“Rusiya Ermənistanda öz yanaşmasını dəyişir. Moskva
bundan sonra proqressiv, intellektual və Rusiyaya loyal olan
insanlarla işləyəcək. Bura Rusiyadakı erməni milyarderlər də daxil
ola bilər”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq
Vadim Dubnov deyib.
Onun sözlərinə görə, Karen Karapetyanın baş nazir təyin olunması
Rusiyanın istəyinin əyani sürətidir.
Qeyd edək ki, Rusiyada yaşayan erməni milyarder Ruben Vardanyan
Ermənistanda dövlət idarəçiliyini tənqid edib və hazırki modelin
dəyişmək zamanı olduğunu vurğulayıb. O, həmçinin, siyasi elitanın
yenilənməsi fikrini də irəli sürür. Erməni milyarderin bu
çıxışından sonra Rusiyanın Ermənistan üçün də “Milyarderlər
ittifaqı” ssenarisi tətbiq etməyə başladığı haqda fikirləri ortaya
çıxartdı. Hansı ki, 2013-cü il prezident seçkiləri ərəfəsində
Rusiyadakı azərbaycanlı milyarderlərin “Milyarderlər ittifaqı” adı
altında birləşərək, siyasi həyata atılmaq cəhdlərinin olması
unudulmayıb. Lakin onlar Rusiya prezidenti Vladimir Putinlə
Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi münasibətlərinin
səviyyəsini nəzərə ala bilməmişdi. Ekspertlər isə Azərbaycandan
fərqli olaraq, Ermənistanda “Milyarderlər ittifaqı” layihəsinin
birbaşa Putinin istəyi altında həyata keçirildiyini hesab edirlər.
Məhz “Qazprom”un işçisi Karen Karapetyanın Ermənistana baş nazir
təyin olunması bunu təsdiq edir.
V. Dubnov qeyd edib ki, Karen Karapetyan Ermənistanda Moskvanın
adından çıxış edir və bununla Rusiya öz planlarını həyata
keçirir.
“Əlbəttə, bu oyunlar həmişə var idi və Moskva həmişə Ermənistanın
daxili proseslərində təmsil olunurdu. Lakin son siyasi proseslər
göstərdi ki, Moskva bir qədər yayınıb. Rusiya Ermənistanda əsasən
Qarabağ məsələsinə və xarici siyasətə nəzarəti əldə saxlamağa
çalışırdı. Digər siyasi proseslər onu o qədər də maraqlandırmırdı.
İndi isə Moskva daha çox maraq göstərir və kənar müşahidəçi olmaq
istəyir. Yəni, Ermənistanın idarəçiliyində Moskva erməniləri təmsil
olunurlar və nəzarət Rusiyanın əlində olur. Karen Karapetyan
faktiki olaraq, Moskva ermənisidir. Moskva Ermənistanı son zamanlar
öz orbitində saxlamağa daha çox enerji sərf edir. Hesab etmək olar
ki, Rusiya Ermənistana “Moskva erməniləri”ndən ibarət desant
çıxaracaq və öz təsirini gücləndirəcək. Bu prosesdə Moskvadakı
erməni biznesmenlər də iştirak edəcək”, - deyə o vurğulayıb.
Asif