ABŞ-da seçkilər necə saxtalaşdırılır?

ABŞ-da seçkilər necə saxtalaşdırılır?
09:38 28 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

“Sistemin özündə olan qüsurlar ABŞ-da demokratik seçkilərin keçirilməsini mümkün etmir”

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun müsahibəsi:

- Hikmət müəllim, ABŞ-ın seçki sistemi və bu sistemdəki qüsurlar nədən ibarətdir?

- Bütün ekspertlərin ümumi fikri bundan ibarətdir ki, ABŞ-ın seçki sistemində çox böyük qüsurlar var. Bu qüsurlar prinsip etibarı ilə demokratik seçkilərin keçirilməsinə ciddi əngəllər törədir və ya onu mümkün etmir. Demokratiyadan və demokratik seçkilərdən danışarkən bunu iki cür səciyyələndirirlər, təsnifatlandırırlar. Birincisi, birbaşa, ikincisi isə vasitəli demokratiyadır. Birbaşa demokratiyada seçkilər seçicinin birbaşa müvafiq namizədə səs verməsi ilə baş tutur. Beləliklə seçicinin seçki hüququ birbaşa təmin olunur. Bu ən doğru demokratiyadır. ABŞ-ın seçki demokratiyası isə seçicilər kollegiyasına əsaslanır və vasitəli demokratiya hesab olunur. Buna bir növ vəkalət demokratiyası deyə bilərik. Proses necə baş verir? ABŞ seçki qanunlarına görə, fedaral dövlətin subyektlərində olan seçicilər öz seçici kollegiyasında təmsil olunan nümayəndələrinə səs verirlər. Bu proses başa çatdıqdan sonra Nümayəndələr Palatasında yenidən səsvermə keçirilir. 538 üzvü olan Nümayəndələr Palatasının 270-inin səsini alan namizəd prezident seçilmiş olur. Amma, burada ikinci qanun pozuntusu müşahidə olunur. Əgər 270 səsi heç bir namizəd toplaya bilmirsə, ən çox səs toplayan namizəd prezident seçilmiş hesab olunur. Burada ikiqat qanun pozuntusu baş verir. Hətta, üçüncü bir məsələ də var. Bu ondan ibarətdir ki, tutaq ki, bəzi hallarda seçicilər öz seçici kollegiyasını müəyyənləşdirən zaman şərti olaraq desək, respublikaçılara səs veriblər. O, isə Nümayəndələr Palatasında həmin səsi demokratlara verə bilir. Yəni, belə hallara da təsadüf olunur. Təzad yaradan üçüncü halıda əlavə etsək ortaya əcaib bir demokratiya, əslində olmayan demokratiya mənzərəsi çıxır. Buna biz amerikansayağı demokratiya deyirik.



Bəs, nədən biz bu qüsurlardan indi danışırıq və niyə indi daha cox aktualdır? Sistemdəki bu boşluq hazırkı prezident seçkiləri ərəfəsində özünü daha qabarıq şəkildə büruzə verdi və gördük ki, vəziyyət bir qədər emossional müstyəviyə transfer olunanda ABŞ-ın seçki qanunları bunu tənzimləyə bilmir. Nəticədə də hazırda baş verən hadisələrin şahidi oluruq. Bəziləri hesab edir ki, bu ABŞ demokratiyasına yaraşmır. Ancaq, mən hesab edirəm ki, bu elə ABŞ demokratiyasına yaraşan demokratiyadır. Çünki, ABŞ demokratiyası güc demokratiyasıdır. Qanunların demokratiyası deyil, demokratiyanın klassik tələblərinə cavab verən demokratiya deyil. ABŞ demokratiyası xalqın insan hüquqları ilə məhdudlaşdırılmış azadlığı deyil, əksinə gücün və aristokratiyanın hüquqları ilə tənzimlənən, hakimiyyəti müdafiə edən demokratiyadır. Dolayısı ilə ABŞ demokratiyasının fəlsəfəsində Aristotelin aristokratiya nəzəriyyəsi dayanır. ABŞ demokratiyası seçilmişlərin demokratiyasıdır. Əgər, belə olmasaydı, biz ABŞ-da çoxsaylı qanun pozuntularının, dini, milli, irqi ayrıseçkiliyin, ksenofobiyanın, dəri rənginə görə vətəndaşların cəzalandırıldığının şahidi olmazdıq. Bütün bunların hamısı ABŞ demokratiyasının boşluqlarından, onun fəlsəfəsinin mahiyyət etibarı ilə həqiqi demokratiya əsasında formalaşmamasından irəli gəlir

- Xalqın birbaşa iştirak etmədiyi seçkilərdə şəffaflıq mümkündürmü?

- Burada şəffaflıqdan danışmaq çətindir. Hətta mümkün deyil. Yəni, sistemin özü imkan vermir ki, onun şəffaf olmasını bir şəkildə əsaslandırasan. Bu gün ABŞ mətbuatının rəsmən yazdığına görə, orada yaşayan hər 5 vətəndaşdan biri seçki prosesində iştirak etmir. Çünki, onların adı seçici siyahılarına salınmır. İkincisi, ABŞ-da 6 milyona yaxın insan cinayət törətdiklərinə görə səs verə bilmirlər. Çünki, cinayət törədənlər səsvermədə iştirak etmirlər. Halbuki bu demokratiyanın prinsiplərinə ziddir. Cinayət törətmək o demək deyil ki, şəxs vətəndaşlıqdan çıxarılıb, səsvermə hüququ əlindən alınıb. Klassik demokratiyalarda, o cümlədən Azərbaycanda seçki qanunauyğun şəkildə keçirilir və həbsxanada olan insanlar da vətəndaş olduqlarına görə öz konstitusion, seçib-seçilmək hüquqlarından istifadə edirlər. Amma, ABŞ-da isə cinayət törədənlərin səsvermə hüququ tanınmır.



ABŞ-da prezidentliyə rəqiblərin bir-birinə ittihamlarından görürük ki, 1.8 milyon insan həyatda yoxdur, ancaq onların adı seçki bülletenlərindədir.

Bunun özü seçkinin şəffaflığına kölgə salan məsələdir. Eyni zamanda federasiya subyektlərində ayrı-ayrı ştatlarda qeydiyyatda olan şəxslər bir neçə dəfə səs verə bilirlər. Məsələn, elə vətəndaş var ki, vaxtilə 3-5 ştatda qeydiyyatda olub, sonra yerini dəyişib. Bu adlar orada qalmaqla belə bir qarışıqlıq yaradır. Bunların hər birini üst-üstə gəlsək, ABŞ seçicilərinin neçə faizi bu prosesdə iştirak etmir, yaxud iştirak edib, bir neçə dəfə mövqe nümayiş etdirə bilir. Əgər sadaladığımız faktları bir yerə toplayıb, soyuq məntiqlə düşünsək ABŞ-da şəffaf seçkidən söhbət gedə bilməz. Ona görə də bu gün prezidentliyə Respublikaçıların namizədi Donald Tramp deyir ki, seçkinin saxtalaşdırılmasından şübhələnir. Bəri başdan deyir ki, o seçkinin nəticələrini tanımaya bilər. Yəni, bunu sıradan bir adam yox, ABŞ seçki məcəlləsini dərindən bilən, seçki prosesində iştirak edən və bu mərhələyə gəlib çatan ciddi bir namizəd deyir. Belə olan halda düşünürəm ki, ABŞ demokratiyasını ideallaşdırmaq lazım deyil və bu ölkənin kiməsə demokratiya dərsi verməyə nə haqqı, nə də hüququ var. İlk növbədə ABŞ-ın daxilindəki əsl demokratik hadisə olan seçkilər xalqın iradəsi nəticəsində baş tutmalıdır. Hazırki sisitemdə isə sadaladığımız və sadalamadığımız nə qədər ciddi problemlər var.

- ABŞ-da seçkilərə beynəlxalq müşahidəçilər buraxılmır. Sizcə, səbəb nədir?

- ABŞ demokratiyası gücə əsaslanır. Təssüf ki, bu gücün mənbəyi kimi qanunlar çıxış etmir. Bu gücün mənbəyi kimi hakim siyasi elitanın mövqeyi çıxış edir. Bu çox ciddi fərqdir. Ona görə də ABŞ-da siyasi və demokratiya eqoizmi o səviyyədədir ki, onlar nəinki kiminsə bu seçki prosesi haqqında rəy söyləməsini eşitmək, ümumiyyətlə bu seçkini heç kimin müşahidə etməsini istəmirlər. ABŞ-da 2012-ci ildə keçirilən prezident seçkilərini izləməyə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasına icazə vermədilər. Yaxud ayrı-ayrı ştatlarda onları seçki məntəqələrinə buraxmadılar, seçicilərlə ünsiyət qurmasına icazə vermədilər. Hətta, bəzi ştatlarda onlara xüsusi xəbərdarlıq etdilər ki, seçki məntəqələrinə 30 metrdən artıq yaxınlaşarsınızsa, cəzalandırılacaqsınız, həbs olunacaqsınız.



Belə olan halda ABŞ-da seçkinin demokratik keçirilməsi ciddi şübhələr doğurur.

Başqa ölkələrdə hansısa bir seçki prosedurunda pozuntular baş verən zaman ABŞ-ın qeyri hökumət təşkilatlarından başlamış, Dövlət Departamentinə qədər bəyanat verirlər. Təəssüf ki, ABŞ-da eyni hallar baş verəndə nə beynəlxalq insan haqları təşkilatları, nə də Dövlət Departamenti bununla bağlı məsələləri şərh etmirlər, ümumiyyətlə qiymətləndirmirlər. Bu günə qədər görmədim ki, hansısa insan hüquqları təşkilatı ABŞ prezidentliyinə namizəd Donald Trampın iddiaları ilə bağlı fikir bildirsin. Yaxud seçkidən sonra bu iddialara münasibət bildiriləcəkmi? Bununla bağlı transmilli media nədən heçnə yazmır? ABŞ-ın özündə olan federal səviyyəli qəzetlərin heç birində bununla bağlı məqalələr dərc edilmir, rəylər bildirilmir. Ona görə də düşünürəm ki, bütün bunlar ABŞ demokratiyasının boşluqlarıdır.



- Bu məsələlərdə medianın korrupsiyalaşması ilə bağlı fikirlər səsləndirilir. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu gün media ciddi bir institusional vasitədir, yumuşaq gücdür. Medianın hər hansı bir demokratik ölkədə seçkilərin nəticələrinə birbaşa və ya dolayısıyla təsiri var. Çünki, bütün təbliğat və təşviqat bu və ya digər şəkildə media üzərindən həyata keçirilir. Məsələ ondadır ki, ABŞ-da federal səviyyyədə olan qəzetlərin mütləq əksəriyyəti birtərəfli mövqe nümayiş etdirir. Trampın fikirlərinin ictimaiyyətə çatdırılmasında yalnız iki media orqanı obyektiv fəaliyyət göstəir. Bunu Trampın özünün fikirlərinə əsasən deyirəm. Belə olan halda maraqlı sual yaranır. Əgər, doğrudan da ABŞ-da həqiqətən demokratiya varsa və media demokratiyanın bir parçasıdırsa, nəyə görə federal səviyyəli qəzetlərin mütləq əksəriyyəti Trampın çıxışlarına və təbliğinə embarqo qoyur? Eyni zamanda Qərbin transmilli mediası mütləq əksər hallarda Hilları Klintonun tribunasına çevrilirlər?Burada biz transmilli medianın kiminsə əlində silah olduğunu görürük. Kimsə dediyimiz güc mərkəzi görünür, demokratiyanın müdafiəçisi deyil. Bu gizli güc mərkəzi demokratiyanın müdafiəçisi olsaydı, o zaman hər iki namizəd üçün bərabər şərtlər yaradardı. Bu məsələlərin media tərəfindən göz ardı edilməsi onu göstərir ki, transmilli və ABŞ mediası eyni mərkəzdən idarə olunurlar və öz məqsədlərindən kənar heç bir məqsədə xidmət etmirlər. Onlar idarə olunurlar. Ona görə də dünyada baş verən hadisələr zamanı, o cümlədən Azərbaycanla bağlı məsələlərə münasibətdə də biz bütün transmilli və ABŞ mediasının vahid drijor tərəfindən idarə olunan bir ansambıl kimi sinxron hərəkət etdiyinin şahidi oluruq. Bu da çox yaxşı təcrübə oldu ki, 2016-cı ildə nəhayət bütün dünya gördü ki, imperializmin nəzarətində olan transmilli media nədən ibarətdir, nəyə xidmət edir, dünyaya qlobal dəyər kimi təqdim olunmağa çalışılan demokratiya nə şəkildə manipulyasiya edilir və konkret siyasi elitanın maraqlarından kənar olan media necə rədd edilir.

- Adətən ABŞ-da prezidentlər Respublikaçılar və Demokratlar partiyasında seçilir. Nədən bu iki partiyanın namizədləri?

- ABŞ-dakı prezident seçkilərində iki partiya-Demokratlar və Respublikaçılar arasında mübarizə hər zaman olub. Məsələ ondadır ki, bu seçkilərdə rəqabət artıq qarşıdurma və şiddətli qeyri-əxlaqi tendensiyalar üzərində qurulur. Ona görə ki, ənənəvi sistem bu sistemə daxil olacaq yeni namizədləri qəbul etmir. Yəni, Tramp qeyri-standart siyasətçidir. Eyni zamanda Tramp xarakterli siyasətçidir. Əks tərəf düşünür ki, ABŞ-a Tramp kimi qeyri-standart, xarakterli, öz mövqeyi olan bir şəxs dövlət başçısı seçilərsə, ABŞ-ın klassik dövlət maşını bu adamı idarə etməyə bilər. Yəni, Tramp Obama deyil və dövlət maşını tərəfindən idarə olunmayan bir subyektə çevrilə bilər. Belə olanda ABŞ-ın formalaşdırdığı beynəlxalq münasibətlər sisteminə yeni keyfiyyət gələ bilər. Tramp seçki prosesində səsləndirdyi ittihamların arxasınca getsə, konkret olaraq “Yaxın Şərqdə İŞİD-i, Əl-Qaidəni Obama və Klinton yaradıb” kimi fikirlərinin arxasınca getsə, ABŞ-ın dünya hegemoniyası uğrunda apardığı mübarizədə maraqlarına ziyan dəyə bilər və doğrudan da bəlli olar ki, bu gün ABŞ və Qərb imperializmi Yaxın Şərqdə səlib yürüşü keçirir, milli dövlətləri dağıdır, resurslarını istismar edir.



Ona görə də ənənəvi ABŞ siyasəti bu yeni xarakterli siyasətçini sıxışdırmağa çalışır.

Çünki, nəticə etibarı ilə bu ABŞ və Qərb-in dünya hegemonluğu üçün təhlükə yarada bilər. Eyni zamanda bu gün namizədlər bir-birini qurşaqdan aşağı zərbələrlə təhdid edirlər. Hillari Klinton çıxışlarında birində dedi ki, “Əgər Tramp prezident seçilərsə, Kremldə bayram olacaq və Çin buna çox sevinəcək”. Bu isə o deməkdir ki, tək qütblü beynəlxalq münasibətlər sistemində Trampın seçilməsi ilə qütblərin formalaşmasına şəraitin yaranma ehtimalı ola bilər. Yəni, Rusiya və Çin ABŞ üçün rəqib ola bilər. Ona görə də nə etmək lazımdır? Bütün qanuni və qeyri-qanuni yollarla Trampı sıxışdırmaq lazımdır ki, ABŞ-ın imperialist maraqlarına təhlükə yaranmasın.

- Lobbi fəaliyyəti ABŞ-dakı seçkilərə nə dərəcədə təsir edir?

- Ənənəvi olaraq ABŞ-ın siyasi proseslərində lobbiçilik hər zaman xeyli rol oynamağı bacarıb. Ona görə də düşünürəm ki, ABŞ-da prezident seçkiləri kapitala və maliyyəyə söykəndiyi üçün lobbiçiliyin çox böyük rolu var. 2012-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndəsi yekun hesabatında bildirmişdi ki, ABŞ-da prezident seçkilərinə o qədər çox pul xərcləyirlər ki, bəzən elə düşünürsən ki, hər bir səs bəlli bir məbləğ qarşılığında alınır. Ona görə də burada demokratiya alınıb satılırsa, burada mütləq ciddi maliyyə əməliyyatlarının olmasl da mümkündür. Hər bir lobbi təşkilatını öz maraqları var və bu demokratiya alqı-satqısında, mütləq iştirak edirlər və maraqlarını da təmin edirlər.



- Hazırkı prezident Barak Obamanın Hillari Klintonu açıq şəkildə dəstəkləməsi siyasi etika baxımından mə dərəcə düzgündür?

- Bütövlükdə ən demokratik ölkələrdə belə inzibati rsurslar bəzi hallarda seçki prosesinə cəlb edilir. Yəni, hakim partiya əlindəki resusrslardan bu və ya digər səviyyədə və miqyasda istifadə edir. ABŞ-dakı seçkilərdə də bu ənənənin olduğunu və özünü bariz şəkildə büruzə verdiyinin şahidi oluruq. Çünki, vaxtilə eyni partiyadan bir-birinə namizəd kimi rəqib olan Barak Obama və Hillari Klinton bu gün müttəfiq kimi eyni mövqedən çıxış edirlər. Bu nəticə etibarı ilə ABŞ-da keçirilən seçkilərin seşki əxlaqı məsələlərinə kölgə salır. Bilirk ki, klassik demokratiyalarda prezident xalqın siyasi iradəsini təmsil edən ali siyasi iradə kimi tərəfsiz olmalıdır. Amma, indiki halda əslində dediyimiz mövqedə durmalı olan bir prezidentin tərəf tutması həm demokratik ənənələr baxımından doğru deyil, həm də siyasi əxlaq baxımından doğru deyil. Bir vaxt rəqib kimi zəif cəhətlərini göstərdiyi adamı bu gün idallaşdırmaq və yeni imicdə təqdim etmək siyasi əxlaqla ziddiyyət təşkil edir. Hesab edirəm ki, ABŞ ictimaiyyətinin gözündən bu məsələlər qaçmır və əgər doğrudan da xalq demokratiyası olsaydı, prezidentlər birbaşa səsvermə ilə seçilsəydilər bu vaxta qədər və ondan sonra çox fərqli nəticələr əldə oluna bilərdi.

azvision.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR