İçməli su anbarları kütləvi epidemiya mənbəyi ola bilər, əgər...

İçməli su anbarları kütləvi epidemiya mənbəyi ola bilər, əgər...
08:05 4 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Su anbarlarının mühafizəsi necə təşkil olunur? Anbarlarda içməli su hansı qaydalarla təmizlənməli və əhalinin istifadəsinə verilməlidir? Bu məsələlərə diqqət edilməməsi fəsadlara yol aça, kütləvi epidemiya mənbəyi ola bilər. Bu səbəbdən içməli su anbarlarının təhlükəsizliyinin təmin edilməsi strateji vəzifə sayıla bilər.

Milli.Az bildirir ki, içməli su anbarlarının mühafizəsi ilə bağlı Trend-in suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də bu məsələnin insanların həyatı və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyir.

Ekspertin sözlərinə görə, su hövzələri və su anbarlarının təhlükəsizliyi, mühafizəsi ilə bağlı Azərbaycanda kifayət qədər qanunvericilik aktları var: "Dövlətin istifadəsində olan su anbarları və su obyektlərinin mühafizəsi müvafiq icra hakimiyyətləri orqanları tərəfindən həyata keçirilir. Bundan başqa, həmin obyektlərin mühafizəsi ilə bağlı "Sanitar epidemioloji salamatlıq haqqında" Qanun və Azərbaycan Su Məcəlləsi də mövcuddur. Qanunvericilik aktlarda su anbarlarının mühafizəsi, onların hidrotexniki qurğularla təchizatı göstərilib. Su anbarlarının mühafizəsinin təşkili bu qanunvericilik aktları vasitəsilə tənzimlənir. Qanunvericiliyə görə, su anbarlarının mühafizə zolağının yaradılması vacib hesab edilir. Sənəddə su anbarlarında mühafizə zolağının təşkilində hidroloji, hidrobioloji sanitar qaydalar da göstərilib".

Ekspert bildirir ki, insanların təhlükəsizliyi üçün su anbarlarının mühafizəsi xüsusi diqqət tələb edir: "Bu prosesdə hər hansı sanitar epidemioloji qaydanın pozulması insan həyatı üçün təhlükəyə səbəb ola bilər. Məsələn, su anbarına hansısa zəhərli kimyəvi maddənin düşməsi insanlar arasında kütləvi təhlükəyə səbəb ola bilər. Ona görə su anbarlarının ekoloji durumu, sanitar epidemioloji normaları və hidrotexniki və sutəmizləyici qurğuları daim yoxlanılmalıdır".

E.Nurəliyev deyir ki, su anbarlarının ətrafında yaşıllıq zolağının olması, ətrafda işıqlandırma sisteminin quraşdırılması vacibdir: "Bununla yanaşı, su anbarının ərazisini müşahidə edən nəzarət kameraları quraşdırılmalıdır. Su anbarların qapısı həmişə bağlı olmalı və buna xüsusi nəzarət olunmalıdır. Hər hansı su anbarının qapısının nəinki açıq, hətta zədəli olması içməli suya müəyyən heyvan, həşərat və ya külək, hava yolu ilə zərərli bitkilərin düşməsinə səbəb ola bilər. Bu da çürümə nəticəsində suda hansısa zəhərli maddələr yaradar ki, həmin sudan istifadə edən əhalinin həyatına təhlükə yaranar. Qanunvericiliyə görə, su anbarlarında baş verəcək hər hansı neqativ hadisəyə görə, həmin anbarlara cavabdeh şəxslər qanunvericiliklə məsuliyyət daşıyırlar".

Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, su anbarlarının mühafizəsi ilə bağlı mütəmadi tədbirlər keçirilir və anbarlara lazımi səviyyədə nəzarət edilir: "Bununla bağlı Bakıdakı yaşayış məhəllələrində və binaların həyətlərində olan su anbarlarında mütəmadi yoxlamalar aparılır. Köhnə su anbarları standartlara uyğun təmir edilir. Xətai və Suraxanı rayonlarında artıq 10-a yaxın su anbarının ətrafı abadlaşdırılıb, hasarları yenidən qurulub, ərazidə işıqlandırma sistemləri quraşdırılıb. Anbarların içi mütəmadi təmizlənir və əhalinin təmiz içməli su ilə təminatına xüsusi diqqət yetirilir".

A.Cəbrayıllı bildirib ki, su anbarlarının nasos stansiyaları da yenidən qurulub: "Həmin stansiyalarda yeni nasoslar quraşdırılıb. Anbarların ətrafında yaşıllaşdırma işləri görülüb".

Qurum rəsmisi deyib ki, hazırda "Azərsu" ASC əməkdaşları digər rayonlardakı ərazilərdə də araşdırmalara başlayıb. Bakı şəhəri üzrə su anbarlarında problem aşkar edilərsə, həmin problemlər aradan qaldırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR