“Qarabağ”dan möhtəşəm qələbə: qrupda ikinci pilləyə yüksəldi (FOTO)

“Qarabağ”dan möhtəşəm qələbə: qrupda ikinci pilləyə yüksəldi (FOTO)
02:48 4 Noyabr 2016
193 İdman
Ölkə mətbuatı
A- A+

Noyabrın 4-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Qrup mərhələsinin IV turunda Ağdam təmsilçisi səfərdə Yunanıstanın “PAOK” komandası ilə qarşılaşıb.

Şotlandiyalı baş hakim Con Bitonun idarə etdiyi oyunda “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Rahid Əmirquliyev, Riçard Almeyda, Muarem Muarem, Dani Kintana və Dino Ndlovu yer alıblar.

“PAOK”un ilk on birliyində isə meydana Panayotis Qlikos, Leo Matos, Marin Leovats, Yannis Mistakidis, Fernandu Varela, Qoyko Tsimirot, Dieqo Bisesvar, Harri Rodriqes, Qiorqos Tsavellas, Xose Kanayas və Stefanos Atanasiadis çıxıblar.

Salonikidəki “Tumba” stadionunda keçirilən oyunun ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. “Qarabağ” futbolçuları rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsalar da, ilk hissədə hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan “Qarabağ” görüşün 69-cu dəqiqəsində istəyinə çatıb. Miçel topu qapının uzaq küncünə vuraraq hesabı açıb. Qoldan sonra daha da fəallaşan “Atlılar” rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaratsalar da, hesab dəyişməyib. Beləliklə, görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ” doğma meydanda Çexiyanın “Slovan” klubu ilə 2:2 hesablı heç-heçə edib. Komandamız İtaliyada “Fiorentina”ya 1:5 hesabı ilə məğlub olsa da, Bakıda “PAOK”u iki cavabsız qolla məğlub edib.

“J” qrupunun digər görüşü İtaliyanın “Fiorentina” və Çexiyanın “Slovan” komandaları arasında baş tutub. Rəqibini 3:0 hesabı ilə məğlub edən İtaliya təmsilçisi 10 xalla qrupda liderliyini davam etdirir. Hesabında 7 xal olan “Qarabağ” ikinci, “PAOK” isə 4 xalla üçüncü pillədə qərarlaşıb. “Slovan” 1 xalla sonuncu – dördüncü yerdədir.

Ağdam təmsilçisi qrup mərhələsi çərçivəsində növbəti oyununu noyabrın 24-də səfərdə “Slovan”a qarşı keçirəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR