Artıq bəzilərinin televizoru göstərməyəcək...

Artıq bəzilərinin televizoru göstərməyəcək...
00:22 1 Noyabr 2016
207 Ölkə
Ölkə mətbuatı
A- A+

Hesab edirik ki, Azərbaycanda analoq televiziya yayımının tam dayandırılması ilə bağlı hər hansı problem olmamalıdır.

Bunu Milli.Az-a açıqmasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Aparat rəhbəri qeyd edib ki, bununla bağlı Rabitə və Yüksək Texnologiayalar Nazirliyi (RYTN) tərəfindən poçt şöbələrinə əlavə olaraq 5 min dekoder ("Set-Top-Box"lar) də paylanılıb: "Yəni istənilən şəxs dekoderləri elektron cihazların satıldığı ticarət obyektləri ilə yanaşı, ən azından poçt şöbələrindən də rahat şəkildə əldə edə biləcək. Nazirlik tərəfindən sorğu keçirilib və təxminən nə qədər insanın dekoderlərə ehtiyacı ola biləcəyi müəyyənləşdirilib. Məlum olub ki, əhalinin bəzi hissəsinin televiziya avadanlıqları siqnalları peyk, bəziləri kabel şəbəkəsi vasitəsilə qəbul edir. Hazırda əhalinin əksəriyyəti müasir tipli LCD və LED televizorlardan istifadə edir ki, bunların da dekoderə ehtiyacı yoxdur. Dekoderlər yalnız köhnə, analoq televizorlarından istifadə edənlərə lazım ola bilər ki, onların da alınması üçün satışda kifayət qədər dekoder var. İndi televizorların hansının analoq, hansının rəqəmsal yayımı dəstəklədiyi rahat bilinir. Ölkədə analoq və rəqəmsal televiziya yayımı artıq 5 ildir, hələ 2011-ci ildən paralel şəkildə aparılır. Bu kifayət qədər müddət idi ki, hər kəs televizorunu rəqəmsal yayıma uyğunlaşdırsın".

Qeyd edək ki, rəqəmli TV yayımının analoq yayıma nisbətən aşağıdakı üstünlükləri var:

1. Veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneə dayanıqlığının yüksək olması.

2. TV vericisinin gücünün azaldılması imkanı.

3. Eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması.

4. Təsvirin və səsin canlandırılma keyfiyyətinin artması.

5. Yeni açılış standartı (yüksək aydınlıqlı televiziya) üzrə TV sisteminin yaradılması.

6. Studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi.

7. TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı.

8. İnteraktiv TV yayım sisteminin yaradılması. Bu zaman tamaşaçı veriləcək TV proqramlarına müdaxilə etmək imkanı qazanır.

9. Verilişlərin arxivləşdirilməsi və yazılması imkanı.

10. Verilişin dilinin və subtitrlərin seçilməsi imkanı.

Xatırladaq ki, MTRŞ-nin 27 sentyabr tarixli qərarına əsasən, 1 noyabr 2016-cı il tarixdən etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılacaq. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixdən isə respublikanın digər bölgələrində analoq TV yayımının dayandırılması həyata keçiriləcək.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR