Erkan Özoral: "Cümhuriyyət bayramı həm Türkiyənin, həm də Azərbaycanın bayramıdır"

Erkan Özoral: "Cümhuriyyət bayramı həm Türkiyənin, həm də Azərbaycanın bayramıdır"
12:22 27 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Cümhuriyyət bayramı həm Türkiyənin, həm də Azərbaycanın bayramıdır.

Milli.Az bildirir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral 29 oktyabr - Cümhuriyyət bayramı münasibətilə Trend-ə müsahibəsində deyib.

Səfir qeyd edib ki, Azərbaycanda yeni vəzifəyə başlaması çox özəl bir vaxta təsadüf etdi: "Belə ki, oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdik. Azərbaycanda bundan əvvəl də - 2005-2009-cu illərdə çalışmışdım. O zamanlar Azərbaycanın inkişaf səviyyəsini görürdüm. Lakin ötən 7 ildən sonra Azərbaycanın daha da inkişaf etdiyinə şahid oldum. Azərbaycan 25 ildə müstəqillik yolunda, müstəqilliyin möhkəmləndirilməsi məsələsində çox böyük addımlar atıb. Mən hər şeydən əvvəl Azərbaycan xalqını, hər birimizi müstəqilliyin bərpasının 25-ci ildönümü münasibətilə təbrik edirəm".

Diplomat bildirib ki, bu yaxınlarda Türkiyə Cümhuriyyətinin 93-cü ildönümü qeyd ediləcək: "29 oktyabrda Cümhuriyyətimiz 93 yaşına qədəm qoyacaq. Azərbaycanın Müstəqillik Günü hamımızın bayramı olduğu kimi, Cümhuriyyət bayramı da həm Türkiyənin, həm Azərbaycanın bayramıdır".

E.Özoral bu il bir qədər gərgin olduqlarını deyib: "Türkiyə olaraq çox böyük bir təhlükəni geridə buraxdıq. Millətimizin ayıq-sayıqlığı, cənab prezidentimizin cəsarəti və türk millətinin prezidentin arxasında tək yumruq kimi dayanması sayəsində həqiqətən də çox böyük bir təhlükəni adladıq. Cümhuriyyət tarixi boyunca, hətta, demək olar, dünya tarixi boyunca görünməmiş dərəcədə böyük bir xəyanətlə qarşılaşdıq. İllərdən bəri dövləti ələ keçirmək üçün din pərdəsi altında fəaliyyət göstərən, insanların yaxşı niyyət və duyğularından sui-istifadə edən bir terror təşkilatı 15 iyun 2016-cı il tarixində, daha əvvəl müxtəlif yollarla həyata keçirə bilmədiyi məqsədinə çatmaq üçün bu dəfə uniformalı terrorçuların əli ilə dövlət çevrilişinə cəhd etdi. Bu, əlbəttə ki, türk millətinin qəbul edə biləcəyi bir durum deyildi. 15 iyun günü xalqımız bu xəyanətə qarşı küçələrə çıxaraq, cənab prezidentimizin təlimatı ilə qiyamçılara lazımi dərs verdi".

Səfir əmin olduğunu bildirib ki, bu yaşananlardan sadəcə Türkiyə deyil, bütün dünya da lazımi nəticə çıxarır: "Hələ bəziləri bu istiqamətdə cəhdlərindən vaz keçməsə də, buna təkrar cəhd etməyi düşünsə də, artıq kiminsə rahat şəkildə belə şeylərə cəsarəti çatmayacağından əminəm. Mən Azərbaycan hökumətinin, Azərbaycan xalqının bu müddətdə Türkiyə Cümhuriyyətinə verdiyi dəstək üçün başda cənab prezident İlham Əliyev olmaqla, hər bir Azərbaycan vətəndaşına dönə-dönə təşəkkür etməyi özümə bir borc bilirəm".

Diplomat əlavə edib ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra keçirilən aksiyalarda, nümayişlərdə Azərbaycan bayrağı ilə Türkiyə bayrağı hər zaman yan-yana oldu: "Ay-ulduzlu iki bayraq bütün bu aksiyalarda, tədbirlərdə bərabər oldu. Təbii ki, bu bizim bir-birimizə nə qədər yaxın iki dövlət olduğumuzu, bir millət olduğumuzu açıq şəkildə göstərir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/483655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR