Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli
Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası Şamaxı
rayonundakı mövcud sürüşmə sahələrində monitorinqlərə
başlayıb.
ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama
ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, rayonun
Dədəgünəş, Mədrəsə, Qızmeydan və Muğanlı kəndindəki sürüşmə
sahələrinə baxış keçirilib.
Sürüşmə sahələrindəki vəziyyətlə bağlı arayışlar hazırlanıb
aidiyyəti qurumlara təqdim olunacaq.
Ekspedisiya rəisi qeyd edib ki, Mədrəsə kəndində təhlükəli vəziyyət
yaranıb: “Mədrəsə kəndində vəziyyət ürəkaçan deyil. Kəndin
şimal-şərq hissəsində 20-yə yaxın ev qəzalı vəziyyətdədir. Evlər
hər an sürüşməyə məruz qala bilər. Kənddə insanlara paylanmış pay
torpaqlarında da çox saylı batmalar baş verib, sürüşmələr davam
edir. Ərazidə tektonik çatlarda səth suları çıxır. Həm də kənd
ərazisindəki yol çöküb”.