Su anbarlarının mühafizəsi necə təşkil olunur?
Anbarlarda içməli su hansı qaydalarla təmizlənməli və əhalinin
istifadəsinə verilməlidir? Bu məsələlərə diqqət edilməməsi
fəsadlara yol aça, kütləvi epidemiya mənbəyi ola bilər. Bu səbəbdən
içməli su anbarlarının təhlükəsizliyinin təmin edilməsi strateji
vəzifə sayıla bilər.
İçməli su anbarlarının mühafizəsi ilə bağlı Trend-in suallarını
cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev
də bu məsələnin insanların həyatı və təhlükəsizliyi üçün xüsusi
əhəmiyyət kəsb etdiyini deyir.
Ekspertin sözlərinə görə, su hövzələri və su anbarlarının
təhlükəsizliyi, mühafizəsi ilə bağlı Azərbaycanda kifayət qədər
qanunvericilik aktları var: “Dövlətin istifadəsində olan su
anbarları və su obyektlərinin mühafizəsi müvafiq icra
hakimiyyətləri orqanları tərəfindən həyata keçirilir. Bundan başqa,
həmin obyektlərin mühafizəsi ilə bağlı “Sanitar epidemioloji
salamatlıq haqqında” Qanun və Azərbaycan Su Məcəlləsi də mövcuddur.
Qanunvericilik aktlarda su anbarlarının mühafizəsi, onların
hidrotexniki qurğularla təchizatı göstərilib. Su anbarlarının
mühafizəsinin təşkili bu qanunvericilik aktları vasitəsilə
tənzimlənir. Qanunvericiliyə görə, su anbarlarının mühafizə
zolağının yaradılması vacib hesab edilir. Sənəddə su anbarlarında
mühafizə zolağının təşkilində hidroloji, hidrobioloji sanitar
qaydalar da göstərilib”.
Ekspert bildirir ki, insanların təhlükəsizliyi üçün su anbarlarının
mühafizəsi xüsusi diqqət tələb edir:"Bu prosesdə hər hansı sanitar
epidemioloji qaydanın pozulması insan həyatı üçün təhlükəyə səbəb
ola bilər. Məsələn, su anbarına hansısa zəhərli kimyəvi maddənin
düşməsi insanlar arasında kütləvi təhlükəyə səbəb ola bilər. Ona
görə su anbarlarının ekoloji durumu, sanitar epidemioloji normaları
və hidrotexniki və sutəmizləyici qurğuları daim
yoxlanılmalıdır".
E.Nurəliyev deyir ki, su anbarlarının ətrafında yaşıllıq zolağının
olması, ətrafda işıqlandırma sisteminin quraşdırılması
vacibdir:"Bununla yanaşı, su anbarının ərazisini müşahidə edən
nəzarət kameraları quraşdırılmalıdır. Su anbarların qapısı həmişə
bağlı olmalı və buna xüsusi nəzarət olunmalıdır. Hər hansı su
anbarının qapısının nəinki açıq, hətta zədəli olması içməli suya
müəyyən heyvan, həşərat və ya külək, hava yolu ilə zərərli
bitkilərin düşməsinə səbəb ola bilər. Bu da çürümə nəticəsində suda
hansısa zəhərli maddələr yaradar ki, həmin sudan istifadə edən
əhalinin həyatına təhlükə yaranar. Qanunvericiliyə görə, su
anbarlarında baş verəcək hər hansı neqativ hadisəyə görə, həmin
anbarlara cavabdeh şəxslər qanunvericiliklə məsuliyyət
daşıyırlar".
Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat
xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, su anbarlarının
mühafizəsi ilə bağlı mütəmadi tədbirlər keçirilir və anbarlara
lazımi səviyyədə nəzarət edilir: “Bununla bağlı Bakıdakı yaşayış
məhəllələrində və binaların həyətlərində olan su anbarlarında
mütəmadi yoxlamalar aparılır. Köhnə su anbarları standartlara uyğun
təmir edilir. Xətai və Suraxanı rayonlarında artıq 10-a yaxın su
anbarının ətrafı abadlaşdırılıb, hasarları yenidən qurulub, ərazidə
işıqlandırma sistemləri quraşdırılıb. Anbarların içi mütəmadi
təmizlənir və əhalinin təmiz içməli su ilə təminatına xüsusi diqqət
yetirilir".
A.Cəbrayıllı bildirib ki, su anbarlarının nasos stansiyaları da
yenidən qurulub:"Həmin stansiyalarda yeni nasoslar quraşdırılıb.
Anbarların ətrafında yaşıllaşdırma işləri görülüb".
Qurum rəsmisi deyib ki, hazırda "Azərsu" ASC əməkdaşları digər
rayonlardakı ərazilərdə də araşdırmalara başlayıb. Bakı şəhəri üzrə
su anbarlarında problem aşkar edilərsə, həmin problemlər aradan
qaldırılacaq.