Manaf Ağayev məhkəmədə ifadə verdi: "Dedim ki, satmıram"

Manaf Ağayev məhkəmədə ifadə verdi: "Dedim ki, satmıram"
16:06 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ləğv edilmiş MTN-nin sabiq idarə rəisi Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi bu gün də davam edib.

Axşam.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində müğənni Manaf Ağayev məhkəmədə ifadə verib.

O, ifadəsində İlham Qasımovu yaxından tanıdığını deyib:
 
"Bunların bina inşa etmək istədiyi yerdə iki qarajım vardı. İlhamın bacısı oğlu mənə dedi ki, dayısı orda bina tikir qarajları onlara satım. Ona dedim, dayısına desin ki, Manaf qarajı satmır, obyektlə ya da mənzillə dəyişdirir".

Tanınmış müğənni istintaqa verdiyi ifadələri təsdiqləyib. O bildirib ki, qarajların rəsmi sənədi olmayıb:

"Çoxdan almışam, müqaviləsi var. Amma "kupça" yoxdur".

Zərərçəkmiş, şair Gülağa Tənhanın köməkçisi olan Tofiq Bünyatzadə də ifadə verib. O, 2010-cu ildən Gülağa Qəmbərovun köməkçisi işlədiyini deyib:

"19 milyon 687 min dolların İlham Qasımova verilməsində iştirak etmişəm. Pulun hansı məqsədlə və nəyə xərclənməsindən xəbərsiz idim".

Gülağa Tənhanın hüquqşünası Ağalar Quliyev ifadə verib. O qeyd edib ki, Gülağa Tənha zəng edib, İlham Qasımova verilən pulların xərclənməsi ilə bağlı sənədlərə baxmağını istəyib. Hüquqşünas ifadəsində bildirib ki, şirkətin ofisinə bir neçə dəfə gedib:

"Mühasiblə görüşüb, bəzi sənədləri istədim. Məbləğlərin də şişirdildiyini, dəyərindən artıq göstərildiyini gördüm. Bununla bağlı Gülağa müəllimdə şübhələr yarandı, araşdırdıq ki, pullar təyinatı üzrə xərclənməyib".

Proses noyabrın 4-də davam edəcək.

Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR