İtaliya festivalından “Qarabağ”adək

İtaliya festivalından “Qarabağ”adək
13:41 4 Noyabr 2016
31 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda İtaliya festivalı artıq ikinci dəfədir təşkil edilir. Tədbirlərin təşkilatçısı qismində isə İtaliyanın Azərbaycandakı səfirliyi çıxış edir.

Mərasimdə ölkəmizdə də populyarlıq qazanan İtaliyanın məşhur markaları təmsil olunur. Bu ölkənin mebel, geyim, kosmetika, zərgərlik və avtomobil brendlərinə distribütorluq edən Azərbaycan şirkətləri festivala yaxından dəstək verir.

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Cutillo ilə söhbətimizdə festivalın məqsədi, İtaliya üçün əhəmiyyətinə toxunduq. Səfirlə elə festivalın gedişatında görüşdük. Bizimlə müsahibəyə məmnuniyyətlə razılıq verdi. Onunla söhbətimizi yazının gedişatında təqdim edəcəyik. Hələlik qayıdaq festivalın özünə.

Təbii, İtaliya biz azərbaycanlılar üçün həmişə cəlbedici ölkə sayılıb. Təkcə böyük tarixi, mədəniyyəti deyil, həm də məşhur brendlərinə görə... O brendləri indi adbaad sadalasaq siyahı  uzun alınacaq. Ünlü maşınları, şərabları, geyim markaları ilə də dünyaya səs salıb İtaliya. Yeri gəlmişkən, festivala qonaqların çoxusu məhz elə geyimlərə - moda nümayişinə baxmaq üçün gəlmişdi. Onların çoxusu oturmağa yer tapmadılar. Əlbəttə, insanlarımızın belə tədbirlərə maraq göstərməsi yaxşı haldı. Amma... Biz azərbaycanlılar olan yerdə bir amma mütləq olmadı, axı.

Deməli, bəziləri gördü yer yoxdu, zirək tərpənib media üçün ayrılan yerləri “özəlləşdirdilər”. Jurnalistlər də qaldı ayaqüstə. Səhnədə baş verənləri də görə bilmədilər. Deyirsən, bura media üçün ayrılıb, üstünə də yazılıb. Cavab verirlər ki, aaa, bəs biz harda oturaq?!

İnsafən, səfirliyin əməkdaşları o qədər gərgin iş rejiminin içində problemin aradan qaldırılmasına çox çalışdılar. Lakin...

Düzələn deyilik.

Təbii ki, bunlar tədbirin əhəmiyyətini azalda bilməz. Odur ki, qayıdaq festivalın özünə.

Mərasimin açılışını İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Cutillo etdi. Daha sonra söz alan İtaliya Səfirliyinin Əlaqələrinin İnkişafi üzrə Departament rəhbəri Luigi D’Aprea festival barədə məlumat verdi.

Sonra tədbir moda nümayişi, İtaliya şərablarının dequstasiyası və İtalyan musiqisinin sədaları ilə davam etdirildi.

Səfirlə ayaqüstü söhbətimiz isə moda nümayişindən daha əvvəl olmuşdu.

- Azərbaycanda bu cür tədbirlərin keçirilməsinin İtaliya üçün əhəmiyyətini nədə görürsünüz?

- Bizim səfirlik kiçik olsa da, çalışırıq, bu cür mədəni tədbirləri tez-tez təşkil edək. Bizim üstünlüyümüz ondadır ki, Azərbaycan xalqı tərəfindən İtaliyaya qarşı hörmət və sevgi var. Festivala gəlincə, bu, ikinci tədbirdi. Məqsədimiz İtaliya və Azərbaycan şirkətlərinin məhsullarını bir yerə toplamaqdır. Burada moda və şərab sərgisi, mətbəximiz nümayiş olunacaq.

- İlk festivaldan sonra iki ölkə arasında biznes əlaqələrində hansısa inkişaf müşahidə olunubmu?

- Əlbəttə. Ümumiyyətlə, Azərbaycanla İtaliya arasında biznes və mədəni əlaqələr çoxdan inkişaf edir. Belə tədbirlərin də məqsədi məhz buna yönəlib.

- Siz az öncə qeyd etdiniz ki, Azərbaycan xalqı tərəfindən İtaliyaya qarşı hörmət və sevgi var. Ümumiyyətlə, İtaliya həmişə bizim insanlar üçün cəlbedici ölkə sayılıb. Son illər ölkənizə gedən və ya getmək istəyən azərbaycanlıların sayı da artmaqdadı.

- Bəli, bizim turizm sahəsində də əlaqələrimiz inkişaf etməkdədi. Statistikaya əsasən, təkcə 2015-ci ildə Azərbaycandan İtaliyaya 10 min turist gedib. Xüsusi qeyd etmək istərdim ki, bu saya ora əsasən sıfr bizneslərinə görə gedənlər deyil, turist kimi səfər edənlər daxildir.

Səfirlə biznes, turizm və mədəni əlaqələrdən danışdıq. Amma İtaliya səfiri ilə söhbət edərkən futbola toxunmamaq mümkün deyil. Təkcə ona görə yox ki, bu gün İtaliya həm də milli və klub səviyəssində də yaxşı ad çıxarıb, Azərbaycanda bu ölkənin komandalarının yüzminlərlə pərəstişkarı var, həm də ona görə ki, son vaxtlar futbolda Azərbaycan – İtaliya qarşılaşmalarının sayı çoxalıb. 2016-cı il Avropa çempionatının seçmə mərhələsində millimizin İtaliya ilə matçları, klub komandalarımızdan əvvəl “Neftçi”, daha sonra “Qarabağ”ın ünlü Milan “İnter”i ilə qarşılaşmaları... Nəhayət, hal-hazırda “Qarabağ” İtaliyanın başqa bir klubu -  “Fiorentina” komandası ilə Avroliqada eyni qrupda yarışır. Florensiyalılarla Ağdam klubunun ilk oyunu bizim üçün üzücü olub. 1:5 hesabı ilə uduzmuşuq. Dekabrın 8-də isə bu komandalar Bakıda da görüşəcəklər. Futbolla bağlı sualım səfirin üzündə təbəssüm yaradır və o deyir:

“Futbol və idman bir bayram, insanların, xalqların bir yerdə olması üçün vasitədi. Təəssüf ki, vaxtımın azlığına görə “Fiorentina” ilə “Qarabağ”ın İtaliyadakı matçına gedə bilmədim. Amma əlbəttə ki, Bakıdakı oyunu mütləq stadiondan gedib izləyəcəyəm və təbii, “Fiorentina”ya azarkeşlik edəcəyəm. Amma futbolda belə bir deyim var ki, ən güclü qalib gələcək”.

“Qarabağ”a uğurlar!

Aydın BAĞIROV,

"525-ci qəzet"


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR