Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli
şəhərində qarşıdurma baş verib.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə bununla
bağlı bir sıra məlumatlar yayılıb.
Məlumatlara görə, ötən gün Marneulidə svan əsilli gürcülərlə
azərbaycanlılar arasında qarşıdurma yaşanıb. Belə ki, dünən baş
verən qarşıdurmada bir svan əsilli gürcü oğlan öldürülüb. Buna
cavab olaraq, svanlar bu gün bazara hücum çəkib. Yaşanan davada bir
qadın öldürülüb.
Marneulidən olan ictimai fəal Samirə Bayramova da baş verənlər
haqqında sosial şəbəkədə məlumat yaymışdı.
Lakin daha sonra o, məlumatı silib və bunu belə izah edib: “Çoxları
başa düşməmədi. İddia edirlər ki, mən qəsdən təxribat yaradıram və
buna görə cinayət məsuliyyətinə cəlb oluna bilərəm”.
Bundan sonra qeyd edib ki, qadının ölümünə səbəb olan şəxs svan
olmayıb.
Hazırda baş verən hadisə ilə bağlı ziddiyyətli məlumatlar
yayılır.
Marneulidən olan deputatlığa keçmiş namizəd Əhməd İmanquliyev
Publika.az-a açıqlamasında bir qadının öldüyünü
təsdiq edib. Lakin o, baş verənlərdə etnik qarşıdurma amilinin
olmasını təsdiqləməyib və bunun ümumiyyətlə baş verməsini mümkünsüz
adlandırıb.
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev də baş
verənlərin etnik qarşıdurma olmasını təkzib edib.
Publika.az-a açıqlamasında Dərziyev bildirib ki,
hadisə yoldan keçən avtomobilin bazarda yol kənarında meyvə-tərəvəz
satan qadın satıcının piştaxtasına toxunması nəticəsində baş
verib.
“Mübahisə yaranıb. Məlumatlara görə, avtomobilin sürücüsü qadını
itələyib. Qadın da yıxılanda başının yerə dəyməsi nəticəsində
keçinib. Bu, sırf məişət zəminində baş vermiş hadisədir. Nə
Marneulidə, nə də azərbaycanlıların yaşadığı digər ərazilərdə heç
bir siyasi, etnik qarşıdurma yoxdur”, - deyə o bildirib.
Gürcüstanın Daxili İşlər Nazirliyi isə bu gün günorta saatlarında
yaydığı məlumatda qadının öldürülməsi faktını təsdiqləməyib.
Rəsmi məlumata görə, qadının ürəyi xəstə olub. Digər şəxslərlə
mübahisə zamanı, ürəktutmasından vəfat edib.
Asif