“Gürcüstanda azərbaycanlıların deputat seçilməsinə ciddi əngəllər yaradılır”

“Gürcüstanda azərbaycanlıların deputat seçilməsinə ciddi əngəllər yaradılır”
16:28 1 Noyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

“Gürcüstanda azərbaycanlıların kompakt halda yaşadığı ərazilərdən soydaşlarımızın deputat seçilməsinə ciddi əngəllər yaradılır”.

Bunu Publika.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputat deyib ki, bununla onlar gələcəkdə azərbaycanlıların Gürcüstan parlamentində yer almasının faydalı olmayacağını düşünürlər:

“Ancaq gürcülər çox böyük səhvə yol verir. Əslində Gürcüstan parlamentində azərbaycanlıların daha çox təmsil olunması bu ölkənin inkişafına ciddi təkan verər. Onlar azərbaycanlıları kənarda saxlamaqla əslində Gürcüstan dövlətinin inkişafıma ziyan vururlar və bu ölkənin mozaik mənzərəsini pozurlar”.

F.Mustafa qeyd edib ki, indiyədək Gürcüstanda azərbaycanlıların hər hansı separatçı addımlarına rast gəlinməyib:

“Gürcüstan bunu hər zaman nəzərə almalıdır. Ona görə də düşünürəm ki, Marneulidə Əhməd İmamquliyev kimi azərbaycanlı namizədin xalq tərəfindən dəstəklənməsi heç kəsdə şübhə yaratmırdı. Ancaq ona qarşı saxtakarlıq ehtimallarının olması kifayət qədər böyükdür. Hesab edirəm ki, bu hal Gürcüstan üçün zərərli tendensiyadır. Hər halda Gürcüstanda Əhməd İmamaquliyev kimi şəxsin parlamentdə təmsil olunması hamımız üçün faydalı olardı”.

Xatırladaq ki, Marneulidə 36-cı birmandatlı seçki dairəsinin nəzdində fəaliyyət göstərən 46 seçki məntəqəsində keçirilən II tur seçkilərində səsvermədə 47.500 nəfər seçicidən 23 500 nəfər seçici iştirak edib. Həmin seçicilərin 49, 4 faizi deməkdir.

İkinci turun nəticələrinə görə, səsvermədə səslərin sayının hesablanmasından sonra “Gürcü Arzusu” partiyasının irəli sürdüyü namizəd Tamaz Naveriani səs çoxluğu ilə qələbə əldə edib.

Hazırda səsvermənin ilkin nəticələri məlumdur. İlkin məlumat belədir: Tamaz Naveriani 74,61 faiz, Əhməd İmamquliyev isə 25,39 faiz əldə edib. 22 nömrəli Marneuli dairə seçki komissiyasından verilən ilkin məlumata görə, 22.969 seçicidən “Gürcü Arzusu”nun namizədi 17.114 faiz, “Vahid Milli Hərəkat” partiyasının irəli sürdüyü namizəd 5.855 faiz səs toplayıb.

Ə.İmamquliyev jurnalistlərə açıqlamasında seçkilərin düzgün keçirilmədiyini, T.Naveriani isə II tur seçkilərinin azad, şəffaf və demokratik keçirildiyini bildirib.

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) isə bildirib ki, ilkin məlumatlara görə, Gürcüstanda ümumiseçici fəallığı 37,5 faiz təşkil edib.

MSK sözçüsü Anna Mikeladze keçirdiyi ikinci brifinqdə 929 265 seçicinin səsvermədə iştirak etdiyini bildirib.

Onu da bildirək ki, oktyabrın 8-də Gürcüstan parlamentinə keçirilən seçkilərin I turunda “Vahid Milli Hərəkat” partiyasından deputatlığa namizəd irəli sürülən Əhməd İmamquliyev səsvermə zamanı 48, 11 faiz, “Gürcü Arzusu”nun namizədi Tamaz Naveriani isə 43,43 faiz səs toplamışdı.

Qeyd edək ki, doqquzuncu çağırış parlament seçkilərinin II turunda “Gürcü Arzusu”ndan 49 və “Vahid Milli Hərəkat” partiyasından 45, “Azad Demokratlar” partiyasından 2 nəfər, “Topadze-Sənayeçilər” partiyasından 1 nəfər, həmçinin 3 nəfər müstəqil namizədlər iştirak edib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR