Cəlilabadda oqoniya vəziyyətində kəsilən heyvan cəmdəyi zərərsizləşdirilib

Cəlilabadda oqoniya vəziyyətində kəsilən heyvan cəmdəyi zərərsizləşdirilib
23:42 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Cəlilabad Rayon Baytarlıq İdarəsinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının reyd zamanı aşkarlanan oqoniya vəziyyətində kəsilən iribuynuzlu heyvan cəmdəyinin və daxili orqanların zərərsizləşdirilməsinə qərar verilib.
DBNX-nin Mətbuat Katibliyindən “Report”a verilən xəbərə görə, heyvan cəmdəyinin zərərsizləşdirilməsi qərarı Respublika Laboratoriyasının ekspertizasının nəticələrinə əsasən verilib.
Laboratoriyada aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.
Qərara uyğun olaraq rayon sakini Quliyev Elçin Cabir oğlunun həyətində 02 “Jiqulu” markalı 15-BP-961 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanan 152 kq heyvan cəmdəyi və 12 kq heyvanın daxili orqanı baytarlıq mütəxəssislərinin nəzarəti altında Cəlilabad rayonu ərazisində heyvanlar üçün ayrılan qəbiristanlıqda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olmaqla zərərsizləşdirilərək basdırılıb.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirib ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.
Qeyd edək ki, oktyabrın 11-də keçirilən reyd zamanı aşkarlanan ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Aşkarlanan ətin və daxili orqanların insan qidası üçün yararlığı şübhə doğurduğundan onlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.





Xəbərin orijinal ünvanı: http://report.az/ask/celilabadda-oqoniya-veziyyetinde-kesilen-heyvan-cemdeyi-zerersizlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR