Ləzi, hütəmə, səqər, cəhim, haviyə

Ləzi, hütəmə, səqər, cəhim, haviyə
08:52 3 Noyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəhənnəm elə bir yerdir ki, orada kafirlər, Allah düşmənləri və zalımlar əzab olunar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu söz Quranda 77 dəfə işlənmişdir.

Cəhənnəmin özünəməxsus sifətləri vardır ki, onlara işarə edək:
1. Həlakət yeri və pis məkan. "Məgər (küfr başçılarından və rifaha uyanlardan) Allahın nemətlərini (nemətlərin şükrünü) nankorluğa dəyişənlərin və öz qövmlərini (onlara tabe olanları) həlakət diyarına salanların halına baxmadın?! Daxil olacaqları, toxunaraq hərarətini duyacaqları və yanacaqları cəhənnəmə! Ora pis bir məskəndir". ("İbrahim" 28-29).
2. Çətin və davamlı əzablar. "Və o kəslər(dir) ki, "ey Rəbbimiz, cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən onun əzabı (cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir" deyərlər". ("Furqan" 65).
3. Kamil əhatəsi olandır. "Onlar üçün cəhənnəmdən (cəhənnəm odundan) yataq və başları üstündən (elə həmin oddan) örtüklər vardır". ("Əraf" 41).
4. Yeddi qapısı vardır. "Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür"]. ("Hicr" 44).
İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq: "Cəhənnəmim yeddi qapısı vardır ki, bir-birinin üstündə qərar tuturlar". Həzrət (ə) öz mübarək əlinin birini o birisinin üzərinə qoyub buyurur: "Bu cür. Allah behişti o qədər genişləndirmişdir, atəşi isə mərtəbə-mərtəbə qərar vermişdir. Onun ən alçaq mərtəbəsi cəhənnəm, onun üzərindəki ləzi, onun üzərindəki hütəmə, onun üzərindəki səqər, onu başında cəhim, ilk təbəqə isə haviyədir".
Cəhənnəm atəşinin bəzi xüsusiyyətləri:
1. Dəriləri dəyişdirə bilən. "(O gün) insanlar üçün aşkardır, bədənin dərisini yandıran və qaraldandır". ("Muddəssir" 29).
2. Boş buraxmaz. "(Elə bir cəhənnəmdir ki,) nə (yandırmamış bir şeyi) qoyar qalsın, nə də (lap dərinliyinə kimi nüfuz etməyincə) buraxar, (yaxud məhv edildikdən sonra yenidən qaytarılar, yenə də yandırar)". ("Muddəssir" 28). Bu ayə buyurur ki, cəhənnəm atəşi dünyada olan atəş kimi deyildir. Belə ki, dünyada olan atəş insan bədənini yandıran zaman bəzi yerlərini yandırmaz və boş buraxar. Lakin cəhənnəm atəşi belə deyildir. "O, Allahın yanar odudur. Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar)". ("Huməzə" 6-7).
3. Hərarəti şiddətlidir. "De: - əgər dərindən düşünürlərsə - "Cəhənnəm odu daha istidir"". ("Tövbə" 81). İmam Sadiq (ə) buyurur: "Sizin bu od - cəhənnəm atəşinin yeddi hissəsindən biridir ki, yetmiş dəfə su ilə söndürülmüşdür, yenə alovlanmışdır. Əgər belə olmasaydı, heç bir insanın ona dözməyə qüdrəti olmazdı. Yəni, onun kənarında dayana bilməzdi".
Cəhənnəm əhlinin cismani əzabları:
1. Ağrılı yeməklər və içəcəklər. Cəhənnəmim ən pis əzablarından biri - orada olan yeyəcəklər və içəcəklərdir. "Şübhəsiz, (cəhənnəmin dibində bitən və budaqları onun bütün təbəqələrinə çatan) Zəqqum ağacı peşəsi günah olan kəsin yeməyidir. O qarınlarda qaynayan əridilmiş mis kimidir. Qaynar suyun qaynaması kimi!". ("Duxan" 43-46).
"Onun (ölümünün) ardınca (gələn) cəhənnəmdir və (ona) qanla qarışıq çirkli su içirdiləcəkdir. Onu çətinliklə qurtum-qurtum içər və rahat uda bilməz. Və ölüm (cəhənnəm işgəncələri) hər bir tərəfdən ona üz tutar, halbuki o, ölən deyildir (çünki, o dünyada ölüm yoxdur) və onun ardınca çətin və ağır bir əzab vardır". ("İbrahim" 16-17).
2. Atəşdən paltar. "Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir. Onunla da (həmin su ilə) qarınlarında olanlar və dəriləri əriyəcəkdir". ("Həcc" 19-20).
3. Öldürücü küləklər və yandıran sular. "(Onlar içlərinə) nüfuz edən odun və qaynar suyun hərarəti (içərisi)ndə və qatı qara tüstünün gölgəsindədirlər. Nə sərindir, nə də (istirahət etmək üçün) xeyirli (və yararlı)". ("Vaqiə" 42-44).
 
Cəhənnəmin ruhani əzabları:
1. Xaredici əzablar. "Küfr etmiş və Bizim (tovhid, kitabın doğruluğu və din) nişanələrimizi təkzib və inkar etmiş kəslər üçün isə alçaldıcı əzab vardır". ("Həcc" 57).
2. Qəm və qüssə. "Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr, (yenidən məcburi şəkildə) ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!". ("Həcc" 22).
3. Çoxlu təhqir və məzəmmət. "Ey Rəbbimiz, bizi buradan çıxar (və dünyaya qaytar). Beləliklə əgər (bir daha küfr və günah azğınlığına) qayıtsaq, deməli onda mütləq zalımıq". (Allah) buyurar: "Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!". ("Muminun" 107-108).
4. Behişt əhli ilə həsrətli söhbətlər. "Və cəhənnəm əhli cənnət əhlini səsləyəcək ki: "Sudan və ya Allahın sizə verdiyi ruzidən bizim üstümüzə tökün". Deyəcəklər: "Həqiqətən Allah bu ikisini kafirlərə haram etmişdir". ("Əraf" 50).
Allah Təala bizləri bu əzabdan qorusun!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR