Cəbhədə vəziyyətin gərginləşməsində onların böyük "rolu" var

Cəbhədə vəziyyətin gərginləşməsində onların böyük "rolu" var
07:17 28 Oktyabr 2016
351 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbhədə erməni təxribatının baş verməsi ilə vəziyyətin dəyişərək bu cür gərginləşməsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin "böyük rolu" var.

Bunu Milli.Az-a tanınmış hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

Onun fikrincə, həmsədrlər özlərini təsdiq etmək üçün cəbhədə vəziyyətin gərginləşməsində maraqlıdırlar:

"Hiss olunur ki, həmsədrlər ermənilərlə bağlı qapılar arxasındakı gizli danışıqlarla vəziyyəti bir az da gərginləşdirməyə və bu yolla prezidentlərin görüşünə nail olmağa çalışırlar. Çünki ortada heç bir nəticə, fəaliyyət yoxdur. Yeganə ümidləri ona qalıb ki, görüşü təşkil etsinlər və daha sonra bunu gen-bol reklam etsinlər ki, bunlar prezidentləri bir araya gətirdilər və guya cəbhədə sakitliyə və ya hansısa digər məqsədlə nəsə müsbət bir şeyə nail oldular. Əslində bu gün onlar sırf Ermənistala işləməlidirlər ki, onlar işğal etdikləri ərazilərdən geri çəkilsinlər. Amma ermənilərin belə bir fikri yoxdur, onlar bir qarış torpağı da Azərbaycana qaytarmağa hazırlaşmırlar. Onların bu günlərdə səsləndirdikləri fikirlər də məkrli niyyətlərindən xəbər verir".

Ekspert bildirib ki, bundan sonra düşmən təxribatlarının sayı və miqyası getdikcə arta, hətta böyük hərbi əməliyyatlar müstəvisinə keçə bilər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər. Düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Düşmən tapşırıq alıb, vəziyyət gərginləşəcək - XƏBƏRDARLIQ



Artıq bu fakt erməni tərəfindən üstüörtülü şəkildə də olsa, demək olar ki, təsdiq edilir. Belə ki, Ermənistan KİV-lərinin yaydığı məlumatlara görə, oktyabrın 26-da qoşunların təmas xəttində erməni silahlı bölmələrinin təxribatının qarşısı alınarkən 1996-cı il təvəllüdlü Qurqen Ayvazyan cavab atəşi ilə məhv edilib. Böyük ehtimalla, bundan sonra da daha bir neçə ölü və yaralı hərbçi barədə məlumatlar üzə çıxacaq.

Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/483646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR