Bakı. 26 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları Mosulun iki rayonunda ən azı 232 nəfəri edam ediblər.
"Report" xəbər verir ki, bu barədə yerli deputat, İraq Parlamentinin İnsan Haqları Komitəsinin rəhbəri Əbdül Rəhim əş-Şəmri məlumat verib.
"İŞİD terrorçuları Neynəva əyalətində vəhşiliklər törədirlər, onlar Hammam-əl-Əlil rayonunda Mosulun müxtəlif ərazilərində əsir götürdükləri 190 nəfəri edam ediblər", — deyə "Sputnik" Əş-Şəmrinin mətbuat xidmətinin bəyanatını sitat gətirir.
Deputatın məlumatına görə, daha 42 nəfər Əl-Aric kəndində İŞİD ilə əməkdaşlıqdan imtina etdiyinə görə öldürülüb.