Çəmənə qar yağır, çölə qar yağır... - XOŞBULAQ YAYLAĞINDAN REPORTAJ

Çəmənə qar yağır, çölə qar yağır... - XOŞBULAQ YAYLAĞINDAN REPORTAJ
13:34 3 Noyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 31-dən başlayaraq respublika ərazisində, o cümlədən qərb bölgəsində hava şəraiti dəyişərək yağış yağmağa başlayıb. Dağlıq ərazilərdə, Gədəbəy, Tovuz və Daşkəsən rayonlarında isə yağış qarla əvəz olunub.
 
APA TV-nin qərb bürosunun xəbərinə görə, Daşkəsən rayonuna doğru hərəkət etdikcə qarın hündürlüyü artır. Rayon mərkəzinə 30-40 sm, ucqar yerlərdə isə daha çox qar düşüb.
 
Xoşbulaq rayonun turizm əhəmiyyətli kəndlərindən biridir. Bu yaşayış məntəqəsinə doğru hərəkət etdikcə texnika və canlı qüvvənin yolu təmizlədiyini görmək olar. Turistlərin həmişə yaşıllıqlar içərisində gördükləri, təmiz havası ilə məşhur olan Xoşbulaq hazırda ağ örpəyə bürünüb.
 
Nəbi Məmmədov, sakin: "Mən Xoşbulaq yaylağında olmuşam hazırda da bu kənddə yaşayıram. Hələ indiyə kimi belə qar yağmağını birinci dəfədir görürəm. Metrdən artıq qar yağdı. Əriməkdədir. Ağacları sındırıb. Elektrik xətlərini bəzən qırır. Sağ olsunlar, gəlib tez düzəldirlər. Çətin də olsa, təmiz, gözəl havadır Xoşbulaq yaylağında".
 
Sakinlər bildirirlər ki, sentyabr ayından sonra Xoşbulaq havasına etibar etmək olmaz. Hər an burada yağış və qar yağa bilər. Təsərrüfat sahibləri qış tədarükünü görüblər. Heyvan saxlayanlar yem toplayıb, əkin aparanlar isə məhsullarını anbarlara yığıblar.
 
Oruc Qurbanov, sakin: "Hardasa 1974-75-də də hələ sentyabrın 10-u, yoxsa 11-i idi qar yağanda. O vaxt sovet vaxtı idi. Otlarımız çöllərdə qalmışdı. Gedib süpürüb otu yığırdıq".
 
Kənddə soyuq havaların yaratdığı çətinliklərdən biri də istilik sistemi ilə bağlıdır. Əhalisi 2 min nəfərdən yuxarı olan Xoşbulaqda qış aylarında yaşayanların sayı azalır. Təbii qazın olmaması səbəbindən sakinlər başqa yerlərə köçürlər. Bir müddət əvvəl kəndə qaz xətləri çəkilsə də, bu işlər yarımçıq qalıb.
 
Vüqar Tağıyev, sakin: "Qarın yağmağı yaxşıdır, xeyir-bərəkətdir, ruzidir. Sadəcə, qaz olsa, şəraitimiz olsa, biz də odundan istifadə etmərik. Odun baha başa gəlir. Biz də istəyərik ki, qazımız olsun yandıraq, belə tüstüdə çox durmayaq".
 
Qışda Xoşbulağa gəlmək istəyən turistlər kifayət qədərdir. Lakin qazın olmaması qonaqların gəlişinə mane olur. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev isə yaxın vaxtlarda Xoşbulağa təbii qazın veriləcəyini bildirir: "Dövlət proqramına salınıb. Bu barədə mən Rövnəq müəllimə də rəsmi qaydada müraciət etmişəm. Tezliklə qazlaşma qonşu rayonlarda olduğu kimi, Daşkəsən rayonu da dağ ətəyində yerləşdiyi üçün burda meşə də yoxdur, durub odundan istifadə eləsin. O qazlaşma tam çəkilib başa çatmasa, onda bizim bu ərazilərin boşalmasına səbəb ola bilər. İnanıram ki, qısa müddətdə, yəni yaxın yay aylarında qaz məsələsi tam öz həllini tapacaq".
 
Daşkəsənə yağan gözlənilməz qar rayon mərkəzində bir sıra çətinliklər yaradıb. Ağırlığa dözməyən ağacların qırılan budaqları aidiyyəti qurumların əməkdaşları tərəfindən yığışdırılıb. Yollarda olan qar texnika vasitəsilə təmizlənib. Məlumata görə, rayon ərazisində yağan qar 6 elektrik dirəyini yerə yıxıb, 2 transformatoru sıradan çıxarıb. Nəticədə 14 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb. Qar 700 metrə kimi rabitə kabelini sıradan çıxarıb. İcra başçısının sözlərinə görə, rayon mərkəzi ilə kəndləri birləşdirən yollarda da yağıntı nəticəsində çətinliklər yaranıb: "Kəndlə rayon mərkəzi arasında əlaqələr kəsilib. İşıq, qaz, su təchizatı demək olar ki, ağır vəziyyətdədir. Amma qısa müddətdə dünən gecə səhərə kimi öz daxili imkanlarımız hesabına aidiyyəti üzrə lazımi işləri görmüşük. Artıq qaz da var, işıq da var, su da var. Kəndlərə də yollar açılıb. Texnikanın çatışmaması çətinliklər yaradıb. Amma camaatın və qonşu rayonlardan cəlb edilən texnikanın köməyi ilə çətin vəziyyətdən çıxmışıq".
 
Ötən gecə Daşkəsən rayonunda temperatur -4 dərəcə olub. Gündüz saatlarında da soyuq hava davam edib. Lakin buna baxmayaraq, məktəb və uşaq bağçalarının isidilməsi sahəsində heç bir çətinlik olmayıb. Təlim-tərbiyə və tədris davam etdirilir.
 
Rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, Daşkəsəndə gözlənilməz təbiət hadisələri tez-tez baş verdiyindən, aidiyyəti qurumlar hazır vəziyyətə gətirilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR