"Kitayski" "İsgəndər"lər satışa çıxarılır: Azərbaycan maraq göstərəcəkmi?.. - FOTO

"Kitayski" "İsgəndər"lər satışa çıxarılır: Azərbaycan maraq göstərəcəkmi?.. - FOTO
14:22 27 Oktyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Çin bu ölkədə keçiriləcək "Airshow China-2016" hərbi sənaye sərgisində Rusiyanın "İsgəndər" operativ-taktiki raketlərinin analoqunu ilk dəfə nümayiş etdirəcək və potensial müştərilərə təklif edəcək.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, söhbət yeni M-20 operativ-taktiki raket kompleksinin ixrac variantından gedir.

Özünün taktiki-texniki göstəricilərinə, hətta xarici görkəminə görə bu raketlər "İsgəndər"ləri xatırladır. Belə ki, kompleks iki taktiki raketlə təchiz olunub, raketlər 280 kilometr mənzillidir, mənzilin 400 kilometrə qədər artırılması imkanı var. Fərq ancaq ondadır ki, Çin kompleksinin raketləri fərdi nəqliyyat-buraxılış konteynerlərindədir.

Raketin özünün texniki xarakteristikası hələlik sirr saxlanılır, ola bilsin, bu halda Çjuxaedə keçiriləcək sərgidə məlumat verəcəklər.

Rusiyanın Strateji Təyinatlı Raket Qoşunlarının (nüvə qüvvələri bu qoşunların tərkibindədir) keçmiş Baş qərargah rəisi, hazırda bu qoşun komandanlığının məsləhətçisi olan general-polkovnik Viktor Yesin "Svobodnaya pressa"ya açıqlamasında deyir ki, öz taktiki-texniki göstəricilərinə görə M-20 kompleksləri daha çox təkmilləşdirilmiş "Toçka-U" komplekslərinə yaxındır.

"Mənim məlumatlarıma görə, bu raketlərin hədəfdən dairəvi yayınması 30 metrdən azdır. Yəni söhbət yüksək dəqiqlikli raketlərdən gedir. Hədəfdən 30 metrdən az yayınmaq üçün gərəkdir ki, raket uçuş zamanı idarə olunsun. Çin isə bunu etmək üçün GPS sisteminin analoquna (BDS) malikdir", - general deyir.

Viktor Yesinin sözlərinə görə, Çinin operativ-taktiki raket arsenalı çox genişdir. Bura 300-800 kilometr mənzilli DF-11 raketləri, min kilometr mənzilli DF-15 və yeni DF-16 raketləri də daxildir. Doğrudur, Çinin operativ-taktiki raketləri o qədər də mükəmməl deyil, lakin əvəzində Çin belə raketlərin sayını artırır və belə görünür ki, kütləvi zərbələrə üstünlük verməyi nəzərdə tutur. Belə olan halda raketlərin bir qismini raketdən müdafiə sistemi tutsa belə qalanları hədəfə gedib çatacaq.

"Silah ixracı" jurnalının baş redaktoru Andrey Frolov isə deyir ki, hazırda dünyada operativ-taktiki raket bazarında Amerika və Çin liderlik edir. Çünki Rusiya belə raketləri ixraca yönəltmir. "Rostex" korporasiyasının rəhbəri Sergey Çemezovun "İsgəndər" raketlərinin ixracının qadağan edildiyi haqda bəyanatına baxmayaraq bu raketlər Ermənistanda peyda oldu. Lakin Rusiya onları Suriyaya və digər ölkələrə satmaqdan imtina edib.

Frolovun sözlərinə görə, bu sahədə Rusiyanın şərti rəqibi kimi Ukrayna çıxış edir. Bu ölkə Səudiyyə Ərəbistanının pulları hesabına "Qrom" operativ-taktiki raketləri üzərində işi davam etdirir. (virtualaz.org Azərbaycanın bu raketlərə maraq göstərdiyi haqda yazıb).

Ekspert hesab edir ki, hazırda reaktiv yaylım atəşi sistemləri bazarda taktiki raket komplekslərini fəal şəkildə sıxışdırır. Çünki bu sistemlərin mənzili operativ-taktiki raketlərin mənzilinə yaxındır. Məsələn, Belarusun "Polonez" reaktiv-yaylım atəşi sistemini "İsgəndər"lərin ixrac variantı ilə müqayisə etmək olar. Rusiyanın "Smerç" sistemləri isə Azərbaycana, Əlcəzairə və digər ölkələrə satılıb.

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun elmi əməkdaşı Vasili Kaşin isə deyir ki, Çinin nümayiş etdirməyə hazırlaşdığı M-20 komplekslərinin "İsgəndər"lərin analoqu olması barədə danışmağa ciddi əsas yoxdur. Çünki bu raketlərin "İsgəndər" kimi kvaziballistik trayektoriyaya malik olması haqda deyilənlər spekulyasiyadır. Onun sözlərinə görə, bir neçə dəfə Çin iki ballistik raketlə təchiz olunmuş kompleksləri sərgiyə çıxarıb, KİV-lər dərhal bunların "İsgəndər"lərin analoqu olduğunu yazıb. Ancaq əslində buna əsas yox idi.

Bununla belə Çinin raket sənayesi hərbi sənayenin ən inkişaf etmiş sahəsidir və bu sahədə Pekin xarici nümunələrin "surətini çıxarmaq" praktikasından çox uzaqlaşıb. Çünki Çin aviasiyada ABŞ-dan geri qalır və bunun yerini müxtəlif tipli ballistik raketlərlə doldurmağa çalışır. Eyni zamana Çinin operativ-taktiki raketləri ixrac etmək potensialı da böyükdür.

Xatırladaq ki, Azərbaycan 500 km mənzilli ballistik raketlərin əldə edilməsi, habelə istehsalının təmin olunması üçün bir neçə xarici tərəfdaş ölkə ilə fəal danışıqlar aparır. Bura Ukrayna, Belarus və Pakistan da daxildir. Lakin istisna deyil ki, Azərbaycan raket texnologiyalarında xeyli qabağa gedən Çinlə də tərəfdaşlıq imkanlarını araşdırır. Bu baxımdan Azərbaycan Müdafiə Nazirliyinin Çinin nümayiş etdirməyə hazırlaşdığı M-20 komplekslərinə də maraq göstərəcəyi istisna deyil.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/483692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR