Rüfət Səfərovun məhkəməsi təxirə salındı - SƏBƏB

Rüfət Səfərovun məhkəməsi təxirə salındı - SƏBƏB
12:22 31 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Şirvan Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, sabiq müstəntiq Rüfət Səfərovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb R.Səfərovun prosesə gətirilməməsi olub. Bu səbəbdən də məhkəmə prosesi noyabrın 17-ə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qəti imkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR