Nazirlikdən “SOCAR”a etiraz

Nazirlikdən “SOCAR”a etiraz
14:58 1 Noyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Qaradağ və Səbail rayonlarının sahil zolağında ətraf mühitin mühafizəsi üzrə keçirilmiş monitorinq zamanı bir sıra ekoloji pozuntu halları qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq hesabatında qeyd olunub.

Məlumatda bildirilib ki, Lökbatan qəsəbəsinin bir hissəsində formalaşan tullantı suları Puta gölünə axıdılsa da, çoxmərtəbəli binalardan ibarət olan yaşayış massivinin tullantı suları nasosxananın və boru xətlərinin istismara yararsız vəziyyətdə olmasından Xəzər dənizi ilə əlaqəsi olan Qırmızı gölə axıdılır. Qeyd olunan göldən Xəzər dənizinə tullantı su nəql edən kollektorun Lökbatan dairəsinin yaxınlığında sıradan çıxması nəticəsində axıdılan sular ətraf ərazilərə yayılaraq, sahil zolağını bataqlığa çevirilib.

“Lökbatan qəsəbəsində fəaliyyət göstərən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsində, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsiüzrə Təlim Mərkəzinində istifadədən sonra formalaşan tullantı suları ərazidə tikilmiş BTQ-yə, daha sonra isə Xəzər dənizinə axıdılır. Keçirilmiş monitorinq zamanı BTQ-nin iş fəaliyyətinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Həmçinin adıçəkilən qəsəbədə yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyində olan “Azəriqaz” İstehsalat Birliyinin (İB) Təmir-tikinti İdarəsində məişət və təsərrüfat işlərində istifadədən sonra formalaşan tullantı suları idarənin ərazisindəki şamboya, daha sonra isə relyefə axıdılır.

Qaradağ rayonunun Ələt qəsəbəsində şossenin sol və sağ kənarlarında fəaliyyət göstərən “SOCAR” yanacaqdoldurma məntəqələrində, Ümid, Ələt, Səngəçal və Qobustan qəsəbələrinin sahil zolağında keçirilən monitorinq zamanı ekoloji pozuntu halları müşahidə edilmişdir. Belə ki, keçirilən monitorinq zamanı Ümid qəsəbəsindən 1, Səngəçal qəsəbəsindən 2, Qobustan qəsəbəsindən isə 6 axarın müxtəlif istiqamətlərdən sahil zolağına və Xəzər dənizinə axıdılması qeydə alınıb. Mərkəzləşdirilmiş kanalizasiya xəttinin tikintisinin yarımçıq qalması bəzi ərazilərdə süni gölməçələrin yaranmasına və sahil zolağının bataqlıqlaşmasına səbəb olur. Belə hal sahil xətti boyunca üfunətli kəskin iyin və yoluxucu xəstəliklərin yayılmasına əlverişli şərait yaradır”.

Məlumatda vurğulanır ki, Qaradağ rayonunun Ümid, Səngəçal, Qobustan və Ələt qəsəbələrində mövcud kanalizasiya xətlərinin iş rejimi bərpa edilməzsə, sahilboyu ərazilərdə tullantı su gölməçələrinin artmasına, bataqlıqların əmələ gəlməsinə səbəb ola bilər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/174322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR