Azərbaycanda normadan artıq yüklənən maşınlara qarşı mübarizə gücləndirilib

Azərbaycanda normadan artıq yüklənən maşınlara qarşı mübarizə gücləndirilib
10:37 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Azəravtoyol” ASC Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) ilə birlikdə, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri arasında icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozanlara qarşı mübarizəyə başlayıb. Bu barədə "Report"a "Azəravtoyol"dan bildirilib. 
Məlumata görə, bu ilin oktyabr ayından başlanılan yoxlama tədbirlərinin son 10 günü ərzində 200-ə yaxın yük maşını sürücüsünə DYP əməkdaşları tərəfindən protokol tərtib edilib, 200-dən artıq avtonəqliyyat vasitələrinin sahibinə isə bununla bağlı xəbərdarlıq edilib.
DYP əməkdaşları tərəfindən protokollar “Avtomobil yolları haqqında”Qanunun 34-1 və İnzibati Xətalar məcəlləsinin 353-cü maddələrinin pozulmasına görə tərtib edilir, normadan artıq yüklərin boşadılması istiqamətində addımlar atılır. Yalnız bundan sonra yük maşınlarının hərəkətlərinə davam etmələrinə icazə verilir.
Tələblərin pozulması halları “Azəravtoyol”un M-1 Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 67-ci və 84-cü, həmçinin M-2 Baki-Ələt-Gazax-Gürcustan dövlət sərhədi avtomobil yolunun 46-cı və 244-cü km-də fəaliyyət göstərən Tərəzi Nəzarət Məntəqələrində öncədən görən elektron avtomobil tərəziləri vasitəsi ilə aşkarlanır.
İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozan şəxslər, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri barədə məlumatların, habelə həmin nəqliyyat vasitələrinin foto, yaxud video görüntülərinin, inzibati xəta haqqında elektron protokolun tərtib edilməsi məqsədi ilə, real vaxt rejimində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsi üçün yol örtüyünün altında yerləşdirilən ASC-nin texniki vasitələr (elektron tərəzilər) həmin informasiya sisteminə inteqrasiya olunub. Bu səbəbdən tələbləri pozan və DYP əməkdaşının saxla əmrinə tabe olmayan sürücülərə qarşı onlayn rejimdə elektron protokol tərtib edilir və aidiyyatı üzrə qeydiyyat ünvanlarına göndərilməsi təmin olunur.
Qeyd edək ki, normadan artıq yüklənən maşınlar avtomobil yollarına və körpülərə ziyan vurmaqla yanaşı, digər hərəkət iştirakçıları üçün də təhlükə mənbəyidir. Aparılan yoxlamalar müsbət nəticəsini verib. Belə ki, mütəmadi aparılan yoxlamalar və tətbiq edilən cərimələr nəticəsində ilk günlərdən fərqli olaraq tələbləri pozanların sayı kifayət qədər azalıb.







Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycanda-normadan-artiq-yuklenen-masinlara-qarsi-mubarize-guclendirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR