Füzuli meydanı ləğv edilir

Füzuli meydanı ləğv edilir
18:03 2 Noyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda “Füzuli meydanı” və Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairə ləğv olunacaq.

Bu barədə Publika.az-a “Azəravtoyol”ASC-dən məlumat verilib.

Məlumatda bildirilib ki, hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulub.

Bu layihə çərçivəsində 2014-cü ildə prospektin Səməd Vurğun küçəsi ilə Füzuli meydanı arasında olan hissəsinin çəkilməsi, prospekt boyunca Mərkəzi Parkın salınması və ətraf yolların genişləndirilməsi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.

Hazırda Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.

Aparılan yenidənqurma işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkətinin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub. Belə ki, “Füzuli meydanı” ləğv edilərək mövcud parkın və Füzuli küçəsinin Nərimanov prospektinə qədər uzadılaraq yeni prospektin yaradılması nəzərdə tutulub. Avtonəqliyyat vasitələri Nərimanov prospekti və Səməd Vurğun küçələrinə çatmamış yaradılacaq geri dönmə hissələrindən istifadə edərək hərəkətlərinə davam edə biləcəklər. Bundan başqa Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinədək yalnız sərnişin avtobusların hərəkəti üçün bir hərəkət zolağı ayrılacaq.

Dəyişikliklər Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairədə də baş tutacaq. Belə ki, İnşaatçılar prospekti ilə Bakıxanov küçəsinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün Dövlət Statistika Komitəsinin qarşısındakı dairəyə giriş məhdudlaşdırılacaq. Onların hərəkəti Nərimanov prospektinə yönəldiləcək.Avtonəqliyyat vasıtələri prospektdə yeni yaradılacaq yol hissəsindən geri dönərək Abdulla Şaiq küçəsi ilə yenidən İnşaatçılar prospektinə çıxaraq həm geriyə, həm də düzünə hərəkətlərinə davam edə biləcəklər.

Hərəkətin normal təşkili üçün Nəriman Nərimanov prospektində hərəkət birtərəfli olacaq. Əks istiqamət üzrə hərəkət Abdulla Şaiq küçəsi vasitəsi ilə təmin olunacaq. Sözügedən ərazidə dəyişikliklər həm Dövlət Statistika Komitəsinin qarşısındakı, həm də Nəriman Nərimanovun heykəlinin yerləşdiyi dairələrə çatmamış geri dönməni təmin etmək üçün yeni yol hissələri salınacaq.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/174503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR