Ziya Məmmədovun qardaşı Anar Məmmədovun Donald Trampla əlaqələrindən danışdı – MÜSAHİBƏ

Ziya Məmmədovun qardaşı Anar Məmmədovun Donald Trampla əlaqələrindən danışdı – MÜSAHİBƏ
19:03 4 Noyabr 2016
246 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin sabiq deputatı, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Publika.az-a müsahibəsi:

- Elton müəllim, hazırda nə işlə məşğul olursuz?

- Hazırda elmi fəaliyyətlə, elmi layihələrlə məşğulam. Dövlətimizə yenə də xidmətimi davam etdirirəm. Çünki bizim apardığımız elmi tədqiqatlar və yeniliklər dövlətin dayanıqlı iqtisadiyyatına, inkişafına xidmət edir. Bununla da biz dünya elminə inteqrasiya edərək, Azərbaycanın və alimlərinin adını ucaldırıq. Bu da dövlətə bir xidmətdir.

- Bu yaxınlarda verdiyiniz müsahibədə Beynəlxalq Avtovağzal Kompleksinin nəzdində fəaliyyət göstərən ticarət mərkəzinin işini dayandırmasından bəhs etmişdiniz. Ancaq bu müsahibəniz mətbuatda birmənalı qarşılanmadı, bəzi mətbu orqanlarda qeyd edildi ki, siz həmin müsahibənizlə özünüzü müdafiə etmək istəmisiniz və s. Bütün bunlara münasibətiniz necədir?

- Məgər hər bir insan özünü müdafiə edə bilməz? Hər bir insanın müdafiəsi ilk növbədə Allahdandır. Sonra isə hər bir insan özünü qorumalıdır və Allah verən ömrü sağ-salamat yaşamalıdır.

Digər tərəfdən isə əgər ölkədə hər hansı narazılıq və ya təzyiq varsa, hər bir vətəndaşın Konstitusion hüquqlarını ölkə rəhbəri qoruyur. Ona görə də bizim hər hansı narazılığımız yoxdur. Kimsə də bizi sıxışdırmır. İndi bəzi adamlar bizə qarşı qarayaxma kampaniyası aparırlar, cəfəng yazılar yazırlar.

- Son vaxtlar bir sıra mətbu orqanlarda qardaşınız olan nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərinin əlindən alınması, azaldılması və “vurulması” kimi fikirlər səsləndirilir. Bütün bunlara münasibətiniz necədir?

- Mən bu barədə dəfələrlə fikir bildirmişəm və bu gün də eyni fikirdəyəm. Ziya Məmmədov bu gün ölkə Prezidentinə sədaqətlə xidmət edən müvafiq icra hakimiyyətinin başçılarından biridir. Yəni, nəqliyyat naziridir. İndiyədək Ziya müəllimin gördüyü işlər, ölkə rəhbərinin ona göstərdiyi etimad 20 ildən çoxdur ki, göz qabağındadır. Ziya Məmmədov da öz mövqeyini, dövlətə və ölkə rəhbərinə sədaqətini daim nümayiş etdirib və bu gündə belədir. Əgər Ziya Məmmədovun dövlət başçısına sədaqəti kimlərə sərf etmirsə və özünə sərf edən formada onu təqdim edirsə, eybi yox, qoyun etsin. Ola bilsin ki, bu da həmin adamların haqqıdır.

İnsanlarda düşüncə tərzi və yanaşma fərqli olmalıdır. Ona görə də mən bu cür deyilən fikirlərə qeyri-ciddi baxıram.

- Ötən həftə gənc bloqqer Mehman Hüseynov nəqliyyat naziri Ziya Məmmədovun villası olduğunu iddia edərək, onun videosunu sosial şəbəkələrdə yaymışdı. Həmin villa doğrudanmı Ziya Məmmədova məxsusdur?

- Hələ mən deputat olanda Milli Məclisdə İsveçrə Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri, sonra isə müavini olmuşam. Yaxşı yadıma gəlir, mən deputat olanda İsveçrə nümayəndə heyəti ilə görüşmüşdük. Milli Məclisin sədr müavini Bahar Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində də İsveçrədə səfərdə olanda bu adamın qardaşı olan və hazırda İsveçrədə olan Emin Hüseynovun məsələsi gündəmə gətirilmişdi. Bilirsiz, əgər istənilən bir insan öz mövqeyində haqlıdırsa, o hansısa ölkəyə qaçıb gizlənməli deyil. Kim ki öz çirkin niyyətini həyata keçirmək istəyirsə, təbii ki, bu adam himayə olunduğu qüvvələrin istəklərini icra edir, gizlənir. İndi Emin Hüseynov da bu cür yollarla qaçıb gizlənib, sonra da mənbəyi məlum olmayan vəsaitlər hesabına özünə sayt açır və həmin saytlarda, sosial səhifələrdə yalan informasiyalar yayırlar. Onun qardaşı da bu gün Azərbaycanda təxribat yaratmaq niyyəti güdən fəaliyyətlə məşğuldur. Gedir evləri çəkir, sonra da saytlara yerləşdirir. Əslində, bütün informasiyaların dəqiq olması və ictimaiyyətdə çaşqınlıq yaratmaması üçün məlumatlar yayılmamışdan öncə sübutlarla yoxlanılmalıdır. İndi Mehman Hüseynov da gedib haradasa bir villanı çəkib, iddia edir ki, guya bu ev Ziya Məmmədovundur. Bu gün Azərbaycanda milyonlarla villanın videosunu çəkərək internetə yerləşdirib sonra da onun filankəsə aid olduğunu iddia etmək olar. Ancaq bu o demək deyil ki, o villa həqiqətən filankəsindir.

Mən o görüntülərə baxmışam. Orada iddia olunanların hər biri tamamilə yalandır. Məqsəd insanlar arasında çaşqınlıq yaratmaqdır. Yenə də deyirəm ki, bu gün digər vətəndaşlar kimi Ziya Məmmədovun da mülkiyyət və mənzil almaq hüquqları var.

- Ötən həftə Bakıya yağan güclü yağışdan sonra yollar bir daha gündəmə gəlib. Yollar gündəmə gələndə isə Ziya Məmmədov da gündəmə gəlir...

- Bu günləri istənilən bir insan haqqında məqsədli qarayaxma kampaniyası aparılırsa, o zaman bəllidir ki, o nəyə görə hədəf seçilir. Yağış Allahın təbii fəlakətidir. Buna görə kimsə niyə ittiham olunmalıdır? Mən Hindistanda canlı şahidi olmuşam. Bu ölkədə yay vaxtı musson yağışları başlayanda insanlar dizə qədər suda gəzirlər. İndi Azərbaycanda da yağış müəyyən infrastrukturlarda nə isə yaradıb. Ola bilər ki, 10 il əvvəl ölkədə görülən böyük abadlıq, quruculuq işlərində müəyyən məsələlər nəzərə alınmayıb, müəyyən infrastruktur layihələri insanların sıx olduğu ərazilərdə sakinlərin evlərinin sökülməməsi üçün yaxşı icra oluna bilməyib və sairə. Ancaq buna da həmin infrastruktur layihələrini icra edən orqanlar baxır. Ziya Məmmədov yolçəkən deyil. Nazir Ziya Məmmədov Azərbaycanda nəqliyyat siyasətinin başında dayanan şəxsdir. O, ölkə rəhbərinin nəqliyyat sahəsində müəyyənləşdirdiyi strategiyanı həyata keçirir. Yol çəkən tenderlərdə qalib gələn şirkətlərdir. Ona görə də yollarla bağlı müəyyən iradlar həmin şirkətlərə bildirilməlidir. Hamı elə bilir ki, Ziya Məmmədov, Hacıbala Abutalıbov yol çəkəndir. Nə Bakı şəhərinin meri olaraq Hacıbala Abutalıbov, nə də nəqliyyat naziri kimi Ziya Məmmədov yol çəkən deyil. Bu adamlar həmin sahənin siyasətini və konsepsiyasını inkişaf etdirən siyasətin başında dayanan dövlət məmurlarıdır.

Hər bir layihənin öncədən planlaşması aparılır, çəkiləcək yolların əraziləri müəyyən edilir, daha sonra həmin layihəyə uyğun olaraq maliyyələşdirilən qurum və ya bank tərəfindən vəsait ayrılır, tender elan edilir və tenderdə qalib gələn təşkilatda gəlib həmin yolu çəkir. Sadəcə olaraq, bu sahənin icrasını həyata keçirən qurum rəhbərləri də həmin sənədləri təsdiq edirlər və ölkə rəhbərliyinin siyasətinə uyğun olaraq dəstək verirlər. Burada dərhal kimisə günahlandırmaq doğru deyil. Bir sözlə, bəzi insanlar cəmiyyətə bəsit yanaşmasınlar. İnsanlar düzgün qiymətləndirməyə malikdir, hər şeyi yaxşı bilir və görür. Belə yanlış məlumatlarla cəmiyyətdə kimisə qıcıqlandırmaq lazım deyil.

- Bilirsiz ki, noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Seçkilərdə əsas namizədlərdən biri qardaşınız oğlu Anar Məmmədovla dostluq münasibətlərinin olduğu iddia edilən Donald Trampdır. Trampın prezident seçilmək şanslarını necə qiymətləndirirsiz?

- Birincisi, Anar Məmmədovun ABŞ-da Donald Trampa heç bir iş birliyi yoxdur. Sadəcə olaraq, Anar Məmmədov fəal gənclərdən biri olaraq Leyla xanım Əliyevanın apardığı “Xocalıya ədalət” kampaniyasında, Azərbaycan həqiqətlərinin ABŞ-da təbliğ olunmasında, Amerika-Azərbaycan münasibətlərinin qurulmasında və digər bu kimi dövlətin maraqlarına uyğun tədbirlərdə iştirak edir. Düşünürəm ki, Anar Məmmədovun bu cür fəaliyyəti Azərbaycanda dövlət gənclər siyasətinin bir uğurudur. Mən bunu çox yüksək qiymətləndirirəm. Amma Anar Məmmədovun ABŞ-da kimlərləsə biznes əlaqələri qurması kimi fikirlər doğru deyil. Ancaq azərbaycanlı gəncinin ABŞ-ın mötəbər və zəngin insanları ilə dostluq etməsi isə hesab edirəm ki, Azərbaycanda yalnız sevinclə qarşılanmalıdır. Çünki bizim gənclərimiz müasirdir, xarici dillərə yiyələnirlər, dünyanın tanınmış şəxsləri ilə əlaqələr qura bilirlər və sairə.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR