Bakının Hökməli qəsəbəsində kişi həyat yoldaşını
polislərin gözü qarşısında körpüdən atmaq istəyib.
Bu barədəAznews.az-a Təmiz Dünya İctimai Birliyinin rəhbəri
Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, əri
tərəfindən zorakılığa məruz qalan 4 uşaq anası ölümlə hədələnib:
“Qadın iki aydır ki, sığınacaqdadır. O, mütəmadi olaraq əri
tərəfindən söyülüb, döyülüb və təhqir olunub. Əri arvadını evdən
bayıra buraxmayıb. Bir yerə gedəndə qapını arxadan bağlayıb, axşam
gələndə isə onu özü açırmış. Ərinin hərəkətlərindən bezən qadın 3
qızını götürərək evindən qaçıb. Oğlu isə ərində
qalıb”.
M.Zeynalova bildirib ki, kişi arvadını taparaq məcburən evə aparmaq
istəyib: “Qadın getmək istəməyib, polis çağırıb. Kişi isə
arvadını polislərin gözü qarşısında Xırdalandakı Dəyirman
körpüsündən atmaq istəyib. Polislər isə ona mane olub. Kişinin
həyatında başqa qadın var. Dəfələrlə qadının əri ilə danışmağa cəhd
etsək də onu tapa bilməmişik”.
M.Zeynalovanın sözlərinə görə, kişi iyun ayından 157-ci maddə ilə
axtarışdadır: “Amma təəssüf ki, həmin kişi ilə bağlı heç
bir tədbir görülməyib. Kişi bilmir ki, arvadı sığınacaqdadır, biz
onu gizlədirik. Bilsə bəlkə də bura da hücum çəkər”.