Strateji Yol Xəritəsi bu il qəbul ediləcək

Strateji Yol Xəritəsi bu il qəbul ediləcək
12:57 1 Noyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Strateji Yol Xəritəsi bu il qəbul ediləcək. Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 16 mart tarixli sərəncamı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" adlı sənəd müvafiq İşçi Qrupunun rəhbərliyi altında artıq yekunlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlının sözlərinə görə, hazırda sənədin hüquqi və linqvistik ekspertizası həyata keçirilir: "Eyni zamanda Strateji yol xəritəsinin gələcək 10 ildən artıq bir müddətdə vacib əhəmiyyəti əsas götürülərək bütün dövlət orqanlarından müvafiq rəylərin alınması prosesi gedir. Sənədin ilin sonuna qədər təsdiqi və ictimaiyyətə açıqlanması planlaşdırılır. Strateji yol xəritəsi yeni iqtisadi çağırışlar fonunda postsovet məkanında ilk belə sənəd olacaq ki, bütün maraqlı tərəflərin iştirakı və açıq ictimai müzakirələr aparılmaqla qəbul edilir. Strateji yol xəritəsinin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspert birbaşa iştirak edib. Sənədin yazılması üçün 4000 nəfərlə 150-ə qədər görüş keçirilib. Görüşlərdə Nobel mükafatı laureatı Edvard Preskottdan başlamış ölkənin sıravi fermerlərinə qədər hamının fikri öyrənilib. Yeri gəlmişkən, Strateji yol xəritəsinin ilk açıq ictimai müzakirəsi məhz cəbhə xəttinin yaxınlığında - Ağdam rayonunun Quzanlı qəsəbəsində 300 nəfərin iştirakı ilə keçirilib. Bu, Strateji yol xəritəsinin Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri çərçivəsində həyata keçiriləcəyinə bir daha əminlik yaradır. Sonradan Bakıda və bölgələrdə onlarla ictimai müzakirələr təşkil edilib. İİTKM-də sənədin əhatə etdiyi 11 istiqamət üzrə alt-işçi qrupları yaradılaraq beyin mərkəzi formalaşdırılıb. Həmçinin İİTKM on-line qaydada təklifləri qəbul etməklə müzakirələri praktik olaraq bütün tərəflər üçün əlçatan edib. Öncə qabaqcıl dünya təcrübəsi öyrənilib, sonra həmin təcrübənin əsasında və yerli şərait nəzərə alınmaqla Strateji yol xəritəsi hazırlanıb. İndiyədək 5000 səhifəlik material işlənilib və 1000-dən çox yazılı təklif müxtəlif dövlət orqanları, yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən verilib. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi" sənədi haqqında N12/1 saylı qərar qəbul edib. Qərarda strategiyanın əsaslandırılmış bir sənəd olması vurğulanıb, habelə strategiyadan irəli gələn vəzifələrin elmi tədqiqatlarda nəzərə alınması tövsiyə edilib.
Strateji yol xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişafın əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafına uyğun olaraq Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcəkdir və yüksək gəlirli ölkələr qrupuna daxil olacaq. Strateji yol xəritəsi iqtisadiyyatın 11 əsas sektoru ilə yanaşı, həm də ümumi iqtisadi mühiti ehtiva edən milli iqtisadiyyat perspektivini də əhatə edir. Ümumilikdə, milli iqtisadiyyat perspektivi və 11 iqtisadi sektora dair yol xəritəsini özündə birləşdirən Strateji yol xəritəsi 12 sənəddən ibarətdir. Strateji baxış və yol xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə təfsilatlı birillik yol xəritəsi, 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci il üçün uzunmüddətli baxış və 2025-ci ildən sonra hədəf baxışından ibarətdir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal trendlər, mövcud vəziyyətin GZİT təhlili, görüləcək tədbirlər, tələb olunan investisiya və əsas indikatorları əhatə edir. Seçilmiş prioritetlərə qısamüddətli dövrdə fokuslanmaqla orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın fundamenti qoyulacaq. Strateji yol xəritəsi iqtisadi inkişafa töhfə verən bütün aktorlar, o cümlədən, yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edəcəkdir. Dövlət investisiyaları katalizator rolunu oynayacaq, iqtisadi inkişafın lokomotivi özəl sektor olacaqdır. Strateji yol xəritəsinin inklüziv hazırlanma prosesi onun icrasında bütün tərəflərin iştirakının təmin edilməsini əsaslandırır. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi" sənədində nəzərdə tutulan bir sıra tədbirlərin əhəmiyyəti və tətbiqinin zəruriliyi nəzərə alınaraq, həmin tədbirlər barədə ayrı bir sənəd halında Azərbaycan prezidentinə məruzə olunmuş və qeyd olunan məsələlər Azərbaycan prezidenti tərəfindən son beş ay ərzində imzalanmış bir sıra fərman və sərəncamlarda öz əksini tapmışdır."

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR