Bakı-Quba-Rusiya yoluna yaxın ərazilərdə sürüşmə pik həddədir

Bakı-Quba-Rusiya yoluna yaxın ərazilərdə sürüşmə pik həddədir
08:44 28 Oktyabr 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanın ənənəvi sürüşmə rayonlarındakı fəallıq demək olar ki, pik həddə çatıb, dövlət əhəmiyyətli Bakı-Quba-Rusiya dövlət sərhədi yoluna yaxın ərazilərdə isə sürüşmə sahələrində yüksək fəallıq müşahidə edilir.
 
Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
 
Onun sözlərinə görə, uzun müddət davam edən yağıntılar ölkə ərazisindəki sürüşmə sahələrinin kəskin fəallaşmasına səbəb olub: “Klassik sürüşmə rayonlarında fəallıq demək olar ki, pik həddə çatıb. Bu ərazilərə Şamaxı, Ağsu, İsmayıllı rayonları, xüsusilə Ağçay dərəsində, yəni Muğanlı sürüşmə zonası və ona yaxın ərazilərdə, Basqal kəndinin yaxınlığında, Lahıc yolu və onun ətrafında olan, Girdimançay hövzəsindəki sürüşmə sahələri aiddir”.
 
E.Əlizadə əlavə edib ki, hazırda İsmayıllının İstisu kəndində sürüşmə prosesi davam edir. Bundan başqa, Böyük Qafqazın şimal-şərq yamacında - Quba, Qusar, Siyəzən, Şabran, Xızı rayonlarında da sürüşmə sahələri xeyli fəallaşıb, hətta dövlət əhəmiyyətli Bakı-Quba-Rusiya dövlət sərhədi yoluna yaxın ərazilərdə sürüşmə sahələrində yüksək aktivlik nəzərə çarpır.
 
E.Əlizadə qeyd edib ki, həm yağıntıların çox düşməsi, həm də yağan qarın əriməsi nəticəsində Quba-Xınalıq yolunun bir neçə hissəsində uçqun xarakterli sürüşmə hadisələri qeydə alınıb. Hazırda həm Bakı-Qobustan-Şamaxı-Ağsu, həm Şamaxı-Muğanlı-İsmayıllı, həm də Lənkəran-Lerik yolunda və digər kənd arası yollarda sürüşmə sahələrində fəallıq var: “Rütubətli dövrün hələ bir neçə gün davam edəcəyini nəzərə alsaq, onda gərginliyin də xeyli davam edəcəyini gözləmək olar. Nəzərə almaq lazımdır ki, sürüşmə sahələrindəki gərginlik adətən, yağıntı mövsümü qurtardıqdan sonra bir neçə həftəyə qədər davam edir”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR