"Dərmanın əlavə təsirlərini aşkar edən nazirliyə məlumat versin"

"Dərmanın əlavə təsirlərini aşkar edən nazirliyə məlumat versin"
12:05 3 Noyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dərmanın əlavə təsirləri aşkar edildiyi halda vətəndaş Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəsmi internet saytındakı (www.pharma.az) "onlayn" məlumat blankını doldura və bu məlumatı sonradan məktub və ya faksla yollaya bilər.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurasının dərman vasitələrinin əlavə təsirlərinə nəzarət qaydalarına əsasən, həkimlər və istehsalçılar dərman vasitəsinin istifadəsi zamanı təlimatda göstərilməyən, yaranan bütün əlavə təsirlər haqqında məlumat verməlidirlər.

Nazirlikdən qeyd edilib ki, hər bir dərman vasitəsi bazara çıxmazdan öncə bir çox klinik sınaqlardan keçir: "Klinik sınaqlardan uğurla keçmiş yüksək terapevtik effekt göstərmiş və əlavə təsirlər baxımından təhlükəsiz dərman vasitələri satış bazarına çıxmağa icazə alır (qeydiyyata alınır). Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi müasir dövrdə ən aktual məsələlərdən biridir. Dərman vasitələrinin təhlükəsizliyi qlobal problemlərdən biridir. Dərmanların əlavə təsiri insan orqanizminə mənfi təsir göstərə, hətta bəzi hallarda ölümlə nəticələnə bilər. Bundan başqa, dərman vasitələrinin əks-təsirindən meydana gəlmiş fəsadları aradan qaldırmaq iqtisadi cəhətdən böyük vəsait tələb edir".

Nazirik həmçinin bildirib ki, müasir dərman vasitələri bir çox xəstəliklərə qarşı effektiv mübarizə imkanları verir: "Lakin hər bir dərman (yunanca "farmakon" - zəhər) eyni zamanda, zəhərdir və hər bir dərmanın müsbət terapevtik təsirləri ilə yanaşı, mənfi əlavə təsirləri də var. Təbii ki, bu təsirlər dərmanların klinik tədqiqat mərhələlərində öyrənilir. Lakin dərman vasitələri satışa çıxdıqdan sonra da yeni əlavə təsirlər meydana çıxır".

Nazirlikdən qeyd edilib ki, Azərbaycanda dərman vasitələrinin rasional istifadəsi, dərman preparatlarının effektivliyi və əlavə təsirləri haqqında məlumatın sistemləşdirilməsi, səhiyyə işçilərinin dərmanların təsiri haqqında məlumatlandırılması və ümumi mərkəzləşdirilmiş məlumat sisteminin yaradılması məqsədi ilə Mərkəzdə farmakoloji nəzarət sistemi qurulmaqdadır: "Dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirlərin və fayda/risk nisbətlərinin sistemli bir şəkildə izlənməsi, bu xüsusda məlumat toplaması, qeydiyyata alınması, qiymətləndirilməsi, arxivləşdirilməsi, tərəflər arasında əlaqələrin qurulması və dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlərin görülməsi Mərkəzdə aparılan farmakonəzarət fəaliyyətlərinin əsasını təşkil edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR