Sədəqəni aşkar verək, yoxsa gizlin?

Sədəqəni aşkar verək, yoxsa gizlin?
08:37 27 Oktyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir nəfər küçədən keçən bir yoxsula bir neçə qoz verir və deyir: "Bunları sındır ye və mənim üçün dua et". Həmin yoxsul şəxs qozları sındırıb yeyir, ancaq dua etmir. Həmin şəxs deyir: "Qozu yeyirsən, nuş olsun. Ancaq mən dua səsi eşitmirəm?". Həmin yoxsul şəxs deyir: "Əmin ol ki, əgər Allah yolunda vermisənsə, Allah bu qozların sınma səsini eşitmişdir".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ehsan və yaxşı iş görmək insana xüsusi ruhi rahatlığı və ləzzət bəxş edər. Quranın nəzərinə görə, ehsan etmək o qədər əhəmiyyətli bir mövzudur ki, böyük dəyərə malikdir.
Allah yolunda edilən ehsan Allahla edilən faydalı ticarətdir.
"Şübhəsiz, Allahın kitabını daim oxuyan və namaz qılan, ruzi olaraq onlara verdiklərimizdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər, əsla kasadlığı və ziyanı olmayan bir ticarətə ümidvardırlar ki, Allah onların mükafatlarını mükəmməl şəkildə əta etsin və Öz lütfündən onlar(ın mükafatların)ı artırsın. Çünki, O, çox bağışlayan, (qədir bilən) və təşəkkür (şükür) edəndir". ("Fatir" 29-30).
İmam Əli (ə) buyurur: "O kəs ki, qısa əli ilə bağışlayar, uzun əli ilə mükafatını alar".
Ona görə də xeyir yolunda hər nə qədər bağışlasaq, hətta əgər az olsa belə, Allah Təala Öz fəzli ilə onu artırar və bizə bir neçə bərabər mükafat verər. Ona görə də bacardığımız qədər Allahla ən yaxşı malımızla ticarət edək ki, mənfəətimiz də çox olsun.
İmam Əli (ə) bu hadqa buyurur: "O zaman ki, əliniz boşaldı, sədəqə verərək Allahla ticarət edin".
Həzrət Əli (ə) yenə buyurur: "Ruzini sədəqə verərək yerə endirin".
Əlbəttə, ehsan edən zaman bəzi məsələlərə riayət olunmalıdır ki, Allah tərəfindən qəbul olunsun. İlk edilə biləcək şey - onu Allah rizası üçün yerinə yetirməkdir. Əgər insanın etiqad məsələlərində çətinliyi vardır və ya İlahi vacibatları yerinə yetirməkdə səhlənkarlıq edir və halal olmayan yerdən qazanc əldə edirsə, bu cür insanın ehsan etməsi Allah tərəfindən qəbul olunmaz.
Allah Təala bu barədə belə buyurur: "De: "(İstədiyiniz kimi-) istər rəğbətlə, istərsə də ikrahla xərcləyin, sizdən əsla qəbul olunmayacaqdır. Çünki siz itaətsiz bir dəstəsiniz". Onların sədəqələrinin qəbul olunmasına Allaha və Onun Peyğəmbərinə kafir olmalarından başqa bir şey mane olmadı. Onlar namazı yalnız tənbəlcəsinə qılarlar və yalnız narazılıqla sədəqə verərlər". ("Tövbə" 53-54).
Ehsanın gilzi şəkildə edilməsi daha yaxşıdır.
Ehsanın aşkar şəkildə edilməsi insanları bu işə həvəsləndirər və təşviq edər. Lakin bəzən bu əməl riyaya səbəb olur və insanlar onu bu əməlinə görə təriflədiyi üçün həmin şəxsdə riya nişanələri görünər.
Ancaq o zaman ki, insan bu işi gizli yerinə yetirər, riyadan və özünü nümayiş etdirməkdən uzaq olar. Bu əməlin ixlası daha çox olar.
"Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır". ("Bəqərə" 271).
İmam Sadiq (ə) buyurur: "Vacib zəkatı aşkar şəkildə malınızdan xaric edin və aşkar şəkildə infaq edin. Ancaq müstəhəb infaqlar əgər gizli olarsa, daha yaxşıdır".
İmamın (ə) bu nurani kəlamından belə nəticə çıxartmaq olar ki, zəkat və xüms kimi vacib infaqlar gərək aşkarda yerinə yetirilsin ki, insanlar da onun vacibatlarını yerinə yetirdiyinə şahid olsunlar. Lakin müstəhəb infaqlar olan sədəqə və ehsanlar gizli yerinə yetirilərsə, daha yaxşı olar və savabı da çox olar.
Beləliklə, deyə bilərik ki, əgər kiməsə hansısa bir işdə yardım etsək və o, bizə təşəkkür etməsə də, niyyətimiz Allah üçün olduğuna görə əmin olmalıyıq ki, Allah etdiklərimizi görür və bu yaxşı əməlimizin nəticəsini mütləq bizə verəcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR