Ceyn Pirs: AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olacaq - FOTO

Ceyn Pirs: AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olacaq - FOTO
18:32 27 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Mötəbər beynəlxalq tədbirlərin və yarışların yüksək səviyyədə işıqlandırılması sahəsində zəngin təcrübəyə malik AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olacaq.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs ilə AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun görüşündə məlumat verilib.

Görüşdə son illər Azərbaycanda keçirilən mötəbər beynəlxalq yarışların işıqlandırılmasında və dünya miqyasında təbliğində AZƏRTAC-ın gördüyü işlər yüksək qiymətləndirilib. Ötən il ölkəmizin ev sahibliyi etdiyi "Bakı-2015" birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın bu yarışları yüksək peşəkarlıqla işıqlandırdığı xüsusi vurğulanıb. Bu işdə agentliyin "Bakı-2015" Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsi, xüsusən də xanım Ceyn Pirs ilə sıx əməkdaşlığının mühüm rol oynadığı diqqətə çatdırılıb.

Söhbət zamanı IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti xüsusi vurğulanaraq, bu mötəbər tədbirin işıqlandırılması və AZƏRTAC-ın Oyunlara informasiya dəstəyi göstərməsi məsələləri müzakirə edilib.

Baş direktor Aslan Aslanov agentliyin birinci Avropa Oyunlarından sonra 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Formula-1 Avropa Qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışları geniş və operativ işıqlandırdığını qeyd edib və bunun yaxşı təcrübə olduğunu bildirib.

IV İslam Həmrəyliyi Oyunlarının işıqlandırılmasına dünyanın müxtəlif ölkələrindən peşəkar media mütəxəssislərinin cəlb olunacağını vurğulayan xanım Ceyn Pirs deyib ki, AZƏRTAC ilə rəsmi media tərəfdaşlığına dair müqavilənin imzalanması nəzərdə tutulur. O, İslam ölkələrinin həyatında mühüm rol oynayan bu mötəbər idman tədbiri barədə xəbərlərin AZƏRTAC-ın malik olduğu kanallarla dünya ictimaiyyətinə çatdırılmasında yüksək fəallıq göstərəcəyinə əminliyini ifadə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR