"Gözləyirlər ki, kimsə maşınla dərəyə aşsın?" - Çay daşdı, kənd yolu sıradan çıxdı - VİDEO - FOTO

"Gözləyirlər ki, kimsə maşınla dərəyə aşsın?" - Çay daşdı, kənd yolu sıradan çıxdı - VİDEO - FOTO
20:05 27 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubada çayın daşması kənd yolunu sıradan çıxarıb.

ARB Şimal xəbər verir ki, sentyabrın 1-dən 2-sinə keçən gecə şimal regionuna yağan güclü leysan yağışlarının Qubanın Afurca kəndinin Durahi yaşayış məntəqəsindəki sakinlər üçün yaratdığı problem hələ də həllini tapmayıb. Vəlvələ çayının daşması nəticəsində 50-yə yaxın evi olan kəndə gedən yol sıradan çıxıb.

Sakinlər bildirirlər ki, öz aralarında vəsait toplayaraq əraziyə daş tökdürüblər. Lakin bu da məsələnin həlli üçün kifayət etməyib. Selin vurduğu zərər çay yatağını da genişləndirib. İndiki vəziyyətdə ərazidə avtomobillərin hər an sürüşərək çaya aşması təhlükəsi yaşanır.

Kənd sakini: "Bu yola 5-10 maşın daş boşaltmaq olmazdı?! Gözləyirlər ki, kimsə maşınla dərəyə aşsın? Bəlkə bunu istəyirlər?"

Sakinlər bildirirlər ki, ərazidən yalnız yolsuzluq avtomobilləri hərəkət edə bilir. Kənd camaatı isə uzunboğaz çəkmə geyinməklə yolu keçir. Hər gün kəndin azyaşlıları ərazidən keçərək məktəbə yollanır.

Habil Hədiyayev - kənd sakini: "Uşaqların hərəkəti daha təhlükəlidir. Məktəb bizdən 3 km məsafədə yerləşir".

Sakinlər qış günlərində burada hərəkətin daha da çətin olacağını bildirirlər. Çətinlik aradan qaldırılmazsa, güclü qar zamanı yaşayış massivinin mərkəzlə əlaqəsi tamamilə məhdudlaşa bilər.

Quba Rayon İcra Hakimiyyəti başçısının yerli nümayəndəsi Arif Məmmədov ARB-yə açıqlamasında problemin həlli üçün lazımi addımların atılacağını bildirdi.

Onun sözlərinə görə, icra hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri əraziyə baxış keçiriblər. Əraziyə baxış keçirildikdən sonra son vəziyyətlə bağlı akt tərtib olunub. Problemin birdəfəlik həlli üçün həmin ərazidə bəndin qurulması nəzərdə tutulub.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR