Qurban Qurbanov BANM-ın qonağı olub

Qurban Qurbanov BANM-ın qonağı olub
10:52 31 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “Qarabağ” (Ağdam) futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüş keçirilib.
Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
BANM-in rektoru Elmar Qasımov qonağı ali məktəbin professor-müəllim heyəti və tələbələri adından salamlayıb. Rektor Qurban Qurbanovun idman karyerasından və başçılıq etdiyi komandanın uğurlarından söhbət açıb. “Qarabağ” futbol klubunun azarkeşi olduğunu deyən Elmar Qasımov klubun daşıdığı adın hər bir azərbaycanlı üçün əziz olduğunu da vurğulayıb. BANM-in rektoru qeyd edib ki, “Xaricdə bizim idmanımızı layiqincə təmsil edən Qurban Qurbanovun və klubun futbolçuları sayəsində Avropada və bütün dünyada “Qarabağ” sözü qələbə simvoluna çevrilir”.
Vaxtilə Azərbaycan milli komandasının ən yaxşı hücumçusu olan Qurban Qurbanov BANM-in rəhbərliyinə ali məktəbə dəvət olunmasına görə təşəkkür edib. O deyib ki, BANM-in tələbələri çox savadlı və istedadlı gənclərdir və öz biliklərinə görə ölkənin ən aparıcı ali təhsil müəssisələrindən birində təhsil almaq haqqını qazanıblar. Qonaq həmçinin qeyd edib ki, BANM-in hazırladığı mühəndis mütəxəssisləri Azərbaycanın uğurlu neft-qaz sənayesinin inkişafı üçün lazımdır və o, tələbələrə seçdikləri peşələrdə və tədrisdə müvəffəqiyyətlər arzulayıb.
Sonra Qurban Qurbanov çoxsaylı suallara cavab verib və ən maraqlı sualların müəlliflərinə “Qarabağ” futbol klubunun baş məşqçisinin imzası ilə toplar hədiyyə edib.
Görüşün sonunda BANM-in rektoru Elmar Qasımov ona plaket bağışlayıb. Qurban Qurbanov Elmar Qasımova idman suvenirləri və hədiyyələr bağışlayıb. 
Xatırladaq ki, 2009-cu ildən “Qarabağ” futbol klubu müntəzəm olaraq UEFA-nın Avropa liqasında çıxış edir və komanda üç dəfə pley-off mərhələsinə vəsiqə qazanıb. Ötən il “Qarabağ” öz tarixində ikinci dəfə Azərbaycanın çempion titulunu və Çempionlar Liqasında iştirak etmək üçün vəsiqə qazanıb. Avropa yarışlarında klubun əldə etdiyi nailiyyətlərə görə Qurban Qurbanov Azərbaycanın ən uğurlu məşqçilərindən biri hesab olunur. 


Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/qurban-qurbanov-banm-in-qonagi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR