Sel suları Göyçay çayının yatağını genişləndirib, fəsadlar yaranıb - FOTO

Sel suları Göyçay çayının yatağını genişləndirib, fəsadlar yaranıb - FOTO
12:47 27 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər yağan güclü yağışlar nəticəsində dağlardan gələn sel suları Göyçay çayında suyun xeyli artmasına səbəb olub.

Milli.Az APA-ya istinadən bildirir ki, sel suları Göyçay çayının yatağının genişlənməsinə, sahildəki əkin üçün yararlı torpaqların yuyularaq yarğana çevrilməsinə, eləcə də Bakı-Şamaxı-Yevlax yolunda, Göyçay çayı üzərindəki avtomobil körpüsünün dəmir-beton dayaqlarının kənarındakı torpaq qatının tədricən sel suları tərəfindən yuyulmasına səbəb olub.  
 
Rayon sakinləri çayda suyun artmasının onlara məxsus meyvə bağlarında və digər əkin sahələrində olan torpaq qatını yumaqla böyük uçqunlar törətdiyini, çay yatağının genişlənərək həyətyanı sahələri basdığını bildiriblər.
Sakinlərin sözlərinə görə, əvvəllər müəyyən yerlərdə çayın eni 50-60 metr idisə indi bu ərazi sel sularının dağıdıcı təsiri nəticəsində genişlənərək 1 və 1.5 kilometr məsafəni əhatə edir. Sakinlər deyib ki, əgər çay kənarlarında bəndvurma işləri aparılmasa, Göyçay çayı tədricən yaxın ərazidə olan evlərə də təhlükə yaradacaq. Artıq bir neçə şəxsin həyətyanı sahəsini sel suları basıb və torpaqlar yarasız hala düşüb.
 
Göyçay Suvarma Sistemləri İdarəsinin əməkdaşı Lətif Əliyevin sözlərinə görə, sakinləri narahat edən bu məsələdən xəbərdardırlar, problemin həlli üçün işlərə başlanılıb.
 
Qeyd edək ki, Göyçay çayının sağ sahilindəki Potu, Ulaşlışıxlı, Çərəkə kəndlərinin, sol sahilindəki Cəyirli, Qızılağac, Şəkili və Kürdşaban kəndlərinin sakinləri tez-tez çayın gətirdiyi sel sularının törətdiyi fəsadlardan əziyyət çəkirlər.
 
Tədricən meyvə ağacları və əkin sahələri olan ərazilər sel suları tərəfindən yuyularaq çay yatağına çevrilir.
 
Göyçay çayı başlanğıcını Böyük Qafqazın cənub yamacından alır, Qəbələ, İsmayıllı, Göyçay və Ucar rayonları ərazisindən keçərək Kürə qovuşur.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR