Səbr, zövq və istedad... - FOTO

Səbr, zövq və istedad... - FOTO
20:17 5 Yanvar 2015
337 Sosial
Ölkə mətbuatı
A- A+

Rauf Seyidzadə: “Nə qədər işləsən, o qədər çox qazanırsan”
Bu emalatxana adi emalatxanalardan fərqlənir. Çünki burada bizi feyziyab edən musiqi alətlərinə, göz oxşayan suvenirlərə nəfəs verilir. Həmin alətlər məhz burada doğulur, təmir edilir və ərsəyə gətirilir. Adətən tar-kaman ustası deyəndə gözümüzdə orta yaşlı və ya yaşlı insan canlanır. Bəlkə də bu, sənətin tarixinin qədimliyi ilə bağlıdır. Bu sənətlə məşğul olan gənc ustanı tanıdıqda təəccübləndik. Müsahibimiz gənc olmasına baxmayaraq, ömrünün 20 ilini ağac üzərində oyma sənəti ilə məşğul olan Rauf Seyidzadədir.

Ali təhsilli usta


Həmsöhbətimiz ali təhsilli sadə peşə adamlarındandır. Lakin, o universitet bitirsə də, diplomundan istifadə etməyib: “Əslində, mən ali təhsil almaq istəmirdim. Amma bizim dövrdə universitet oxumaq dəb halını almışdı. 1994-cü ildə ali təhsil almayana yaxşı baxmırdılar (gülür. A.Ə). Ailəm də təhsil almağımı çox istəyirdi. Sinifdə 25 uşaq idik, 24-ü universitetə qəbul olmaq üçün hazırlığa gedirdi. Atamın imkanı olmadığı üçün mən müəllim yanına gedə bilmirdim. Buna görə də universitetə daxil olacağıma inanmırdım. Amma dərslərimi yaxşı oxuyurdum. Tale elə gətirdi ki, Dövlət Texniki Universitetinin radiotexnika fakültəsinə qəbul oldum. Amma marağım olmadığımdan heç vaxt ixtisasım üzrə işləmədim”.

“Oymaçılıq sənəti mənə zövq verir”

14 yaşından ağac oyma sənəti ilə məşğul olan müsahibimiz deyir ki, ilk başlarda bu sənətə sadəcə hobbi kimi baxırmış. Onun sözlərinə görə, ağac üzərində oyma sənətinin onun həyatında xüsusi yeri var: “Bizim ailəmizdə heç kim bu işlə məşğul olmayıb. Sadəcə, bu, mənim içimdən gəlib. Taxtanı yonursan və ondan nə isə hazırlayırsan. Bu, doğrudan da zövqvericidir. İlk dəfə ağacı kökündən çıxardım və maraqlı gəldi. Düşündüm ki, bundan nə edə bilərəm. Onu yonmaqla nəyəsə oxşatmağa çalışırdım və bundan zövq alırdım. Əvvəllər heyvan suvenirləri düzəldirdim. Amma tədricən bu işi öyrənəndən sonra tar-kaman oymağa başladım. Çünki heyvan suvenirləri hər yerdə var, amma tar-kamanı hamı düzəldə bilmir. Bu sənətə başlayandan da həmişə yanımda tələbələrim olub. Əslində heç vaxt sənətdən pul qazanmaq məqsədilə istifadə etməyi düşünmürdüm. Boş vaxtım olan kimi ağac oyub musiqi alətləri düzəldirdim. Hazırladığım işlərimi mağazalara verirdim və pulunu almağa getmirdim. Çünki mən o işi pul qazanmaq məqsədilə etmirdim”.

“Gözümüzün nuru gedir”


Sənətinin sirlərindən danışan müsahibimiz deyir ki, hər insan ağac üzərində oyma sənətilə məşğul ola bilməz. Onun sözlərinə görə, bu sənət xüsusi istedad tələb edir: “Xüsusi istedadın olmasa, onu qəlbinin dərinliklərində hiss etməsən, bu işlə məşğul olmaq mümkün deyil. Ən güclü rəssam və ya zərgər belə bu işi hiss edə bilməsə, onda heç nə alınmayacaq. Oyma işini görən çoxdur, amma yonmanı çox az adam bilir. Onu yonarkən insanın gözünün nuru gedir. Bu qədər toz yeyirik. Bəzən deyirlər ki, taxtadır da, orda nə var ki? Amma belə deyil. Bu sənətlə məşğul olan sənətkarda ilk olaraq səbr, zövq və istedad olmalıdır. Sənətimizin digər çətinliyi odur ki, bıçaqdan istifadə etdikdə qol yorulur. Bıçaqla düzgün davranma qaydasını bilmək lazımdır”.

Usta Rauf deyir ki, sənətkarların çoxunda onun hazırladığı musiqi alətləri var: “Azərbaycan sənətində bizdən musiqi aləti almayan sənətkar yoxdur. Demək olar ki, hamısının evində mənim hazırladığım alət var. Təkcə sənətkarlara yox, başqa sahənin insanlarına da suvenirlər düzəltmişəm. Maestro Ceyhun üçün skripkasının maketini düzəltmişdim. Özü məəttəl qalmışdı ki, elə bil skripkam balacalaşıb”.

Tarı gitaraya bənzədənlər


Həmsöhbətimiz deyir ki, əvvəllər gördüyü işin satışını təşkil etməsə də, sonradan bu işi böyütmək qərarına gəlib. Hətta xarici ölkələrdə də tar-kamanı Azərbaycan musiqi aləti kimi təbliğ etməyə başlayıb: “İşlərimi inkişaf etdirdikdən sonra xaricə də göndərdim. Bu sənət onlara çox maraq verirdi. Hətta bunun yonma qaydalarını da xarici ölkədə göstərirdik. Xaricilər tar-kamançanın nə olduğunu bilmirlər, onlar tarı gitaraya bənzədirdilər. Biz də tarın xüsusiyyətlərini onlara izah edirdik. Xaricdə yaşayan azərbaycanlıların daha çox marağı var idi”. Həmsöhbətimiz deyir ki, Azərbaycanda musiqi alətlərinin hazırlanmasına tələbat var: “Azərbaycanda yüngül sənaye zavodu olmadığı üçün istehsal yoxdur. Bizdə satılan suvenirlərin 99 faizi Çindən gəlir. Yerli sənətkarların işləri çox azdır. Buna görə də sözügedən sahəyə tələbat çoxdur. Xaricdən gələn turist də istəyir ki, sırf Azərbaycan məhsulu alsın, çünki Çin məhsulu seçilir”.

Bir əngəlimiz var...

Hər peşədə maraqlı, insanın yaddaşından silinməyən xatirələr olur. Belə hadisələrdən biri də Raufun başına gəlib. Kədərli olsa da, yaddaşlarından silinməyən xatirəni müsahibimiz belə xatırlayır: “İşlədiyim ilk günlərdən yanımda tələbələrim olub və mən bu sənətin sirlərini onlarla bölüşmüşəm. Bir tələbə var idi, bıçaqla ağacı yonarkən əlini kəsmişdi. Əlinin yarası o dərəcədə böyük deyildi, amma o, qanı görən kimi özündən getdi. Birtəhər ayıltdıqdan sonra ayağa qalxdı və sual verdi ki, “mənə nə olub?” Bu zaman əlini gördü və yenidən özündən getdi. Hər dəfə də ayıldıqda heç nə xatırlamırdı. O vaxt qorxsaq da, indi biz bu hadisəyə çox gülürük”.

Sənətin gəlirli olub-olmamasına gəldikdə, usta deyir ki, bu sənətdə pul qazanmaq sənətkarın özündən asılıdır: “Peşə, sənət bilmək çox yaxşıdır. Hər bir sənətkarın ömürlük çörəyi olur. Bu sahə çox gəlirli sahədir, nə qədər çox işləsən, o qədər çox qazanırsan. Bizim bir əngəlimiz var ki, o da Çin məhsullarıdır. Onlar satışa gələndən bizim işlər bir az axsayıb. Amma sənətkarın işinə də qiymət verənlər az deyil”.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR