyil. Futbol məzmunca o qədər çox dəyişib ki, daim komandanın yanında olmaq, çox pul qazanan futbolçulara varlığını hiss etdirmək lazımdır. Mənə elə gəlir ki, Elxan Abdullayevdə "Neftçi"ni dediyi quyudan çıxarmaq üçün zəruri olan xarizma, məşqçi keyfiyyətləri yoxdur. Lap yığmadan uzaqlaşıb, ancaq klubda çalışsa da, bakılıları böhrandan çıxarası adam deyil. Adam, sadəcə, hansısa mücərrəd mülahizələrə söykənərək vaxt istəyir. Vaxt isə gözləmir - klub 80 yaşını qeyd etməyə hazırlaşır...

Elşən Məmmədov (report.az)

Vaxtilə Əhməd Ələsgərov həm yığma, həm də "Neftçi"də baş məşqçi kimi çalışıb. Həm o, həm də Valeri Lobanovski ilə Aleksandr Starkovun dövründə baş məşqçi olduqları klublar yığmanın bazası rolunu oynayıb. Amma "Neftçi"dən əsas milliyə cəmi 2 futbolçu çağırıldığı halda, Abdullayevin bir əldə iki qarpız tutmağa cəhdi uğurlu alınmayacaq. Yəqin o, "Gənc mütəxəssisəm, uğurlarım hələ irəlidədir. Vaxt versələr, mənə inansalar, kobud desək, qovmasalar, gec-tez nəticə verəcəyəm" deyə düşünür. Amma bunun üçün ilk növbədə, komanda daxilində sağlam mühit yaratmaq lazımdır. Məncə, Abdullayev özündən əvvəl “əlcək kimi” dəyişdirilən həmkarları kimi "Neftçi"də çox qalmayacağını anlayır. Buna görə yığmadan getmək istəmir. Həm yığma, həm də klubda Qurban Qurbanov çalışa bilərdi. Çünki yığmada "Qarabağ"ın xeyli futbolçusu çıxış edir. Amma göründüyü kimi, Qurbanov elə niyyətdə deyil. Məncə, Abdullayevdə də iki komandada işləmə niyyəti nə effekt verəcək, nə də ona bu imkan veriləcək.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR