“Qanlı Göl” ərazisində 2 min sosial mənzil tikiləcək

“Qanlı Göl” ərazisində 2 min sosial mənzil tikiləcək
14:09 27 Oktyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda “Qanlı Göl” adlanan ərazidə yeni istirahət sağlamlıq mərkəzi və çoxmənzilli binalar inşa olunacaq.

 

Bunu APA-ya Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini, Köçürmə üzrə işçi komissiyanın sədri Səməd İslamov bildirib.

 

S. İslamov deyib ki, ümumilikdə “Qanlı Göl” ərazisi 219 hektar təşkil edir. “Qanlı Göl” ün cənub və cənub - qərb hissəsindəki ərazidə  hələ 1996-cı ildə məcburi  köçkün  ailələri  məskunlaşıb. 2014- cü ilin sonlarında  Qaçqınların və  Məcburi  Köçkünlərin  İşləri üzrə Dövlət Komitəsi  və Yasamal rayon İcra Hakimiyyəti  tərəfindən  Badamdar istiqamətində olan ərazidə məskunlaşmış 300-ə  yaxın  məcburi köçkün ailələrinin  köçürülməsi təmin edilib. Bu ailələrin hamısı şəhərin müxtəlif yerlərində rahat şəraitli mənzillərlə tam təmin olunub: “Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar qeyd edilən ərazi də daxil olmaqla gələcəkdə burada yeni istirahət sağlamlıq kompleksi inşa olunacaq, möhtəşəm park salınacaq. İnsanların sağlamlığını qorumaq, həmçinin, ətraf mühitin mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını  və  gələcəkdə  ondan səmərəli istifadə olunmasını təmin etmək, qorunub saxlanılmasına nəzarəti həyata keçirmək məqsədilə  yeni, müasir standartalara uyğun salınacaq istirahət sağlamlıq kompleksi respublikamızda aparılan yenidənqurma işlərinin əhəmiyyətli layihələrindən biri olacaq. Layihə Avropanın tanınmış  memarları tərəfindən hazırlanıb. “Qanlı Göl” adlanan ərazinin digər, şimal və şimal- qərb hissəsində, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən ərazi isə vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən güzəştli mənzillərin inşası üçün seçilib. Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin yerləşəcəyi ərazinin sahəsi 11,6 hektardır”.

 

S. İslamov qeyd edib ki, ilkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək: “Şəhərin ekoloji cəhətdən təmiz, sağlam və əlverişli hissəsində yerləşən ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonasının olması isə onun ekoloji durumunu daha da yaxşılaşdırır. İnsanların çox vaxt itirmədən iş yerlərinə çatması məqsədilə yeni şəhərciyin nəqliyyat sisteminin paytaxtın mövcud nəqliyyat şəbəkəsi ilə inteqrasiyası təmin ediləcək. Şəhərcikdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün hər cür şəraitin yaradılması, normalara uyğun olaraq həyətlərin, yaşıllıq zolaqlarının, uşaq meydançalarının, vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək üçün məktəb, uşaq bağçası, məişət və xidmət obyektləri, həmçinin digər müvafiq sosial infrastrukturun yaradılması nəzərdə tutulur”.

 

S. İslamov nəzərə çatdırıb ki, “Qanlı Göl” adlanan ərazinin şimal və şimal-qərb hissəsində yerləşən 11,6 hektar ərazidə hal-hazırki zamanda MİDA tərəfindən inşa olunacaq çoxmənzilli binaların tikintisinə  heç bir maneə yoxdur. Hazırki  vəziyyətdə orada hər hansı bir  yaşayış sahələrinin söküntüsünə  ehtiyac yoxdur: “Lakin gələcəkdə növbəti  mərhələlərdə  layihənin daha geniş ərazidə tətbiqi üçün zərurət yarandıqda bu sahələrin də boşaldılması təmin ediləcək. Ərazidə yerləşən  yaşayış  evlərinin  söküntüsü zamanı uzun illər həmin evlərdə yaşadıqlarını nəzərə alaraq,  sənədsiz evlər də daxil olmaqla sahəsinə görə mənzil sahiblərinə dövlət tərəfindən kompensasiyalar ödəniləcək. Ancaq, həmin ərazidə yaşayan hər bir vətəndaş bunu bilməlidir ki,  təsərrüfat məqsədilə qanunsuz olaraq zəbt olunmuş və çəpərlənmiş torpaq sahələrinə görə heç bir kompensasiya ödənilməyəcək”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR