Səhnəmizin prima aktrisası varmı? Elə cavablar eşidəcəksiz ki... - SORĞU

Səhnəmizin prima aktrisası varmı? Elə cavablar eşidəcəksiz ki... - SORĞU
17:48 27 Oktyabr 2016
80 Şou
Ölkə mətbuatı
A- A+

Bütün dövrlərdə səhnənin prima aktrisalar olub. Onlar adlarını Azərbaycan Teatr tarixinə adları qızıl hərflərlə yazılıb. Bəs bu gün necə, adlarını tarixə yazdıra biləcək prima aktrisalarımız varmı? Varsa, kimlərdir?

Publika.az müxtəlif peşə sahibləri arasında sorğu keçirib, Azərbaycanın prima aktrisanı müəyyən etməyə çalışıb.

Ağakişi Kazımov, rejissor, Xalq artisti:

- Keçmiş zamanları qeyd etsəm, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Barat Şəkinskaya, Fatma Qədirli və Sona Hacıyevanı prima aktrisa hesab edirəm. Bu gün Amaliya Pənahovanı prima aktrisa sayıram. Əgər kino və teatr gündəmində olsaydı və səhnədən vaxtsız getməsəydi, Şəfiqə Məmmədovanın da adını çəkərdim. Şəfiqə xanım görkəmli sənətkardır. Səfurə İbrahimova da həmçinin. Amma səhnədə bu gün yoxdur.

Əbdül Mahmudbəyli, rejissor, Əməkdar incəsənət xadimi:

- Mənim anlamımda bütün dövrlərdə Azərbaycanda prima aktrisa Hökumə Qurbanova olub. Yenə də bu fikirdə qalıram. Təəssüf ki, indi onun kimi aktrisalar yox səviyyəsindədir. Baxmayaraq ki, aramız soyuqdur, amma haqq tərəfi deməliyəm ki, əgər sənətini yarımçıq saxlayıb səhnədən getməsəydi, Şəfiqə Məmmədova prima aktrisa ola bilərdi. Şəfiqə xanımla bir yerdə oxumuşuq, potensialına da bələdəm. Yaradıcılığının fontan verdiyi bir dövrdə səhnəni yarımçıq tərk etdi.

Firuz Mustafa, yazıçı-dramaturq:

- Prima - səhv etmirəmsə, “birinci” deməkdir. Əlbəttə, birincini seçmək, müəyyən etmək çox çətindir. Burada obyektiv fikirdən daha çox, subyektiv mülahizə əsas rol oynaya bilər. Yəni hərə öz müstəqil fikrini deyə bilər. Bu mənada mənim fikrim də subyektiv ola bilər. Hesab edirəm ki, Həmidə Ömərova prima aktrisa hesab edilə bilər.

Vüsal Məmmədov, tanınmış jurnalist:

- Azərbaycanda aktrisa var ki, hələ bir priması da olsun? Ölkədə normal aktrisa tapsanız, ondan mənim üçün də avtoqraf alın. Orta nəsil ümumiyyətlə yoxdur, yaşlı nəsli artıq hörmət-izzətlə təqaüdə göndərməyin vaxtıdır, gənc nəslin isə hansı yollarla bu sahəyə gəldiyindən və əsl qiymətlərinin nə olduğundan danışsaq, qorxuram ki, məni linç edərlər. Ona görə də bərkdən susuram.

Faiq Ağayev, müğənni, Xalq artisti:

- Nəsibə Zeynalova.

Rövşən İsax, rejissor,

- Ad çəkməyə çətinlik çəkirəm.

Dəmir Gədəbəyli, şair:

- Vaxtilə səhnəmizin kraliçaları olub-Nəsibə Zeynalova, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Nəsibə Zeynalova. Nəsibə xanım kimi xaricdə aktrisa olsaydı, onu dünya ulduzu eləmişdilər. Bu gün sənət aləmində prima aktrisa görmürəm. Çünki sənətdə sənətlik qoymayıblar. Amaliya Pənahova vaxtilə səhnəyə gəlişi, oyunu, nitqi ilə tamaşaçını valeh eləyirdi. Amma indi Amaliyanın quru səsi qalıb. Oynayır e, xala xətrin qalmasın.

Barat Şəkinskaya səviyyəsində aktrisalarımız yoxdur..

Almaz Ələsgərova, müğənni, Əməkdar artist:

- Mənim aləmimdə bütün aktrisalar primadır. Onlara fərq qoymaq istəmirəm. Çünki hər biri bu sənətdə əziyyət çəkib.

… Özümə gəlincə, sevdiyim, eyni zamanda izlədiyim maraqlı aktrisalar var, amma prima məsələsinə gəlincə, Vüsal Məmmədovun təbirincə desəm, bərkdən susmağa üstünlük verirəm.

Çoxluğun fikirlərini nəzərə alsaq, Azərbaycanda prima aktrisanı müəyyənləşdirə bilmədik…

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR