Amerika seçkilərinin ədalət və şəffaflıq problemi

Amerika seçkilərinin ədalət və şəffaflıq problemi
09:23 29 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-da prezident seçkilərinin gedişi indidən narahatlıq doğurur

Artıq çoxdandır ABŞ hökuməti və xalqı demokratiyanı inhisara aldıqlarına əmindirlər və hesab edirlər ki, onların dünyagörüşü cüzi fərqlə hamınınkından üstündür. Bu təkəbbürün nəticəsidir ki, amerikalılar başqalarına doğru yol göstərmək hüququnu zəbt edərək hamının onlardan nümunə götürməsinin vacibliyini aşılamaqdan yorulmurlar. Xüsusilə bu və ya digər ölkədə seçkilər keçirilən kimi Vaşinqton yad xalqın iradəsinə qiymət verməyə tələsir, bir daha “doğru” yolu göstərir. Görəsən, həqiqətənmi ABŞ-ın seçki sistemi və burada təşkil olunan müxtəlif səviyyəli seçkilər, iddia edildiyi kimi, etalondur? Elə gələn ayın 8-də keçiriləcək prezident seçkilərinin təşkilindən faydalanmağa dəyərmi?
Məlum olduğu kimi, dünyanın yeganə superdövlətinin seçki sistemi hələ XVIII əsrin axırlarında formalaşmışdır və o vaxtdan bəri elə bir əhəmiyyətli dəyişikliyə məruz qalmamışdır. Bu arxaik sistem indi də qüvvədədir. Özü də seçkilərdə həmişə iri kapitalın maraqlarını təmsil edən iki sağçı partiya - Demokratlar və Respublikaçılar partiyaları hökmranlıq edir. Kiçik partiyaların seçkilərdə hansısa uğur qazanması praktik olaraq mümkün deyil. Bununla belə, nə demokratları, nə də respublikaçıları dəstəkləyən elektorat getdikcə böyüyür. Lakin bu, yerli səviyyədə də, ABŞ Konqresinin özündə də müstəqil deputatların sayına heç cür təsir göstərmir. Məsələ burasındadır ki, amerikalı seçici iki hökmran partiyanın milyarderlər tərəfindən dəstəkləndiyinin fərqinə vararaq əsasən ya demokratlara, ya da respublikaçılara səs vermək məcburiyyətində qalır.


ABŞ-ın siyasi sistemində üçüncü partiyanın özünü göstərməsi imkan xaricindədir. Hər şeydən əvvəl seçkilərdə iştirak etmək üçün partiya hər bir ştatda qeydiyyatdan keçməlidir, özü də bu prosedur kifayət qədər mürəkkəbdir. Eyni zamanda kiçik partiyaların KİV-ə heç bir çıxışı yoxdur, çünki demokratları və respublikaçıları dəstəkləyən nüfuzlu mətbuat orqanları milyarderlərin nəzarətindədir. Odur ki, cəmiyyətin əhvali-ruhiyyəsi necə olursa-olsun, iki partiyanın mütləq siyasi inhisarı davam edir.
Seçki sisteminin qəribəliyi orasındadır ki, amerikalı seçici dövlətin başçısını birbaşa seçmək hüququndan məhrumdur. Belə ki, elektorat prezidenti yox, seçici nümayəndələrini seçir, sonuncular isə dövlət başçısını seçirlər. Hər bir ştatda seçici nümayəndələrinin sayı müəyyənləşdirilmişdir. Ştatda hansı partiya daha çox seçici nümayəndəsi seçdirməyə nail ola bilirsə, məğlub partiyanın qazandığı seçici nümayəndəsi yerləri də qalibə verilir. Belə çıxır ki, vətəndaş bir namizədə səs versə də, nəticə etibarilə səsi başqa namizədin hesabına yazılır. Bu səbəbdəndir ki, faktiki olaraq daha çox seçici səsi toplamış namizəd Prezident kürsüsündən məhrum ola bilər. Misal kimi 2000-ci il prezident seçkilərinin nəticələrini göstərmək olar. O vaxt respublikaçı Corc Buş (oğul) ölkə üzrə 50 556 002 səs (47,9 faiz) toplayıb qələbə qazanmışdı, halbuki demokrat Al Qor 50 999 897 səs (48,4 faiz) toplamışdı. Bu isə onu göstərir ki, ABŞ-ın qüvvədə olan seçki qanunvericiliyi heç cür vətəndaşın iradəsini əks etdirə bilməz.
Amerikanın seçki sistemində ədalətin olmaması bir yana qalsın, müxtəlif səviyyəli seçkilərin şəffaf keçirilməsi problem kimi daim özünü göstərir. Özü də seçki saxtakarlığı təzə problem deyil. Eyni seçicilərin dəfələrlə səs verməsi tez-tez müşahidə olunur. Hüquq mühafizə orqanları bəzi hallarda saxtakarları cəzalandırsa da, problem aradan qalxmır. Məsələn, Nyu Yorkun sabiq meri, respublikaçı Rudolf Culiani bu yaxınlarda etiraf etmişdir ki, ABŞ-da seçki sistemi irimiqyaslı qanun pozuntusuna imkan verir. Seçkilərin nəticələrinə birbaşa təsir edən vasitələrdən biri vətəndaşları avtobuslara doldurub müxtəlif yerlərdə bir neçə dəfə səs verməsinə şərait yaratmaqdır. Culianı deyir: “İlk dəfə Nyu York merinin seçkilərində namizədliyimi irəli sürəndə bəzi adamlar 8 dəfə, 10 dəfə səs verirdilər. İkinci dəfə namizədliyimi irəli sürəndə yanğınsöndürənləri və polisləri küçələrə çıxardıq ki, seçiciləri daşıyan avtobusların nömrələrini yazsınlar”.
Səsvermə zamanı kütləvi qanun pozuntuları mövzusu indiki prezident seçkilərində də aktual olaraq qalır. Avqustda prezidentliyə respublikaçı namizəd Donald Trampın seçki qərargahı seçkilərin gedişini müşahidə etmək üçün könüllüləri toplamağa başlamışdır. Tramp bildirdi ki, o, yalnız kütləvi saxtalaşdırmalar nəticəsində demokrat namizəd Hillari Klintona məğlub ola bilər. Yeri gəlmişkən, Ağ evin hazırkı sahibi Barak Obamanın vaxtilə prezident seçkilərində qələbəsi bir sıra qalmaqallarla müşayiət olunmuşdu. Tramp xatırladır ki, seçki saxtakarlığını səkkiz il əvvəl keçirilmiş prezident seçkilərində Obamanın etirafı da sübut edir. Hazırkı Prezident 2008-ci ilin sentyabrında seçicilərlə görüşü zamanı deyirdi: “Ohayo ştatında demokratlar səsləri sayan aparatlara cavabdehdirlər və bu, kömək edir. Mənim özüm Çikaqodanam və açığı, seçkilərin başına oyun açan təkcə respublikaçılar deyil, bəzən demokratlar da eyni cür hərəkət edirlər. Bilirsinizmi, adamlar hakimiyyətdədirlərsə, onların tərəzini öz xeyirlərinə əymək tendensiyası meydana gəlir”.
Obama ikinci dəfə dövlət başçısı seçiləndə də saxtakarlıq halları az olmamışdı. Məsələn, 2012-ci ildə Pensilvaniya ştatının ən böyük şəhərinin - Pensilvaniyanın şimal və qərb rayonlarında 59 seçki məntəqəsində Prezident Barak Obamaya 19 605 min səs verilmişdi. Respublikaçı namizəd Mitt Romni isə heç bir səs qazanmamışdı (!). Bəzi kütləvi informasiyalar iddia edirdi ki, zəncilərin yaşadığı rayonlarda Obamaya yekdil dəstək saxtakarlıq barədə şayiələrə rəvac versə də, sübut-dəlil yoxdur. Amma fakt ortada idi: həmin seçki məntəqələrinə respublikaçı nümayəndələri buraxmamışdılar, halbuki nə vaxtsa buraxırdılar. Başqa bir fakt: etibarsız sayılmış bülletenlərin hamısı Obamanın xeyrinə verilmiş səslər kimi qeydiyyata alınmışdı.
2012-ci il seçkilərində saxtakarlıq halları təkcə Pensilvaniyada müşahidə olunmamışdı. Belə hallar Ohayo, Florida, Nevada, Kolorado, Şimali Karolina... ştatlarında da qeydə alınmışdı. Ohayoda saxtakarlıq hamını dəhşətə gətirmişdi. Bu ştatda 5 milyon 744 min 117 bülleten qeydiyyatdan keçirilmişdi və Obama Romnini vur-tut 166 min 277 seçici üstələmişdi. “Columbus Dispatch” qəzeti yazırdı ki, Ohayoda qeydiyyatdan keçirilmiş seçicilərin 20 faizdən çoxunun səs vermək hüququ yox idi: “İki qraflıqda qeydiyyata alınmış seçicilərin sayı seçmək yaşına çatmış sakinlərin sayından çox idi. 31 qraflıqda seçkilər üçün qeydiyyata alınanların sayı sakinlərdən 90 faiz çox idi”. Obamanın ayrı-ayrı yerlərdə 100 faizdən çox (!) səs toplaması faktları da ictimaiyyətə məlumdur.
Bütün bu saxtakarlıqlar azmış kimi, amerikalı seçicilərin səs vermək hüququnun məhdudlaşdırılması kütləvi hal alır. Gələn ay keçiriləcək prezident seçkilərində 5,8 milyondan çox amerikalı (bütün potensial seçkilərin 2,5 faizi) məhkumluq ucbatından səs vermək hüququndan istifadə edə bilməyəcək. Özü də onlardan 3,2 milyonu istintaqa cəlb edilmişdir, yaxud məhkum olunmuşdur, 2,6 milyonu isə artıq cəzasını çəkib qurtarmışdır. Hazırda hər 40 amerikalıdan biri səs hüququndan məhrumdur. Afroamerikalılar arasında isə hər 13 seçicinin biri səsvermədə iştirak edə bilməyəcək. Ayrı-ayrı ştatlarda, məsələn, Kentukke, Virciniya və Floridada 20 faizdən çox qaradərili amerikalı elektoratdan kənarlaşdırılmışdır. Əhalinin Siyahıyaalınması Bürosunun məlumatına görə, 2008-ci il prezident seçkilərində 75 milyon seçici səs vermək hüququndan istifadə etməmiş və onların 60 milyonu çoxsaylı prosedurlarla müşayiət olunan qeydiyyat səbəbindən səs verə bilməmişdir.
ABŞ seçkilərində beynəlxalq müşahidəçilərin səsvermənin monitorinqində iştirakının məhdudlaşdırılması da ciddi problemlər doğurur. Hazırda yalnız Missuri, Cənubi Dakota və Nyu Meksiko ştatlarında, həmçinin Kolumbiya federal dairəsində seçkilər zamanı xarici müşahidəçilərin seçki məntəqələrinə buraxılmasına icazə verilir. Əcnəbi müşahidəçilərin fəaliyyəti məsələsi digər regionlarda yerli hakimiyyət orqanlarının səlahiyyətinə daxildir. ABŞ-da seçkiləri müşahidə etmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları missiyası dəfələrlə amerikalı vətəndaşların bütöv təbəqələrinin fəal seçki hüququnun həddən artıq məhdudlaşdırılması problemini həll etməyə çağırmışdır. Lakin bu çağırışa qulaq asan hələ də yoxdur.
ATƏT-in almaniyalı müşahidəçisi Yurgen Klinke bildirmişdir ki, ABŞ-da qarşıdan gələn prezident seçkilərinin keçirilməsi proseduru ilə əlaqədar narahatlıq doğuran məqamlar var. O hesab edir ki, “beynəlxalq normalara uyğunlaşmaq zəruridir”. Klinke, məsələn, belə bir narahatlığını ifadə edir ki, saat qurşaqlarının fərqi üzündən bir ştatda seçkilərin nəticələri başqa ştatda səsvermə başa çatmamış elan ediləcək. Ekspert hesab edir ki, bu, seçicilərə əsaslandırılmamış təsirdir.
Müşahidəçilərin bütün çağırışlarına baxmayaraq, ABŞ hakimiyyət orqanları seçki prosedurunu beynəlxalq normalara uyğunlaşdırmaq fikrində deyil. İstər demokratlar, istərsə də respublikaçılar hazırda seçkilər üçün yalnız pul yığmaqla məşğuldurlar. Dörd il əvvəl tarixdə ən bahalı prezident seçkiləri keçirilmişdir. O vaxt demokrat Barak Obama dövlət başçısı vəzifəsinə seçilmək üçün 985,7 milyon dollar, onun rəqibi, respublikaçı Mitt Romni 992 milyon dollar pul xərcləmişdi. Obamanın topladığı hər səs 15 dollara, Romniyə verilmiş hər səs isə 16 dollara başa gəlmişdi. Bu dəfə seçkilərə iki dəfədən çox - təxminən 5 milyard dollar pul sərf ediləcəyi gözlənilir.

Allahverdi MEHDİYEV,
“Azərbaycan”


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR