Başqasının bayramında oynamaqdansa...

Başqasının bayramında oynamaqdansa...
23:05 31 Oktyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Hallovenin ölkəmizdə qeyd edilməsi düzgündürmü? 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Bayramlar əzizdir, müqəddəsdir. Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi, xüsusi bayramları da var. Atributlarında və qeyd olunmasında müəyyən fərqlər olsa da, bayramların əsas məqsədi paylaşmaq və yaxınlarını sevindirməkdir. Son illərdə Azərbaycanda öz milli bayramlarımızla yanaşı, müxtəlif ölkələrin bayramları da geniş şəkildə qeyd olunur. Bunlardan biri də hər il oktyabrın 31-də qeyd olunan "İfritələr" bayramı, yaxud Hallovendir. 

Xristian aləmində müqəddəslər bayramı hesab edilən Halloven ilk dəfə  İrlandiya və Şotlandiyada qeyd olunsa da, sonradan bir çox Qərb  ölkələrində sürətlə yayılmağa başladı. Elə ilk dəfə Halloven kostyumu da məhz 1985-ci ildə Şotlandiyada hazırlanıb. Hallovenin özəlliklərindən biri bu bayramda xüsusi kostyumların geyilməsi və qorxulu maskaların taxılmasıdır. Qeyd eək ki, bayramın əsas atributu Cek fənəridir - içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır və balqabağın içinə şam qoyulur. İnanca görə, bütün bunlar şər qüvvələrin dəf edilməsində böyük rol oynayır. Aparılan araşdırmalara görə, ABŞ-da bu bayramı qeyd edənlərin yarıdan çoxu Halloven paltarına 38 dollardan artıq pul xərcləməyi lazım bilmir. 

Getdikcə Azərbaycanda da şöhrət qazanan və tərəfdar ordusu toplayan Hallovenə ölkəmizdə münasibət heç də birmənalı deyil. Yaşlı nəslin nümayəndələri bu bayrama ciddi etiraz edirlər. Onlar bunun lazımsız olduğunu, hətta gənclərə zərərli təsir bağışladığını deyirlər. Bəs görəsən əsasında zarafat və qorxu dayanan balqabaq, yaxud ifritələr bayramını bizim qeyd etməyimiz nə dərəcədə düzgündür? Bu bayramı qeyd etməliyikmi? 

Sosioloq Asif Bayramov deyir ki, xarici ölkələrin, xüsusən Qərb cəmiyyətinin bu tipli bayramları milli kimliyimizə və şüurumuza mənfi təsir göstərərək zərərli həyat tərzi formalaşdırır: "Halloven və digər bu kimi xarici bayramlar sonradan həyat tərzimizə də müxtəlif formada sirayət edir. Bütün bu bayramların keçirilməsində əsas məqsəd Qərbin həyat tərzini təbliğ etmək, yaymaq və sevdirməklə öz dəyərlərimizi sıxışdırıb arxa plana keçirməkdir. Bütün hallarda hansı ölkədən gəlməsindən asılı olmayaraq, əcnəbi bayramlar özündə bizə yad olan elementlər və stereotiplər daşıdığına görə məqsəd cəmiyyətimizin şüurunu işğal etməkdir. Mən qəti olaraq əminəm ki, xarici ölkələrin bayramları bizim milli dəyərlərimizə yaxşı heç bir şey vəd etmir. Əksinə, özümüzə məxsus olan adətlərimizin və bayramlarımızın sıxışdırılmasına xidmət edir".

Sosioloq deyir ki, bu kimi bayramlar ölkədə geniş yayılmamışdan və təbliğatı aparılmamışdan öncə diqqətlə araşdırılmalıdır: "Xarici bayramlar keçirilməzdən öncə dəqiq araşdırılmalıdır. Əgər əsasında zərərli ünsürlər, neqativ fikirlər dayanırsa, onların keçirilməsi qadağan edilməlidir. Bu kimi bayramların keçirliməsinə, təklif edərdim ki, hətta dövlət səviyyəsində qadağalar qoyulsun. Çünki bizə yad olan adət-ənənələrin bizim coğrafiyamıza daxil edilməsi son məqamda min illər boyu bizə yadigar qoyulan dəyərlərin məhvinə gətirib çıxarır. Milli kimliyimizi qorumaq üçün yalnız xalqın özünün sosial müqaviməti kifayət etmir. Bu məsələlər dövlət səviyyəsində həll edilməlidir. Halloven  bayramını  daha çox gənclər qeyd edir ki, mənim fikirmcə, bu daha da təhlükəlidir. Onların toplaşdığı kafe və restoranlarda zərərli, bizə aid olmayan və gənclərə mənfi təsir göstərən mühit var. Bu kafelərin Bakıda yerləşməsi o demək deyil ki, onlar bizə məxsusdur. Onlar məkan olaraq Bakıya, mahiyyət və kimlik olaraq isə xarici ölkələrə məxsusdur. Mən belə bayramların keçirilməsinin qəti əleyhinəyəm". 

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu qəzetimizə açıqlamasında bildirdi ki, hər bir millət əvvəlcə öz dəyərlərinə sahib çıxmalıdır: "Ümumiyyətlə, müasir dünyanın qlobollaşma adlı üzdən füsünkar, amma daxildən fitnəkar olan yeni quruluş modelinin əməlləri xalqları öz dəyərlərindən iki əlli yapışmağa sövq etməlidir. İndi insanlar daha çox millətçi, xalqçı olmağa borcludurlar. Sən birinci özünü sev, sonra başqasını. Özünü sevən başqasına da hörmət edəcək. Amma hörmət də əndazəsini aşmamalıdır. Azərbaycan tarixdə çox sayda yaxşı hadisələr yaradan dövlətdir. Bizim elə gözəl bayramlarımız var ki,  cəmiyyət hələ o bayramın yaranmasına səbəb olan hadisə barədə geniş bilgiyə malik deyil. Yaxşısı budur, xarici bayramlara qol götürüb oynamaqdansa, öz tariximizin şanlı səhifələrini vərəqləyək və əzbərləyək. Hər xalq özü olmasa, məhvə məhkumdur. Özü olmaq isə milli bayramların sidq-ürəklə keçirilməsi, tarixi günlərin unudulmaması ilə bilavasitə bağlıdır. Mən Azərbaycanın Musiqi gününü dünyanın heç bir əlamətdar gününə dəyişmərəm. Həmçinin Novruz bayramını, yaxud Müstəqillik gününü də qeyd etmək olar. Biz özümüzü dünyanın ən inkişaf etmiş ölkəsi ilə belə, bərabər tutmağı bacarmalıyıq".

Qeyd etdiyimiz kimi, bu bayram ölkəmizdə də son vaxtlar təntənəli şəkildə qeyd olunur. Elə bu il də sözügedən bayram şəhərimizin bir çox məkanlarında böyük maraqla qeyd ediləcək. Hətta bayrama hazırlıqlar artıq çoxdan başlayıb. AEGEE-Bakı-nın təşkilatçılığı ilə keçiriləcək Halloven bayramına sosial şəbəkələrdə də böyük maraq var. Tədbirin təşkilatçısı və ictimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Vəzifə Xəlilli də bu bayrama gedənlər arasındadır. O deyir ki, bir neçə dəfə Halloveni qeyd edib və bu bayrama xüsusi marağı var: "Halloven bayramı bildiyiniz kimi, beynəlxalq bir bayramdır və dünyanın bir çox yerində insanlar tərəfindən böyük maraqla qeyd olunur. Mən düşünürəm ki, hər hansısa bir bayram əgər insanların əylənməsinə səbəb olursa, bunun heç bir mənfi cəhəti ola bilməz. Əslində bir çox insanlar tərəfindən mənfi qarşılanır və ölkəmizə uyğun olmadığı vurğulansa da, Hallovenin əsas məqsədi insanları bir araya gətirmək, əyləndirmək və maraqlı vaxt keçirməkdir".

V.Xəlilli deyir ki, bu ilki Hallovenin də özünəməxsusluğu ilə yadda qalacağına əmindir: "Əgər ətrafımızdakı insanlarla bir günlük də olsa, qayğılardan azad olub, xoş vaxt keçirəcəyiksə, mən burada mənfi heç bir şey görmürəm. Bəli, mən özüm də bir neçə dəfə Halloven partilərində iştirak etmişəm. Hər dəfə dəyişik bir görünüşdə olmaq və bayramla əlaqədar maraqlı oyunlarda iştirak etmək insanda xoş təəssüratlar yaradır. Bu il də AEGEE-Bakı olaraq biz oktyabrın 29-da Halloven partisi keçirəcəyik. Şənliyi maraqlı edəcək fərqli oyunlarımız və fikirlərimiz var. Ümid edirəm ki, bu il də Halloven xoş xatirələrlə yadda qalacaq". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR