Vaşinqtonun iş adamlarının Azərbaycanla əməkdaşlığa marağı artır - FOTO

Vaşinqtonun iş adamlarının Azərbaycanla əməkdaşlığa marağı artır - FOTO
10:27 2 Noyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

1 noyabr 2016-cı il tarixində Vaşinqton şəhərinin Kiçik və yerli biznes inkişafı departamentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində ABŞ-ın paytaxt regionunda fəaliyyət göstərən işgüzar dairələrin nümayəndələri ilə görüş keçirilmişdir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə cari ilin 15-16 sentyabr tarixində ABŞ ticarət missiyasının tərkibində Azərbaycana səfər etmiş şirkətlərlə yanaşı, bu ölkənin Ticarət Nazirliyi, Vaşinqton şəhəri merinin ofisi və Kiçik və yerli biznes inkişafı departamentinin nümayəndələri iştirak etmişlər.

Görüşdə ilk olaraq, paytaxt Vaşinqtonun Kiçik və yerli biznes inkişafı departamentinin Beynəlxalq proqram üzrə meneceri Conatan Bredi qeyd olunan ticarət missiyasının səfəri barədə təqdimat etmiş, səfər çərçivəsində İqtisadiyyat, Təhsil və Mədəniyyət və Turizm Nazirlikləri, ADA Universiteti və AZPROMO-da, eləcə də potensial biznes tərəfdaşları ilə keçirdikləri görüşlərdən söz açmışdır. O, həmin görüşlərdə tərəflər arasında informasiya-kommunikasiya texnologiyaları, ticarət, şəhərsalma, turizm, təhsil sahələrində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair faydalı müzakirələr aparıldığını vurğulamışdır. C.Bredi Azərbaycanda səfərdə olduqları zaman gördüklərinin, xüsusilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin, paytaxt Bakı ilə bərabər, regionlarda aparılan işlər və yaradılmış infrastruktur imkanlarının onda və nümayəndə heyətində dərin təəssürat yaratdığını demişdir. O, eyni zamanda, Azərbaycanda turizm potensialını daha yaxından öyrənmək məqsədilə ölkəmizin müxtəlif bölgələrinə, o cümlədən Qəbələ və Şəki şəhərlərinə səfər etdiyini söyləmişdir. Qeyd edilməlidir ki, Şəkinin tarixi və Qəbələdə son dövrlər yaradılan müasir turizm infrastrukturu qonaqlarda böyük təəssürat yaratmış, Bakı ilə yanaşı, regionların turist marşrutlarına daxil edilməsi tövsiyə edilmişdir.

Görüşdə çıxış edən səfir Elin Süleymanov dünyada baş verən proseslər, o cümlədən neftin qiymətinin kəskin azalması fonunda Azərbaycanda iqtisadi inkişafın təmin olunması, xüsusən iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunda ixracın stimullaşdırılması sahəsində prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat vermiş, bu istiqamətdə ABŞ şirkətləri ilə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır. Eyni zamanda, o, Azərbaycanın iştirakı ilə regionumuzda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında danışmış, şərq-qərb və şimal-cənub beynəlxalq dəhlizlərin qovşağında yerləşən Azərbaycanın regionun digər ölkələrinin bazarlarına çıxış üçün əlverişli coğrafi mövqeyə malik olduğunu bildirmişdir. Artıq Azərbaycan ərazisi ilə Çindən Avropaya sınaq konteyner qatarlarının yola salındığını deyən səfir bunun vaxt baxımından dəniz yolu ilə müqayisədə üç dəfə qısa olduğunu söyləmiş və tarixi İpək Yolun bərpasında mühüm əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə işə düşməsi ilə bu dəhlizin önəminin daha da artacağını qeyd etmişdir. Həmçinin, bu gün bölgənin iqtisadi, siyasi mərkəzi olan Azərbaycanın dünyanın turizm mərkəzinə çevrilməsi üçün böyük imkanların olduğunu deyən səfir son dövrlər ölkəmizə gələn turistlərin sayının nəzərə çarpan səviyyədə artığını söyləmişdir.

Azərbaycanlı diplomat xüsusilə ölkəmizin əksər neft ixrac edən dövlətlərdən fərqli olaraq, Azərbaycan üçün enerji sənayesinin yeni bir fenomen olmadığını, Azərbaycanın neft sənayesinin iki əsrə yaxın tarixi olduğunu, hətta dünyada ilk neft quyusunun ölkəmizdə qazıldığını diqqətə çatdırmış və məhz Azərbaycanın bu təcrübəsinə əsaslanaraq, ölkə başçısının uzaqgörən strategiyası nəticəsində neftdən gələn gəlirlərin bütöv region və Azərbaycanda infrastruktur və qeyri-neft sektorunun inkişafına yönləndirildiyini vurğulamışdır. Bildirilmişdir ki, hazırda neftdən gələn gəlirlərin azalmasına baxmayaraq, ölkə rəhbərliyinin düşünülmüş siyasəti nəticəsində əsas infrastruktur layihələri öz bəhrəsini verməkdədir.

Vaşinqton şəhəri merinin ofisinin Protokol və beynəlxalq əlaqələr üzrə direktoru Patrisiya Elvud tədbirdə çıxış edərək, Azərbaycana baş tutmuş ticarət missiyasının ümumilikdə Bakı ilə Vaşinqton arasında müxtəlif sahələrdə təmasların qurulması və əməkdaşlığın təşviqi baxımından səmərəli olduğunu və bunun gələcəkdə davam etdirilməsində maraqlı olduqlarını bildirmişdir.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/485438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR