Amerikalı ekspert: "Qələbə qazanacağı təqdirdə Klinton Obamanın siyasətini davam etdirəcək"

Amerikalı ekspert: "Qələbə qazanacağı təqdirdə Klinton Obamanın siyasətini davam etdirəcək"
18:07 28 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ "ABŞ-da qarşıdan gələn prezident seçkilərində qələbə qazanacağı təqdirdə Hillari Klinton müdafiə və xarici siyasət məsələlərində ölkənin hazırkı dövlət başçısı Barak Obamanın siyasətini davam etdirəcək, həmçinin Rusiya ilə münasibətlərdə sərt mövqe tutacaq".
"Report" xəbər verir ki, bunu amerikalı ekspert Ceyms Törber Azərbaycan Dillər Universiteti yanında Amerika Mərkəzində "2016-cı il ABŞ-da keçiriləcək seçkilərə baxış: qrafiki, namizədlər, məsələlər, seçicilər və qütbləşmə" mövzusunda keçirilən müzakirələr zamanı deyib.
Ekspertlər qarşıdakı seçkilər tarixi adlandırıb və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp qalib gəlməsinin mümkün olmadığnı bildirib.
"Hillari Klinton iki dəfə Azərbaycanda olub və o, Cənubi Qafqaz regionunun problemlərini anlayır. O, bu gün bir, sabah isə tam fərqli söz deyən Donald Tramp kimi deyil", - deyə ekspert vurğulayıb.
C.Törber daha sonra prezident seçkisi üçün namizədlərin irəli sürülməsi prosesi barədə danışıb. O, ABŞ-da seçki kampaniyasının 597 gün davam etdiyini və 8 milyard dollara başa gəldiyini əlavə edib.
ABŞ əhalisi arasında seçki əhval-ruhiyyəsi barədə danışan C.Törber qeyd edib ki, seçkilərdən əvvəl keçirilən sorğulara görə əhalinin 34%-i demokratları, 27%-i respublikaçılar, 38%-i isə müstəqil namizdələri dəstəkləyir: "Hillari Klinton müstəqil seçicilərlə iş görülməsi üçün çox şey edir. Tramp isə ABŞ-ın digər irqlərdən olan əhalisini, qadınları, müsəlmanları təhqir edir. ABŞ emiqrantlar ölkəsidir. Buna görə də artıq Trampın seçkilərdə uduzduğunu demək olar. İlkin göstəticilərə görə də H.Klinton rəqibini qabaqlayır".
Daha sonra ekspert Seçicilər Kollegiyasının işi barədə danışaraq ABŞ-da seçkilərin nəticəsini heç də həmişə elektoratın həll etmədiyini bildirib. Bu baxımdan, o, namizədlərin bütün gücünü Ağ Evin başçısının seçilməsində mühüm rol oynayan ştatlara yönəltməsini xüsusi qeyd edib.
Öz növbəsində, ekspert Klaudiya Törber ABŞ tarixində ilk dəfə qadın prezidentin olması ehtimalını vurğulayıb: "Amma ABŞ qadınların yüksək vəzifələrdə yer alması baxımından hələ də dünyada bir çox ölkələrdən geri qalır. Konqres üzvlərindən yalnız 19%-i qadındır. Bu mənada, qadının ölkədə ən yüksək postu tutmaq ehtimalının olmasına görə, seçkilər tarixi əhəmiyyət daşıyır".

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/amerikali-ekspert-qelebe-qazanacagi-teqdirde-klinton-obamanin-siyasetini-davam-etdirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR