Akademik Məcid Rəsulovun 100 illiyi qeyd olundu

Akademik Məcid Rəsulovun 100 illiyi qeyd olundu
18:53 31 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli riyaziyyatçı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məcid Rəsulovun anadan olmasının 100 illiyi doğulduğu Şəki şəhərində təntənə ilə qeyd olunub.

Publika.az xəbər verir ki, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbirində respublikamızın tanınmış elm xadimləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yubiley tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra Şəki şəhərində, Məcid Rəsulovun adını daşıyan küçənin girişində görkəmli alimin xatirə lövhəsinin açılışı olub. Mərasimdə çıxış edənlər XX əsrdə xalqımızın yetişdirdiyi görkəmli şəxsiyyətlərdən olan Məcid Rəsulovun Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıblar.

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən yubiley tədbirini şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq, Azərbaycanın elm tarixində özünəməxsus yeri olan akademik Məcid Rəsulovun 100 illik yubileyinin onun anadan olduğu Şəki şəhərində keçirilməsinin şəhərin elmi və ictimai həyatında əlamətdar hadisə olduğunu bildirib.

Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycanda riyaziyyat elminin inkişafına böyük töhfələr vermiş görkəmli alimin elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, 1960-cı ildən Bakı Dövlət Universitetində “Ümumi riyaziyyat” kafedrasının müdiri vəzifəsində çalışmağa başlayan Məcid Rəsulov 1964-cü ildə həmin kafedra əsasında “Riyazi fizika tənlikləri” kafedrasını yaradıb və ona rəhbərlik edib. Alimin 1964-cü ildə Moskvada nəşr edilən “Kontur inteqralı üsulu” adlı fundamental monoqrafiyası bütün SSRİ riyaziyyatçılarının stolüstü kitabı və ali məktəblərdə tədris edilən dərslik olub. 1967-ci ildə həmin monoqrafiya İngiltərə Kral Riyaziyyat Cəmiyyətinin sifarişi ilə ingilis dilinə tərcümə olunub. Görkəmli riyaziyyatçının kitabı Hollandiya, ABŞ və Kanadada çap olunub və həmin ölkələrin ali məktəblərində indi də geniş istifadə edilir.

Yubiley tədbirində, həmçinin təhsil nazirinin müşaviri, AMEA-nın müxbir üzvü Yusif Məmmədovun və digərlərinin akademik Məcid Rəsulov haqqında xatirələri dinlənilib, alimin həyatı və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/174219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR