“Qızımın aktrisa olmağına qarşıyam, amma...” - Məlahət Abbasova

“Qızımın aktrisa olmağına qarşıyam, amma...” -  Məlahət Abbasova
23:17 1 Noyabr 2016
110 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, 26 ildir ki, Türkiyədə fəaliyyətini davam etdirən aktrisa Məlahət Abbasova vusavat.com saytının suallarına cavab verib: :

- Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın sarayında təşkil edilən mərasimdə iştirak edən yeganə azərbaycanlı sənət adamı idiniz. Təəssüratlarınızı da sosial şəbəkədə paylaşmışdınız. Dəvət necə oldu, gözləyirdinizmi?

- Oktyabrın 29-u Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın Türkiyə Cümhuriyyətinin elan olunmasının 93-cü ildönümü münasibətilə prezident iqamətgahında təşkil etdiyi mərasimə dəvət olunmağım məni xoşbəxt etdi. Həm dövlətim, həm də xalqım adından qürur duydum. 26 ildir ki, Türkiyənin ən böyük sənət ocağı olan, Avropa və Asiyanın ən böyük teatrı hesab olunan İstanbul Şəhər Teatrında həm rejissor , həm də aktrisa kimi çalışıram. İndi də bədii rəhbərin müavini vəzifəsində fəaliyyətimi davam etdirirəm. Səhnəyə qoyduğum və rol aldığım tamaşalar teatrımıza böyük müvəffəqiyyət qazandırıb. Ötən il Elçin müəllimin "Şekspir" əsərini səhnəyə qoyduq, bu tamaşa bizə 10 mükafat qazandırdı. Eyni zamanda bizim Azərbaycan əsərimiz Türkiyə tamaşaçısının yaddaşına yazıldı. Əlbəttə, bu fəaliyyətimin təsiri vardı. O mərasimə dəvət olunacağımı gözləmirdim. Birbaşa prezidentimizin müavini mənə zəng etdi və mərasimə dəvət etdi. Dəvəti eşidəndə çox sevindim. O mərasimə Türkiyənin önəmli simaları dəvət olunur. Azərbaycanlı olaraq oraya dəvət olunmağım mənə də sürpriz oldu. Artıq prezidentin qonaq siyahısında mənim də adım var. Yəqin ki, tez-tez belə mərasimlərə dəvət olunacağam. Mənə bu cür hörmətlə yanaşmaları prezident və həyat yoldaşının Azərbaycana hörmətidir. Təəssüratlarım çox gözəldir. Prezidentimizlə tanış idik. 1995-ci ildə Bəxtiyar müəllimin "İkinci səs" əsərini səhnəyə qoyduğum zaman orada qarşılaşmışdıq. Daha sonra Azərbaycanla bağlı tədbirlərdə görüşmüşdük. Prezident olandan sonra Rəcəb Tayyib bəylə ilk dəfə idi ki, qarşılaşırdıq. Tanıdı məni, işlərimi, teatrı soruşdu. Mənə yaxınlıq göstərdilər. Qızı Esra xanım və kürəkəni ilə yarım saata yaxın söhbət etdik. Təəssüratlarım xoşdur.

- Türkiyədəki fəaliyyətinizlə bağlı hansı yeniliklər var?

- Hazırda "İblis" əsərinin hazırlıqları gedir. Demək olar ki, tamaşa hazırdır. Dili dramaturqumuz Dilek Tekindaş tərəfindən müasir türk dilinə uyğunlaşdırılır. Bir problem olmazsa, noyabrın 15-dən məşqlərə başlayacağam.  Dekorasiya və kostyum dizaynerləri ilə iclasımız olacaq. Teatrımızın rəhbəri Salih Efiloğlu "İblis" əsərini istədiyim kimi səhnələşdirməyim üçün mənə bütün imkanları yaradıb, hər cür maddi tərəfi təmin edəcəklərini deyib. Tamaşa üçün teatrımıza lazımı aparat alınacaq. Bu Hüseyn Cavid yaradıcılığına bir hörmətdir. Bunun üçün Salih Efiloğluna təşəkkür edirəm.  
Eyni zamanda ötən ildən TRT-1-də yayımlanan "Sevda quşun qanadında" serialında rol alıram. Serial çəkilişləri gözəl şəkildə davam edir.

- Qızınız Sudəni Türkiyədə bir çox seriallarda görürük. Gələcəkdə aktrisa kimi fəaliyyətini davam etdirəcəkmi?

- Qızım bir çox seriallarda rol aldı. Gələcəkdə müvəffəqiyyətli aktrisa ola bilər. Hazırda dərsləri ilə məşğuldur. Ona görə təkliflərə "yox" deyirəm. Mən qızımın dərsdən qalmasını istəmirəm. Mənim üçün Sudənin təhsili vacibdir. 4 ildir ingilis dilini öyrənir, pianino dərsi alır. Mən sənətimizin çətinliyini bilirəm. Ona görə onun aktrisa olması barədə fikirlərim tərəddüdlüdür. Mən istəməsəm də, qızım çox istəsə, aktrisa olmasına qarışmaram.  Aktrisa olsa, ona daim dəstək olaram.

 - Oğlunuz Uğur da rol aldığınız serialda çəkilir. Onun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Oğlum Yeditepe Universitetində "Kino operatoru" fakültəsində oxuyur. Menecerim oğlumun şəkillərini gördü, bəyəndi. Bildirdi ki, gəlib serialda oynasın, çəkiliş meydançasına öyrəşsin. Min bir yalvarışdan sonra razı sala bildim. Artıq çəkiliş meydançasına adaptasiya olub. Aktyor olmaq istəsə, narazılıq etmərəm.

- Həyat yoldaşınız övladlarınızın sizin peşəyə yönəlməsinə münasibəti necədir?

- Yoldaşım uşaqlarımın sənətə yönəlməsinə etiraz etmir, o hər zaman uşaqlarımıza dəstəkdir. Hətta mən qızımın aktrisa olmasına etiraz edəndə mənimlə razılaşmır. Bildirir ki, uşağın istəyinə mane olmayım. O uşaqların sevdiyi sənəti seçməsinin tərəfdarıdır.

- Son zamanlar tez-tez bu cür fikirlər eşidirik: "Türkiyədə xarici sənət adamlarını qəbul etmirlər". Amma siz illərdir ki, orada sənətiniz ilə özünüzü sevdirmisiniz. Türkiyədə tanınmaq və özünü sevdirmək çətindir?

- Ölkə dəyişmək çətin prosesdir. Bir anda bütün tanıdıqlarını qoyub, başqa ölkəyə köçürsən. Dil problemini də həll etməlisən. Mənim üçün Türkiyənin ən böyük teatrında çalışmaq çətin idi. Türkiyə demokratik ölkədir. Burada tanışlıq məsələsi yoxdur. Mən yoldaşımın dəstəyi ilə teatra gəldim. Teatra götürülməyim mənə Allahın lütfü idi. 25 ildə özümü sübut etdim. Savadlı insanın önünü kəsmək olmur. Tamaşalarım uğur qazandığı üçün mənə inandılar. Teatrımız bacarıqlı insanların arxasında durur. Mənə dəstək olan sənət yoldaşlarıma təşəkkür edirəm. Türkiyədə hər şey istedada bağlıdır. Tanışlıq, qohumluq söhbətləri işə yaramır. Istedadın, gücün, səbrin varsa, istədiyin yeri qazana bilirsən. Xarici vətəndaş olmaq çətinlik yaratmır. Türkiyədə özümü heç vaxt xarici vətəndaş kimi hiss etməmişəm.

- Son illər azərbaycanlılar "O səs Türkiyə" müsabiqəsinə axın edir. Bir çox istedadlı gəncimizi də biz orada tanıyırıq. Sizcə, onların öz vətənində uğur qazanmamasının səbəbi nədir?

- Gözəl səsli həmvətənlərimin "O səs Türkiyə"-yə axın etməsini normal qarşılayıram. Azərbaycan xalqı istedadlıdır. Onların belə yarışlarda uğur qazanması mənə qürur hissi yaşadır. Münsiflər azərbaycanlıları dəstəkləyir. İstedadlıların Azərbaycanda uğur qazanmamamasının səbəbini bilmirəm. Azərbaycan Türkiyə kimi böyük ölkə deyil. Burada 500-ə yaxın telekanal var. Azərbaycanda istedadlı gənclərin özünü göstərmə şansı azdır. Onsuz da, istedadlı insanlar bir şəkildə özünü göstərir. İstedadlı insanın qarşısını dəfələrlə kəsmək olar. Amma sonda o şəxs özünü onsuz da göstərəcək. İstedadlı şəxslərin özünü Türkiyədə ləyaqətlə tanıtmasını alqışlayıram.

- Azərbaycanlı sənət adamları ölkədə baş verən siyasi, sosial, hətta, mədəniyyətlə bağlı proseslərə münasibət bildirməyə çəkinir. Əsas da gətirirlər ki, sıxışdırılmaqdan, qara siyahıya salınmaqdan qorxurlar. Türkiyədə vəziyyət tam fərqlidir. Hər işdə sənətçilər ön sıradadır. Siz də zaman-zaman hadisələrə münasibət bildirirsiniz. Heç azadfikirli olduğunuz üçün təzyiq görmüsünüz?

- Ötən il Azərbaycanını əməkdar incəsənət xadimi adına layiq görüldüm. Azərbaycan sənət adamı olduğum üçün həm Azərbaycan, həm Türkiyədə baş verən proseslərə münasibət bildirmişəm. Türkiyədə yaşamağım heç vaxt azərbaycanlı kimliyimi əlimdən ala bilməz. Azərbaycanda yaşananlara biganə qala bilmərəm. 26 ildir ki, Türkiyədəyəm. Azərbaycan sənət əsərlərinin və kino sənətinin tanınması üçün çalışıram, buna  nail olmuşam. Son olaraq aktyor Fuad Poladovun teatrdan getməsi məsələsinə öz münasibətimi bildirmişəm. Onun teatrdan getməsini alqışlayanları sərt şəkildə tənqid etdim. O sənət dahisidir. Səbəb nə olursa, olsun, onun teatrdan getməsi xoş hal deyil. Təəssüf ki, onun oynadığı tamaşalar yetim və yarımçıq qaldı.

Türkiyədə sənət insanları Gəzi hadisələrindən tutmuş bir çox siyasi və sosial proseslərə münasibət bildirirlər. Sənət adamı həssas və emosional olur. Mən isə siyasi məsələlərə qarışmıram. Fikirlərimi istədiyim zaman bildirirəm, amma o istiqamətə çox yönəlmirəm.

- 15 iyulda hərbi çevrilişə cəhddən sonra siz də meydanlarda idiniz. Öz fikirlərinizi də tez-tez dilə gətirirdiniz. Hazırda Türkiyədə vəziyyət necədir?

- Xalqını və vətənini sevən türk vətəndaşları kimi biz də meydanlarda idik. Terrora və hərbi çevrilişə cəhdə qarşıyıq.  Demokratik həyatın tərəfində olduğumuz üçün meydanda idik. Biz demokratiyanın yanındayıq.

- Çevrilişə cəhddən sonra Bakıya qayıtmağı düşündünüzmü?

- Hərbi çevrilişə cəhd 4 saat davam etdi. Bir xaos yaşadıq. Əlbəttə, çevriliş olsaydı, vətənə qayıtmağı düşünərdim. Amma Türkiyə ailəmin, uşaqlarımın vətənidir. Türkiyə asanlıqla qurulmadı ki, asanlıqla dağılsın. Şəhidlər versək də, Türkiyə ayaqda qaldı. Hazırda vəziyyət normallaşır. Zamanla hər şey yoluna düşəcək.

 - Yeni çəkilən Azərbaycan filmləri tez-tez tənqid olunur, çatışmazlıqların çox olduğu deyilir. Yeni çəkilən Azərbaycan filmlərini izləmisiniz? Onlar haqda nə düşünürsünüz?

- Maddi tərəflər düşünülərək çəkilən filmlər tez-tez tənqid olunur. Azərbaycan dövlət kinostudiyasının çəkdiyi filmlər isə çox gözəldir. Elçin Musayevin çox gözəl filmləri var, Azərbaycanı xaricdə lazımi şəkildə təmsil edir. Bizim filmlər dünya filmləri səviyyəsinə artıq çatıb.

- "Brat Li" filmində rol aldınız. Təəssüratlarınız necə oldu? Çəkiliş komandasından razı qaldınız?

-  Filminin prodüseri Sarvan dostumdur. Hər zaman mənə deyirdi ki, çəkdiyim filmdə sizin oynamağınızı istəyirəm. Mən də filmi eşidən kimi Azərbaycana gəldim. Sarvan istedadlı insandır, ailəvi dostuq. Gözəl komanda ilə çalışdım. Sabir Məmmədov, Oksana Rəsulova ilə birlikdə rol aldıq. İnanıram ki, tamaşaçılar filmi sevəcək.

- "Brat Li"-dən aldığınız qonorar sizi qane etdi?

- Mən dostlarımla qonorar söhbəti etməyi sevmirəm. Verilən qonorar məni qane etdi. Pul mənim üçün əhəmiyyətli deyildi. Əsas dostların işi görülsün.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/485395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR