Bakıda hansı binalar söküləcək? - AÇIQLAMA

Bakıda hansı binalar söküləcək? - AÇIQLAMA
18:14 31 Oktyabr 2016
704 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarında yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadrat metr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
 
Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Dövlət Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini Əmiraslan Həsənov deyib. O, paytaxtda hansı binaların söküləcəyini də açıqlayıb: “İlk növbədə qəzalı vəziyyətdə olan, həmçinin şəhərin memarlığına xələl gətirən bina və obyektlər söküləcək. Yəni, keçən əsrin əvvəllərində, 60-cı illərədək inşa olunan, əsasən də 1-2 mərtəbəli binalar söküləcək. Onların yerində müasir tələblərə cavab verən hündür mərtəbəli yeni binalar inşa olunacaq. Müəyyən ərazilərdə, yəni 3-5 hektarlıq ərazidə 2 mərtəbəli binalarla yanaşı, bir 5 mərtəbəli ev var. Əgər icra hakimiyyətləri tərəfindən bu binanın da sökülməsini nəzərdə tutan layihə daxil olacaqsa, həmin 5 mərtəbəli bina da söküləcək. Amma ötən əsrin 80-90-cı illərdə inşa olunan orta və hündür mərtəbəli binaların sökülməsi hələlik nəzərdə tutulmayıb. Yəni bu gün 9 mərtəbəli binaların sökülməsi məqsədəmüvafiq deyil. Çünki, bu binalar öz istismar müddətini başa vurmayıb. Amma 1-2 mərtəbəli binaların istismar müddətini başa çatıb və şəhərin memarlığına xələl gətirdiyindən bu binalar sökülməlidir.”
 
Komitə rəsmisi qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, müvafiq rayon icra hakimiyyətləri mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən həmin rayonlarda yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərini hazırlayaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını təmin etməlidir. O bildirib ki, indiyədək Bakının 9 rayonu üzrə komitəyə 52 ərazi planlaşdırma layihəsi təqdim olunub: “Təqdim olunmuş ərazi planlaşdırma layihəsindən 45-i artıq təsdiq olunub. Hazırda 15-ə yaxın ərazidə tikinti-quraşdırma işlərinə başlanılıb və müəyyən mərtəbə səviyyəsində işlər gedir”.  
 
Onun sözlərinə görə, Bakıda yaxın 5 il ərzində tikintisi üçün razılaşdırılmış 45 ərazi planlaşdırma layihəsinin sahəsi ümumilikdə 175 hektardan çoxdur.  Ə.Həsənov əlavə edib ki, bu layihələrə əsasən söküləcək 324 min kvadratmetr yaşayış sahəsinin əvəzinə bütün müasir tələblərə cavab verən 1,8 milyon kvadratmetr yaşayış sahəsinin tikilməsi planlaşdırılıb və komitə tərəfindən razılaşdırılıb. Bu layihələrə əsasən 350-dən artıq yeni binanın tikiləcəyini deyən Ə.Həsənov vurğulayıb ki, söküləcək 4 min mənzilin yerinə 18 min yeni mənzilin inşası nəzərdə tutulub.
 
Söküləcək binaların yerləşdiyi ərazilərdə, yeni binalarla yanaşı, sosial obyektlər, məktəb və bağçalar da inşa olunacaq.
 
Ə.Həsənov qeyd edib ki, bu layihənin həyata keçirilməsi üçün vəsaitin dövlət büdcəsindən ayrılması deyil, yaranmış əlverişli investisiya mühitində sahibkarlar tərəfindən yatırılması planlaşdırılıb.
 
Komitə rəsmisi söküləcək binalarda sakinlərin mənzillə təminatı məsələsindən də danışıb: “Sakinlərin mənzillə təminatı icra hakimiyyəti orqanları ilə cəlb olunan və ya olunacaq sahibkarlar, eləcə də sökülən binalarda mənzili olan mülkiyyətçilər arasında üçtərəfli qarşılıqlı razılıq əsasında həllini tapacaq. Yeni binanın tikintisi ərəfəsində sakinlərin köçürülməsi, mənzillə təminatı və inşaat işləri başa çatandan sonra həmin binada mənzillə təmin olunması üçtərəfli qaydada razılaşdırılacaq”.
 
Komitə rəsmisi bəyan edib ki, digər ərazilər üzrə də icra hakimiyyəti orqanları tərəfindən ərazi planlaşdırma layihələri təqdim olunur: “Hazırda bu sənədlərə baxılır, razılaşdırılır. Müvafiq tövsiyələr verilir. Proses davam edir”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258187

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR