Rusiya erməniləri məhz bu yolla xilas edə bilər

Rusiya erməniləri məhz bu yolla xilas edə bilər
09:57 28 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

"Türkiyə-Azərbaycan-Rusiya üçlüyünə Moskva tərəfindən yaşıl işıq yandırılsa və müəyyən şərtlər yerinə yetirilsə, bölgədə status-kvo dəyişər və daha stabil bir dövr başlayar".

Milli.Az bildirir ki, bunu axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq, baş tutacağı təqdirdə, bu üçlüyün ideal bir format olacağını deyib:
 
"Bunun üçün Rusiyanın müəyyən güzəştlər etməsinə ehtiyac var. Bu formatda Rusiya Türkiyə üçün ticarət əlaqələri və bir sıra sahələrdə güzəştləri yenidən bərpa etməlidir. Azərbaycan üçün məsələ daha dərin və mürəkkəbdir. Söhbət ərazi bütövlüyümüzün təmin edilməsindən gedir. Rusiya bu məsələdə Ermənistana ciddi təsir göstərməlidir. Rusiyanın Ermənistanı silahlandırmaqla guya bölgədə hərbi balansın yaradılmasına xidmət etməsi ağlabatan deyil. Bundansa Rusiya iki xalq arasındakı qonşuluq münasibətlərinin, iqtisadi, siyasi əlaqələrin yaranmasına yardımçı olmalıdır. Rusiyanın iki xalqın öz aralarında dil tapmasını bildirməsi də səmimi səslənmir. Heç kimə sirr deyil ki, Qarabağın taleyini, istəsə, Rusiya həll edəcək. Mövcud status-kvo müharibə və iqtisadi itkilər deməkdir. Moskva məsələyə tezliklə beynəlxalq hüquq normaları çərçivəsində yanaşmalıdır".
 
Politoloq Rusiyanın əhalisinin sayı getdikcə azalan və iqtisadiyyatı ölü vəziyyətdə olan Ermənistanla bölgədəki siyasi vəziyyətə uzun müddət nəzarət edə bilməyəcəyini bildirib:
 
"Ancaq Rusiya Azərbaycan üzərindən bütün strateji məqsədlərini həyata keçirə, əlaqələrini müttəfiqlik səviyyəsinə qaldıra bilər. Bu, baş versə, Rusiya beynəlxalq münasibətlərdə daha çox udacaq. Belə ki, Rusiya Qarabağ problemini həll edə və iki xalqı barışdırarsa, Türkiyə-Azərbaycan-Rusiya sazişini, yaxud da Azərbaycanın Avrasiya İttifaqına, lazım gələrsə, KTMT-yə qoşulması üçün lazım olan şərtləri yerinə yetirərsə, bütün bunlar Moskvanın siyasi perspektivlərinə çoxlu xallar gətirəcək".
 
Q.Hüseynli deyib ki, sözügedən ittifaq məsələsi Türkiyə tərəfindən səsləndirilsə də, Rusiya, hələ ki, aktiv görünmür:
 
"Türkiyə-Azərbaycan-Rusiya üçlüyünə Moskva tərəfindən yaşıl işıq yandırılsa və bunun üçün müəyyən şərtlər yerinə yetirilsə, bölgədə status-kvo dəyişə və daha stabil bir dövr başlaya bilər. Ermənilər isə bu sağlam yolla iqtisadi dirçəlişə nail ola, təcrid vəziyyətindən çıxa bilərlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/483903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR