Vergilər Nazirliyində Tacikistanın nümayəndə heyəti ilə görüş keçirilib

Vergilər Nazirliyində Tacikistanın nümayəndə heyəti ilə görüş keçirilib
19:42 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Vergilər Nazirliyində Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini xanım Niqina Anvarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 
Bu barədə “Report”a nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.
Vergilər nazirinin müavini Sahib Ələkbərov ölkədə həyata keçirilən vergi siyasəti barədə məlumat verib. Nazir müavini deyib ki, vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq göstərişlərinə uyğun olaraq, bir sıra mühüm addımlar atılıb, o cümlədən vergi qanunvericiliyi və inzibatçılığında ciddi dəyişikliklər edilib.
Onun sözlərinə görə, Azərbaycanda 2008-ci ildən “bir pəncərə” qeydiyyat sistemi fəaliyyət göstərir, 2011-ci ildən fiziki şəxslərin, 2012-ci ildən isə yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron qeydiyyatına başlanıb: "Azərbaycanda vergi dərəcələri əksər Avropa ölkələrindəkindən aşağıdır. Ölkədə geniş vergi güzəştləri mövcuddur, o cümlədən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər torpaq vergisi istisna olmaqla bütün vergilərdən, sənaye və texnologiya parkları isə 7 il müddətinə əksər vergilərdən azaddırlar”.
Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində apardığı işlərə toxunan nazir müavini bildirib ki, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə iri şəhər və rayonlarda vergi ödəyiciləri üçün 56 xidmət mərkəzi yaradılıb və vergi ödəyicilərinə vergi orqanları tərəfindən 60-dək elektron xidmət göstərilir.
Qeyd edilib ki, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzinin fəaliyyəti bütün ölkəni əhatə edir. Vergilər Nazirliyinin rəsmi internet səhifəsi informasiya açıqlığı göstəricisinə görə 8 ildir ki, ölkənin mərkəzi icra hakimiyyəti orqanlarının saytları arasında birinci yeri tutur.
S.Ələkbərov vurğulayıb ki, Vergilər Nazirliyi tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi üçün islahatlar davam etdirilir, yeni iqtisadi şəraitə uyğun strukturlar yaradılır. Cari ilin əvvəlindən başlayaraq, həm qanunvericilik sahəsində, həm də inzibatı idarəetmə sistemində ciddi islahatlar aparılıb, sahibkarlıq subyektlərinin sərbəst fəaliyyəti, yoxlamaların sayının minimuma endirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi yükünün azaldılması, biznes mühitində şəffaflığın təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstəyin artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Nazir müavini Vergilər Nazirliyinin beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verdiyini və mütərəqqi beynəlxalq təcrübənin ölkəmizdə uğurla tətbiq olunduğunu bildirib.
O deyib ki, həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan “Doing Business 2017” hesabatında mövqeyini daha da yaxşılaşdırıb və “Biznesə başlama” indeksi üzrə 5-ci yerdə, “Vergilərin ödənilməsi” indeksi üzrə isə 40-cı yerdə qərarlaşıb: "Bu isə Azərbaycanın investisiya mühiti baxımından ən yaxşı təcrübəyə malik ölkələrdən biri olduğunun göstəricisidir. Bir ay əvvəl isə Azərbaycan Respublikasının 2013-cü ildən üzv olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi nəzdində “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumu”n Qiymətləndirmə Qrupunun 24-cü iclasında ölkəmizin vergi sisteminin “əsasən uyğundur” kimi yüksək reytinqə layiq görülməsi tövsiyə olunub”.
Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini xanım Niqina Anvari Azərbaycanın vergi sahəsində uğurlarını yüksək dəyərləndirib və Azərbaycanın vergi siyasəti sahəsində təcrübəsinin ölkəsi üçün faydalı olacağını bildirib.
Görüşdə nümayəndə heyəti üzvlərinin sahibkarlıq subyektlərində sadələşdirilmiş verginin tətbiqi, sabit vergi sistemi, vergi yükü, vergi yoxlamaları, vergidən yayınma cəhdlərinə qarşı mübarizə və s. barədə Azərbaycanın təcrübəsi ilə bağlı sualları cavablandırılıb və sözügedən məsələlər ətrafında müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/vergiler-nazirliyinde-tacikistanin-numayende-heyeti-ile-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR