Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"yə məğlubiyyətlə başlayıblar

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"yə məğlubiyyətlə başlayıblar
20:07 28 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb. 
"Report"un məlumatına görə, ilk yarış günündə 60 kq və 66 kq çəkilərdə mübarizə gedib.
Mehman Sadıqov 60 kq çəkidə 1/8 finaldan mübarizəyə başlayıb. O, ilk görüşündə almaniyalı Filip Qrafa uduzaraq təsəlliverici görüşdə iştirak edib. Sadıqov təsəlliverici görüşdə türkmənistanlı Abbas Abasova qalib gələrək bürünc medal uğrunda mübarizəyə haqq qazanıb. Lakin azərbaycanlı cüdoçu bürünc medal görüşündə rusiyalı Albert Oğuzovla bacarmayıb. Bununlada Sadıqov turniri 5-ci pillədə başa vurub.
Eyni çəkidəki çıxış edən Oruc Vəlizadə isə ilk görüşdə fransalı Vensan Mankeyə məğlub olub.
Altmış altı kq-da yarışan cüdoçular da ilk görüşdə məğlubiyyətlə üzləşib. İlqar Müşkiyev moldovalı Denis Vyeruya, Vüqar Şirinli isə portuqaliyalı Sergey Oleynikə uduzub.
Sabah Azərbaycanın daha 4 cüdoçusu mübarizə aparacaq. 73 kq-da mübarizə aparan idmançılar sırasında Azərbaycanı Avropa çempionu və olimpiya mükafatçısı Rüstəm Orucov, eləcə də Fəqan Quluzadə təmsil edəcək. Orucovun 1/8 finalda rəqibi olmadığından, o mübarizəyə 1/4 final mərhələsindən start verəcək. Quluzadə isə yoluna davam etmək üçün pakistanlı Nadim Akramdan üstün olmalıdır. Quluzadə mərhələ keçəcəyi təqdirdə, yarımfinal uğrunda Orucovla görüşməlidir.
Səksən bir kq çəkidə Elvin Əhmədli mübarizəyə 1/16 finaldan başlayacaq. O, növbəti mərhələyə yüksəlmək üçün almaniyalı Benjamin Munnixlə qarşılaşacaq. Qalib cüdoçu 1/8 finalda rusiyalı İvan Vorobyova rəqib olacaq. Ruslan Fərruxzadə 1/8 finaldan başlayacaq və ilk görüşünü monteneqrolu Srcan Mrvalyeviçə qarşı keçirəcək.
Azərbaycan "Böyük Dəbilqə"də 6 çəkidə 12 idmançı ilə təmsil olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/azerbaycan-cudoculari-boyuk-debilqe-ye-meglubiyyetle-baslayiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR