Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Oktyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Oktyabr
20:24 27 Oktyabr 2016
82 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

Yaxın Şərqin xəritəsinin yenidən çəkiləcəyi şəksizdir. Son on ildə bölgədə gedən bütün proseslər yeni dövlətin yaranmasına hədəflənib. “Kürd dövləti”nin ən az dörd ölkənin parçalanması hesabına yaradılması nəzərdə tutulur. Böyük Ortadoğu layihəsinin ana xətti budur - İraq, Suriya, İran və Türkiyədən qoparılacaq torpaqlar hesabına kürd dövləti yaratmaq. Sərhədlərin yenidən çəkilməsinə qarşı çıxanlar çox olsa da, bu planı poza biləcək gücdə olanlar azdır. İran, Türkiyə, qismən isə Əsəd rejimi hələlik prosesə müqavimət göstərir. Hazırda yeni dövlətin iqtisadi əsaslarının formalaşdırılması mübarizəsi gedir, bütün maraqların Mosul və Kərkük üzərində cəmləşməsi bununla bağlıdır. Bu türkmən şəhərlərinin strateji əhəmiyyətini söyləmək artıqdır, hər kəs anlayır ki, neftlə zəngin bu iki ərazi ələ keçirilmədən “kürd dövləti” layihəsinin iqtisadi əsaslarını yaratmaq mümkün olmayacaq. Bəsrə körfəzindən Aralıq dənizinə uzanacaq dəhliz yaratmaq istəyən İran şiəlik faktorundan istifadə edir, İraq sünni aşirətlərin üstünlük təşkil etdiyi Mosula nəzarət məqsədilə məzhəbçilik kartına əl atır, Türkiyənin də bu kartdan zaman-zaman istifadə etməyə çalışdığı görünür. Hələlik tərəflərin heç biri uğur qazana bilmir, çünki hesablamaları pozan ciddi bir amil var. Bu, Kərkük və Mosulda milli faktorun məzhəb, dolayı yolla din faktorunu üstələməsidir. Hər iki şəhərdə əhalinin xeyli hissəsini türkmənlər təşkil edir və türkmənlər üzərindən məzhəb savaşı məqsədilə keçirilən bütün eksperimentlər boşa çıxıb. Türkmən faktoru İran və İraqın məzhəb faktorundan yararlanmaq ehtimalını azaldır və bir gerçəyi ortaya qoyur. Gerçəklik budur - Böyük Ortadoğu layihəsi çərçivəsində dövlətlərin parçalanması, kürd dövlətinin yaradılması planını heçə çıxara biləcək tək ciddi amil milliyyətçilikdir. Həm də türk milliyyətçiliyi, çünki türkmənlərdən fərqli olaraq ərəblərdə  dini kimlik milli kimliyi çoxdan üstələyib.

 

Vüqar MƏSİMOĞLU


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR