Qadına qarşı zorakılığın İslama dəxli varmı? - MÜZAKİRƏ

Qadına qarşı zorakılığın İslama dəxli varmı? - MÜZAKİRƏ
17:34 1 Noyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Bügünkü “Manşet”də  Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova və ilahiyyatçı Elşad Miri “Qadınlar niyə şiddətə məruz qalır?” mövzusunda aparıcı İlham Tumasın suallarına cavab veriblər.   
 
Aynur Veysəlova:
 
Hər bir ailənin özünəməxsus münasibətlər sistemi mövcuddur. Təəssüflər olsun ki, bəzən ailələr eksperiment xatirinə qurulur. Sonradan müəyyən olunur ki, hər iki tərəfin xasiyyətlərində, düşüncələrində, dünya görüşlərində fərqlilik var. Bu fərqlilik birgə yaşayışda neqativ hallarına gətirib çıxarmış olur.
 
Hər bir qurulan ailə üçün 3-5 il vaxt lazımdır. Amma təəssüflər olsun ki, ailələr qurulan zaman bəzi məsələlər nəzərə alınmır. Məsələn, dünya görüşləri üst-üstə düşmür, oğlanın zərərli vərdişləri, alüdəçiliyi var və həmin vərdişlər gizlədilir. Ailə qurulandan sonra həmin xarakterlər üzə çıxır və nəticədə dözülməz hal alır.
 
Bəzən valideynlər övladlarına düzgün tərbiyə, istiqamət vermirlər. Əgər ailədə həm oğlan, həm də qız uşağı böyüyürsə, qız mütləq ev işləri görməyə yönləndirilir. Oğlan tökdüyünü yığmır. Ana bu işi qızına tapşırır. Bir sözlə, oğlana əmək vərdişi öyrədilmir. Oğlan da elə zənn edir ki, bu həmişə belə olmalıdır.
 
Tək Bakıda, rayon mərkəzlərində deyil, ucqar kəndlərdə də görüşlər keçirilır. Məsələn, ailədaxili münaqişələr zamanı ağsaqqalları, din xadimlərini, nüfuzlu şəxsləri cəlb edərək gənc ailələri təcrübəli ailələrlə görüşdürürük. Onları qarşılaşdırırıq və nümunə göstəririk, yaşlıların 30, 40, 50 illik ailələrin tövsiyyələrini dinləyirlər.
 
Dövlət də bu sahədə böyük iş aparır, münaqişəli ailələr qeydiyyata götürülür, daim yoxlamalar gedir. Məsələn, öyrənilir ki, bu ailədə münasibətlər nə dərəcə müsbətə doğru dəyişilib. Amma hər bir insanın təfəkkürünə, dünya görüşünə təsir etmək çətindir. Ölkədə 2 milyon ailə var ki, onların hamısının daxili aləminə girmək çətindir. İnsanlar özləri də ailəyə ciddi və məsuliyyətli yanaşmalıdırlar. 
 
Cinayətlərin amansızlığı, qəddarcasına baş verməsi narahatlıq doğurur. İnsanların münasibətlərində həddindən artıq aqressivliyə meyil var. Biri digərini dinləmir, qəbul etmək istəmir və bu narazılıqlar o dərəcəyə gəlib çıxır ki, insanlar hətta həyat yoldaşlarına qatı düşmən münasibəti bəsləyirlər.
 
İnsanın ailə qurmamışdan əvvəl hansı mühitdə yaşaması, hansı tərbiyəni alması, təhsil səviyyəsi, dünyagörüşü, tərəf-müqabili ilə psixoloji, psixososial, fizioloji uyuşmaları çox vacib məsələdir. Belə uzlaşmalar ailənin uzunömürlü, davamlı olması üçün vacibdir. Bu məsələlərin Azərbaycanda nəzərə alınmaması təəssüfləndirici haldır.
 
Elşad Miri:
 
Qadına qarşı zorakılığın islamla əlaqələndirilməsinin kökündə savadsızlıq, cəhalət dayanır. Azərbaycanda əhalinin 95 faizi müsəlman olsa da, özünü müsəlman adlandıranların əksəriyyəti bircə dəfə də olsa, Qurani-Kərimi açıb oxumayıb.
 
Qurani-Kərimdə qadınlara aid surə var, lakin insanlar bu surədən yalnız özünə sərf edən ayələri çıxarır. Məsələn, bəziləri “Nisa” surəsinin 24-cü ayəsində müvəqqəti nikah adlandırılan, əslində isə, əxlaqsızlıqdan fərqi olmayan siğəni önə çıxarırlar, digərləri “Nisa” surəsində qadının döyülməsinə haqq verildiyini iddia edir.
 
Qadınların döyülməsinə haqq verən ayənin çox əvvəlində deyilir ki, onlarla xoş rəftar edin. Təəssüf ki, bu gün təfsirçilərin 99 faizi kişilər olduğuna görə, təfsirlərdə yanlışlığa yol verilir. Qurani-Kərimdə heç bir zaman psixoloji amildən sonra fizioloji amilin gəlməsi mümkün deyil.
 
Ərəb dilində “darabbə” sözü bir çox mənaları ifadə etdiyi halda, məhz qadın məsələsində “döyün” deyə tərcümə olunur. Halbuki, burada qadına nəsihət etmək, yatağını ayırmaq, üçüncü mərhələdə isə ondan ayrı qalmaq, uzaqlaşmaqdan söhbət gedir. Peyğəmbərimiz özü heç vaxt qadına əl qaldırmayıb, xanımları barədə ağır söz söyləməyib, sadəcə, cəza vermək istəyəndə onlardan ayrı qalıb.
 
İslamda kişinin yeri haradadırsa, qadının da yeri də oradadır. Peyğəmbərimizin işləyən qadına dəstəyi ilə bağlı rəvayətlər var. Bu gün təəssüf ki, qadın kişinin qabırğasından yaranan bir məxluq kimi təqdim edilir.
 
İslamda qadınla bağlı irad tutulan məsələlər iki qadının şahidliyinin bir kişinin şahidliyinə bərabər tutulması, qadına kişidən az miras payı düşməsi, qadının döyülməyinə icazə verilməsi, azyaşlı qızların ərə verilməsidir ki, bunların həqiqi islama dəxli yoxdur.
 
Həqiqi islamı hər hansı dövlətdə axtarmaq lazım deyil. Bu gün həqiqi islam Qurandır. Bu məsələdə ən böyük problem cəhalət, xurafat, mövhumat, din adına ortaya çıxıb dindən xəbərsiz bisavadların ortaya atdıqları məqamlardır.
 
Bu cür halların qarşısını almaq üçün dövlət qurumları, savadlı ilahiyyatçılar, media əl-ələ verməlidir. Həm İslamda, həm Allahın gözündə qadın və kişi də bərabərdir, bütün surələrdə “ey müsəlman kişilər və qadınlar” deyə xitab edilir. Qadın və kişi bərabərdir, lakin onların hər ikisinin cəmiyyətdə özünəməxsus yeri var.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR